Məhkəmə qərarları › İş №2(011)-5749/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5749/2025

03.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5749/2025 03.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 193 manat aliment məbləği azaldılması, aliment məbləğinin əmək haqqının 25%-i həcmində müəyyən edilməsi və ya sabit şəkildə 100 manat təyin edilməsi, yeni ailəsinin və uşaqlarının mövcudluğunu və artan sosial yükünü nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Xətai Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2(011)-4060/2022 saylı qətnaməsi ilə Cavabdeh qarşı sabiq nikahdan olan övladı xx.xx.2019-cu il təvəllüdlü qızı X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment ödəmişdir və bu öhdəlik davam edir. Bu məbləğ müəyyən olunarkən onun aylıq rəsmi əmək haqqım 350 manat olmuşdur. Hal- hazırda əmək haqqı cəmi 400 manatdır, lakin ailə vəziyyəti tamamilə dəyişmişdir – o, ikinci dəfə nikaha daxil olmuş və iki azyaşlı övladı var. Beləliklə, o, artıq üç azyaşlı uşağın saxlanması ilə bağlı öhdəlik daşıyır. Faktiki olaraq, əvvəlki miqdarda müəyyən edilmiş alimenti ödədikdə, hazırkı ailəmin və uşaqlarının minimum ehtiyaclarını qarşılayacaq qədər vəsait qalmır. Bu isə həm ailə büdcəsinə, həm də digər övladlarının hüquqlarına mənfi təsir göstərir, aliment öhdəliyindən yayınmaq fikri yoxdur, sadəcə mövcud ailə və maliyyə vəziyyətinin nəzərə alınması ilə ədalətli yanaşma gözləyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4060/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 iyul 2019-cu il tarixdə 1815 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, 07 sentyabr 2019-cu il təvəllüdlü X4 nikah pozulduqdan sonra anası-Cavabdeh yanında saxlanılmaqla onun himayəsinə verilmiş, 07 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 iyul 2022-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7438/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Xətai Rayon Məhkəməsinin 2(011)-4060/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/11/2025-00429 saylı, xx.xx.2025-ci il tarixli “X3 (İMS) İştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh İMS-də iştirak etməmiş, İddiaçı isə mediasiya sessiyasında iştirak etmişdir. Mübahisənin predmeti alimentin azaldılması tələbi olmuşdur. İddiaçı tərəfindən ilkin mediasiyanın keçirilməsi üçün 60 AZN məbləğində (50 AZN İMS, 10 AZN kargüzarlıq xərci) mediasiya xərci ödənilmişdir. İş materiallarında olan şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı X7 ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşaqları vardır. EMİS-dən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi vəzifəsinə işləyir və əmək haqqı 400 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 07 sentyabr 2019-cu il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4060/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 iyul 2022-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, İddiaçı yeni nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı iki uşağı vardır, o, işləyir və əmək haqqı 400 manat təşkil edir. Bununla belə, alimentin alimentin azaldılması üçün əsaslar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, hazırıkı iddia tələbinə münasibətdə, həmçinin əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduğu dövrdə (193 manat) və hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini (246 manat), bu müddət ərzində aliment məbləğinin artırılmamasını, saxlanması üçün aliment tutulan uşağın yaşını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olması kimi halları əsas götürür. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “alimentin azaldılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə qeyd edir ki, alimentin azaldılması barədə iddia tələbi üzrə azaldılması istənilən məbləğin – 93 (193-100) manatın bir illik məcmusu (1116 manat) nəzərə alınmaqla, İddiaçı 31,16 manat tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci bəndinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 193 manat aliment məbləği azaldılması, aliment məbləğinin əmək haqqının 25%-i həcmində müəyyən edilməsi və ya sabit şəkildə 100 manat təyin edilməsi” barədə iddia tələbi təmin edilməsin. 31 (otuz bir) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti İddiaçı alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar