Məhkəmə qərarları › İş №2(011)-5669/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5669/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5669/2025 21.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı girov müqaviləsi əsasında iddiaçı ilə Gold Cars 777 arasında xx.xx.2023-cü il tarixdə adına keçirtdiyi Ford Torneo markalı, **-XE-*** dövlət qeydiyat nişanlı avtomaşının adına qaytarılmasına və cavabdehlər tərəfindən ona süründüməçiliyə saldıqları üçün 14.160 manat pulun alınaraq ona ödənilməsi tələbi barədə iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək mülki iş üzrə Cavabdeh adında olan avtomobilə görə ödədiyi 14.160 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, onunla cavabdeh - Gold Cars 777 arasında xx.xx.2023-cü il tarixdə mülkiyyətində olan Ford Torneo markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyaraq Cavabdeh adına keçirmiş və girov əsasında Gold Cars 777 şirkətindən 7000 manat iki il müddətinə hər ay 590 manat qaytarmaq şərtilə pul almışdır. Hər ay Bankomata ödəmək şərtilə 590 manat pulu iki il vaxtında ödəmişdir. Gold Cars 777 şirkətininin əməkdaşı Cavabdeh Ford Torneo markalı, **-XE-*** dövlət qeydiyat nişanlı avtomaşının girov əsasında qoyduğu 7000 manat pulun əvəzində 14.160 manat iki ilə hər ay 590 manat olmaqla ümumilikdə 14.160 manat ödəmişdir. Girov müqaviləsinin müddəti tamam olduqda, yəni 24 fevral 2025-ci il tarixdə, o, Gold Cars 777 girovun müqabilində götürdüyü 7000 manata görə 14160 manat pulu ödəmiş, ödəniş başa çatdığı üçün Ford Torneo markalı, **-XE-*** dövlət qeydiyat nişanlı avtomaşınını özünə qaytarılmasını tələb etmişdir. Bunun üçün ondan 350 manat pul tələb etmişlər. O, həmin məbləği 06 mart 2025-ci ildə ödəniş etmiş və ona baş etibarnamə vermişlər. O, həmin 350 manatı ödədiyi haqqında cavabdehdən hansı əsasla ondan aldığına dair izahını istəmişdir. Sonuncu isə buna izah verməmişdir. O, həmin baş etibarnaməni həyat yoldaşının adına keçirmişdir ki, həmin avtomobili öz adına qaytarsın bunun üçün Respublika X3 idarəsinə müraciət etmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, cavabdelərə girov əsasında verdiyi Ford Torneo markalı, **-XE-*** dövlət qeydiyat nişanlı avtomobilin Ayaqaltı (banı) çürümə olduğu üçün ban nömrələrinin yarısı oxunmadığına görə işi istintaq şöbəsinə göndərmişlər. İstintaqdan isə ona bildirmişdirlər ki, adına keçirmək istədiyi, baxış keçirilməli Ford Torneo markalı, **-XE-*** dövlət qeydiyat nişanlı avtomobilin məhkəmə qaydasında ekspertizası təyin olunmalı və bundan sonra alqı-satqı aparıla bilər. Ford Torneo markalı, **-XE-*** dövlət qeydiyat nişanlı avtomobili girov əsasında başqasının adında olduğu üçün məhkəməyə müraciət edə bilməmişdir. Hazırda isə avtomobilini özünə qaytarmaqdan imtina edirlər. Səbəb kimi isə ondan əlavə pul tələb edirlər. Onun öz avtomaşınını girov müqaviləsində götürdüyü 7000 manatın əvəzində 14160 manat ödəməyinə baxmayaraq cavabdehlər yenədə ondan 2000 pul tələb edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmir və gəlməmə səbəbi barədə məlumat vermir. Göstərilənlərə əsasən onun iddiası üzrə mülki işə Cavabdeh iştirakı olmadan iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-13/2-174898/2025 saylı məktubuna əlavə edilmiş çıxarışa əsasən “X2” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Avtomobil xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üçün İddiaçı “Nəqliyyat vasitəsindən istifadə hüququ”na dair etibarnamələr vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, sonuncu müxtəlif zamanlarda üçüncü şəxslərə ödənişlər etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-diskdə iddiaçı ilə üçüncü şəxs arasında baş tutmuş danışıq öz əksini tapmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmə araşdıması zaman bildirmişdir ki, tərəflər arasında faktiki olaraq borc münasibətləri olmuş və əldə olunmuş razılaşmaya əsasən cavabdeh iddiaçıya 7000 manat məbləğində borc pul vəsaiti vermiş, iddiaçı isə həmin pul vəsaitinin qaytarılmasının təminatı kimi müvəqqəti olmaq şərtilə “X2” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdehin adına keçirmişdir. Hazırda iddiaçı cavabdehə borcunu tam şəkildə ödədiyini, sonuncu “X2” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ona qaytarmadığını iddia edərək, onun tərəfindən ödənilmiş 14.160 manat pul vəsaitinin geri ödənilməsini xahiş etmişdir. Hazırkı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair müvafiq normaları təşkil edir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən şərtlərin cavabdehə münasibətdə mövcud olduğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəflər arasında borc münasibətlərinin olduğunu və tərəflər arasında əldə olunmuş razılıq əsasında cavabdehə ödənişlər etdiyini bildirsə də, bunları təstiq edəcək yetərli sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərə və səs yazısına münasibətdə qeyd edir ki, təqdim edilmiş qəbzlərdən və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, iddiaçı müxtəlif vaxtlarda üçüncü şəxslərə məxsus hesablara ödənişlər etmişdir. Lakin məhkəməyə həmin ödənişlərin təyinatı ilə bağlı, habelə hesabların kimə məxsus olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda təqdim olunmuş səs yazısında da müəyyən edilir ki, iddiaçı üçüncü şəxs ilə danışıq aparmışdır. Həmin şəxsin kim olması və hazırki iş üzrə tərəflər ilə nə kimi əlaqəsi olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh adında olan avtomobilə görə ödədiyi 14.160 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar