Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5629/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı cavabdehin qızıdır. İddiaçının valideynləri ayrı yaşayırlar və onların nikahı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2656/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, iddiaçının və xx.xx.2001-ci il təvəllüdlü X2 anası Pərvanə İsmayılovanın himayəsində qalması və onların saxlanılması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin cavabdehdən tutularaq Pərvanə İsmayılovaya ödənilməsi qət edilmişdir. Sonuncu dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5507/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq birgə nikahdan doğulmuş övladlarının saxlanılması üçün cavabdehin qazancının 1/6 hissəsi məbləğində alimentin tutulması qət edilmişdir.
2. İddiaçı Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində tərcümə (ingilis dili) ixtiası üzrə təhsil alır. İllik təhsil haqqı 1700 manatdır.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı universiteti əyani bakalavr pilləsini bitirənə kimi hər ay 220 manat əlavə xərci cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə universiteti əyani bakalavr pilləsini bitirənə kimi hər ay 220 manat əlavə xərcin tutulması, həmçinin təhsil haqqı kimi 850 manat pul vəsaitinin (illik təhsil haqqımın yarı hissəsini) ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, son 3 il ərzində ödənilmiş təhsil haqqının yarı hissəsi olan 2550 manatın, son 2 il ərzində ödənilməmiş ümumilikdə 5000 manat alimentin və bundan sonra təhsilini bitirənədək hər ay 220 manat pulun, həmçinin təhsil haqqı olaraq 850 manat pulun, onun tərəfindən ödənilmiş 51 manat mediasiya rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə anası birgə nikaha daxil olmuş, birgə yaşadıqdan sonra 2012-ci ildə ayrılmışdılar. Birgə nikah müddətində xx.xx.2001-ci il təvəllüdlü qardaşı X3 və o X4 dünyaya gəlmişlər. Hazırki dövr üçün ölkədə ardıcıl devolvasiya nəticəsində bütün xidmət sektorlarında qiymət qalxmış və işsiz bir əyani şöbədə tələbə kimi oxumaq və xərclərini qarşılamaq çox çətindir. Dəfələrlə cavabdehə bunu bildirsə də, buna məhəl qoymamış və qanunvericiliyin prinsiplərinə əsasən, mediasıya təşkilatına müraciət etmiş və həmin təşkilat tərəfindən iclas təyin edilmiş və cavabdeh ona məlum olmayan səbəblərdən iştirak etməmişdir. Hazırda yeganə yolu hazırda ölkədə minimum yaşayış həddi olan 250 manat vəsaitin əyani pilləni bitirənə kimi cavabdehdən onun xeyrinə tutulmasın xahiş elməkdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
11. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
13. Maddə 81.1 Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
14. Maddə 81.2 Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
15. Maddə 81.3 Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
23. İddiaçı cavabdehdən əlavə xərc qismində həm son 3 il ərzində ödənilmiş, həm də son iki il ərzində ödənilməmiş və təhsilini bitirənədək ödəməli olduğu illik ali təhsil xərcini tələb edir. İddiaçı isə artıq yetkinlik yaşına çatmışdır. Bu baxımdan, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir.
24. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi, valideynlərin yetkinlik yaşına catmayan övladını saxlamaq üçün onun aliment öhdəliyi hər hansı bir şərtlə bağlı edilmədiyi halda, valideynlərin uşaqlarına görə əlavə xərclərdə iştirak etməsi müəyyən şərtlərlə məhdudlaşdırılmışdır. Bu şərtlərin dairəsi qanunla qismən müəyyən edilmişdir. Valideynlərin əlavə xərclərə cəlb olunması isə 2 yolla – tərəflər arasında saziş əsasında və ya məhkəmə qaydasında mümkündür. Məhkəmə qaydasında əlavə xərclərə cəlb olunma isə tərəflərin bu barədə razılığa gələ bilməməsi (saziş olmadıqda), yaxud bağlanmış sazişdə müstəsna hallarla bağlı xərclərin ödənilməsi qaydası müəyyən edilmədikdə tətbiq edilir (§13,14,15).
25. Qanun müəyyən edir ki, valideynlərin əlavə xərclərə cəlb edilərək ondan pul tutulması, aliment ödəliyindən fərqli olaraq hər bir halda deyil, yalnız müəyyən əsaslar mövcud olduğu halda (yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq ağır xəstə, şikəst olan uşaqlara, habelə yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi) və digər hallarda mümkündür (§13).
26. Məcəllənin 81.1-ci maddəsində qeyd edilmiş “digər hallarda” ifadəsi ilə əhatə oluna bilən bir sıra xərclərin, eləcə də, təhsil xərclərinin müstəsna hallara olub-olmaması qeyri-müəyyən olduğundan bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərar qəbul etmiş və həmin Qərarda qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
27. Şərh edilənlərdən də göründüyü kimi, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə valideyn yetkinlik yaşına çatmış övladı üçün o halda əlavə xərclərə cəlb oluna bilər ki, birincisi, uşağın əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun, ikincisi bu xərclər həmin şəxsə göstərilən tibbi xidmət və ya müalicə ilə bu və ya digər şəkildə bağlı olsun. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxsin əmək qabiliyyətli olmaması və onun maddi yardıma ehtiyacının olması ayrı-ayrılıqda deyil, birlikdə götürülməlidir. Yəni, əgər yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan övlad əmək qabiliyyətlidirsə, yaxud əksinə olduğu halda da valideyn 81.1-ci maddə ilə müəyyən edilmiş əlavə xərclərə cəlb edilməyəcəkdir.
28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmış iddiaçı əmək qabiliyyətli olduğundan, eləcə də onun digər bir tələbi aldığı ali təhsil xərci ilə bağlı olduğundan, bu xərclərin isə cavabdehdən tutulması əsasları qanunla nəzərdə tutulmadığından iddia təmin oluna bilməz.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı