Məhkəmə qərarları › İş №2(011)-5654/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5654/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5654/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dolanışığı, maddi vəziyyəti ağır olduğundan, həyat yoldaşını itirərək, çətinliklərə məruz qaldığından, oğlu Cavabdeh hər ay onun saxlanılmağı üçün cavabdehin qazancının (başqa gəlirlərin) yarısı məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğludur. Oğlu ilə aralarında heç bir münaqişə, problem yoxdur. İddiaçı sadəcə yaşlıdır, işləyə bilmir, əmək qabiliyyəti artıq yaşla əlaqədar məhduddur. Hal-hazırda 66 yaşındadır. Səhhətində bir çox problemlər var. Daima həkim müayinəsində olur, dava dərman müalicəsi alır. Yaşlılığı ilə, eyni zamanda həyat yoldaşının vəfat etməsi ilə əlaqədar, tək qadın olaraq böyük həcmdə xərclərə, maddi məsrəflər sərf eləməyə məruz qalır. Ancaq övladı Cavabdeh işləyib, qazanc əldə etsə də, bir övlad kimi onun xərclərinə, məsrəflərinə heç bir kömək etmir. Halbuki Azərbaycan Respublikası qanunvericiliyində ana kimi övladın valideynə kömək etmək, saxlamaq vəzifəsi vardır. Ancaq cavabdeh bunlara riayət etməyərək yardım etməməkdədir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili iddia tələbini qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirdi. O, verdiyi izahatda qeyd etdi ki, mediasiya prosesində müdafiə etdiyi şəxs qarşı tərəfə müəyyən məbləğ ödəməyə razı olduğunu bildirmişdir, çünki həmin məbləğ iddiaçının tələb etdiyi məbləğə yaxındır, lakin tərəflər arasında razılıq əldə etmək mümkün olmamışdır. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh iddiaçının övladıdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı 379.78 manat təqaüd alır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(011)-3549/2022 saylı qətnaməsi ilə X3 və X1 üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 82.1-ci maddəsinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə görə, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Ailə Məcəlləsinin müddəalarından irəli gələrək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normasına əsaslanaraq belə hesab edir ki, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynin saxlanılması əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların borcudur. Lakin bunun əsas şərti olaraq qanunvericilik valideynin maddi yardıma ehtiyacı olmasını və əmək qabiliyyətinin olmamasını göstərmişdir. Bu halda aliment tələbi ilə müraciət edən iddiaçı tərəf özünün maddi yardıma ehtiyacının olması ilə bağlı mötəbər sübut təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı məhkəmə baxış iclasında iddiasının əsasını təşkil edən halı sübuta yetirə bilməmiş, məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Sübuta yetməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarını araşdıraraq məhkəmə belə hesab edir ki, İddiaçı hər ay 379.78 manat təqaüd alması iş materialları ilə sübut olunmuşdur. Beləliklə, yuxarıda istinad olunan halların toplusu iddiaçının maddi yardıma ehtiyacı olması halını istisna edir. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsinə münasibətdə qeyd edir ki, araşdırma zamanı cavabdehin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(011)-3549/2022 saylı qətnaməsi üzrə aliment öhdəliyinin olması aşkar edilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsi Xətai Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(011)-3549/2022 saylı qətnaməsi üzrə xeyrinə aliment tutulan şəxsin hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı olan anasına maddi yardım etmək niyyətindədirsə, bunun üçün qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına ehtiyac yoxdur. O, məhkəmədən kənar da övladlıq borcunu yerinə yetirə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərin) yarısı məbləğində alimentin tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar