Məhkəmə qərarları › İş №2(011)-5790/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5790/2022

16.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5790/2022 16.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildə oğlu Cavabdeh ilə Bakı şəhəri 2 saylı “Asan xidmət” mərkəzində bağladıqları bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, xx.xx.2013-cü ildə oğlu ilə Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində bağışlama müqaviləsi bağlamışdırlar, həmin müqaviləyə əsasən, özünə məxsus ünvan 4 saylı evin 60,08 kv.m yaşayış sahəsi olan 5 otaqlı 19 saylı mənzilinin 9,4 kv.m, 12.7 kv.m və 11,9 kv.m sahəsi olan cəmi 3 otağını oğluna bağışlamışdır, belə ki, oğlu ondan payını verməsini tələb etmiş, buna görə də onunla müqavilə bağlamışdırlar, həmin müqavilənin şərtlərinə əsasən oğlu, onun tərəfindən hədiyyə edilən əmlakı yalnız onun ölümündən 1 il sonra özgəninkiləşdirə, sata bilər, belə ki, oğlu ölümündən sonra ehsan verəcək, yalnız bundan sonra evi özgəninkiləşdirə bilər, hazırda həyatdadır, ölməmişdir, amma həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışda həm oğlunun, həm öz adı qeyd olunmuşdur, mənzili öz adına keçirmişdir, hazırda həmin mənzili satmaq və başqa yerə köçmək istəyir, istəyir, lakin bağışlama müqaviləsi olduğu üçün kimsə evi almaq istəmir, buna görə həmin müqavilənin ləğv edilməsini istəyir, mənzil qəbirstanlığın yanında yerləşir, cavabdeh orada yaşamır, məqsədi bağışlama müqaviləsinin ləğv edilməsi və onun tək mülkiyyətçi olaraq həmin mənzili sata bilməsidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, atası ona məxsus mənzilin 3 otağını bağışlama müqaviləsi əsasında ona bağışlamışdır, müqavilə şərtində göstərilir ki, atası öldükdən 1 il sonra evi özgəninkiləşdirə bilər, evi kimsəyə satmamış, özgəninkiləşdirməmişdir, sadəcə ev üzərində atası ilə yanaşı öz hüquqları da qeydiyyata alınmışdır, hazırda müqavilənin ləğv olunmasına etiraz edir, razı deyildir, evi satmaq istəmir. Sonda Cavabdeh qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisi və 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış məktublara əlavə edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət Reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli “Arayış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.1995-ci il tarixdə İddiaçı adına tam payla qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri 1723-cü keçid, 7 nömrəli yaşayış evi 19-cu mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir, bu barədə xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinin mənzilkommunal təsərrüfatı birliyi tərəfindən verilmiş 6 ay müddətində etibarlı olan xx.xx.2013-cü il tarixli Arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin sahibi İddiaçıdur. Mənzildə daimi qeydiyyatda olan şəxslər İddiaçı, Cavabdeh, X1r. Həmin məktuba əlavə edilmiş İddiaçı və Cavabdeh arasında bağlanmış 30 avqust 2013-cü il tarixli “Bağışlama müqaviləsi”nin surətindən görünür ki, hədiyyə verən İddiaçı Bakı şəhəri, ünvan 4 saylı evin 60,08 kv.m yaşayış sahəsi olan 5 otaqlı 19 saylı mənzilinin 9,4 kv.m, 12.7 kv.m və 11,9 kv.m sahəsi olan cəmi 3 otağını Cavabdeh mülkiyyətinə verir. Müqavilənin 2-ci bəndinə əsasən, hədiyyə verən həmin əmlakı o şərtlə bağışlayır ki, hədiyyə verilən daşınmaz əmlak hədiyyə verən tərəfin - İddiaçı ölümündən bir sonra özgəninkiləşdirilə bilər. Hədiyyə alan özü növbəsində öhdəsinə götürmüşdür ki, həmin bağışlanan əmlakı İddiaçı ölümündən 1 il sonra özgəninkiləşdirəcəkdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi ev 7, mənzil 19-un hüquq sahibləri 3 otaq hissədə Cavabdeh, 2 otaq hissədə İddiaçıdur. Mənzil 3 otaq hissədə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 30 avqust 2013-cü il tarixdə bağışlama müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, iddaçı İddiaçı, ona məxsus ünvan 4 ünvanında yerləşən 5 otaqlı 19 saylı mənzilin 3 otağını “bağışlanan əmlakın yalnız hədiyyə verən İddiaçı ölümündən bir il sonra özgəninkiləşdirilə bilməsi” şərtilə oğlu Cavabdeh bağışlamışdır, bağışlanan əmlak Cavabdeh tərəfindən hədiyyə olaraq qəbul edilmiş, onun mənzilə 3 otaq (y/s-34 kv.m) hissədə payı xx.xx.2013-cü il tarixdə dövlət reyestrində qeydə alınmışdır, əmlak hazırda 2 otaq hissədə iddiaçıya, 3 otaq hissədə cavabadehin adına qeydiyyata alınıb, hazırki iddia tələbi həmin bağışlama müqaviləsinin ləğv edilməsidir, iddiaçının məqsədi mənzili satmaqdır, cavabdeh iddia tələbini qəbul etmir. Bununla belə, cavabdehin müqavilə şərtlərini pozmasına, habelə bağışlama müqaviləsinin ləğvinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının “cavabdehin müqavilə şərtini pozaraq mənzili öz adına özgəninkiləşdirməsi” barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, əvvəla, notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin və s. dövlət qeydiyyatı üçün əsas hesab olunur, ikincisi, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır ki, qeyd edilənlər də, hazırkı tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulan əmlakın həmin hissədə mülkiyyət hüququ üzrə cavabdehin adına dövlət qeydiyyatına alınması üçün əsasdır, digər tərəfdən, müqavilə üzrə cavabdehin həmin əmlaka mülkiyyət hüququnu istisna edən, habelə mülki iş materialları ilə əmlakın cavabdeh tərəfindən özgəninkiləşdirilməsi, yəni üçüncü şəxsin mülkiyyətinə verilməsinə dair hallar müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassızdır və ona görə də məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-cü maddəsinə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən, bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 674.1-ci maddəsinə əsaəsn, bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda (674.1.1); hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda (674.1.2) bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “xx.xx.2013-cü ildə oğlu Cavabdeh ilə Bakı şəhəri 2 saylı “Asan xidmət” mərkəzində bağladıqları bağışlama müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-di maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “xx.xx.2013-cü ildə oğlu Cavabdeh ilə Bakı şəhəri 2 saylı “Asan xidmət” mərkəzində bağladıqları bağışlama müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar