“ Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5881/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli iş № 2(011)595/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Göyçay rayon İnçə kənd İ.N tərəfindən 24 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 anası Cavabdeh himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, İddiaçı hər ay onun əmək haqqı və gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. 3 saylı Bakı DOST mərkəzinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının əmək müqaviləsi aşkar edilməmişdir. İddiaçı belə hesab edir ki, onun əmək haqqının almadığını, başqa qazancı və gəliri olmadığını məhkəmə nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddəsinə əsasən ondan sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də ondan tutulmalı olan alimentin miqdarı azaldılmalı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay 220 manat məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay onun əmək haqqı və gəlirlərinin ¼ hissəsi miqdarda aliment tutularaq Cavabdeh ödənilməsi məbləğində alimentin azaldılması, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi X5 hər biri ayrı-ayrılıqda iddia ərizəsində göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. X5 izahatında bildirmişdir ki, oğlu Seyran hemorroy xəstəliyindən əziyyət çəkdiyi üçün işləyə bilmir, bununla bağlı əməliyyat olunmuşdur. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı qəsdən öz xahişi ilə əmək müqaviləsini ləğv elətdirmişdir ki, alimenti ödəməsin. Belə ki, iddiaçı alimenti ödəmir, amma alimenti ödəmək iqtidarındadır. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. “ Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-595/2023 saylı 03 may 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Göyçay rayon İnçə kənd İ.N tərəfindən 24 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X3 anası Cavabdeh himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, İddiaçı hər ay onun əmək haqqı və gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasından müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də sürücü vəzifəsində işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə işdən azad olunmuş, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-də sürücü vəzifəsində işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə işdən azad olumuşdur. İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli 3-17-7/2-v-20087/2023 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan X1 tərəfindən verilən epikrizdən görünür ki, İddiaçı üçüncü dərəcəli babasil diaqnozu qoyulmuş, 13 noyabr 2023-cü il tarixdə lazer hemorroidoplastika əməliyyatı olunmuş, xəstənin ümumi vəziyyəti kafidir, şikayətləri aktiv yoxdur, sarğıda yarası sakitdir, antiseptiklə işlənmiş, aseptik sarğı qoyulmuş, 15 noyabr 2023-cü il tarixdə evə yazılmışdır. İş materiallarında olan Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş 1666 nömrəli Ambulator, X6 Kartasından Çıxarışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 iki tərəfli sidiklik-sidik axarın refluksu İİİ dərəcəli endokorreksiyadan sonrakı vəziyyət, sol tərəfli obstruktiv meqaureter İİİ dərəcə diaqnozu qoyulmuşdur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, “ yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərin istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında alimentlə bağlı mübahisə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-595/2023 saylı 03 may 2023-cü il tarixli qətnaməsi ilə yekunlaşmış, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, İddiaçı hər ay onun əmək haqqı və gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda alimentin tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildiyi gün İddiaçı işlədiyi "xxxx" QSC-də sürücü vəzifəsindən öz təşəbbüsü ilə işdən azad olumuşdur. İddiaçının nümayəndəsi hazırda İddiaçı əməliyyat keçirdikdən sonra sürücü vəzifəsində işləyə bilməyəcəyini bildirsə də, iddiaçının 03 may 2023-cü il tarixdə əmək qabiliyyətinin olmaması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı13 noyabr 2023-cü il tarixdə lazer hemorroidoplastika əməliyyatı olunmuş, xəstənin ümumi vəziyyəti kafidir, 15 noyabr 2023-cü il tarixdə evə yazılmışdır. İddiaçı 03 may 2023-cü il “ tarixdə işdən öz təşəbbüsü ilə çıxdığını xəstəliyi ilə əlaqələndirsə də, həmin vaxt hər hansı xəstəliyinin mövcud olması ilə bağlı sübutları təqdim etməmiş, əmək müqaviləsinin öz təşəbbüsü ilə ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tələbini “alimentin azaldılması” adlandırsa da, əslində alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarının dəyişdirilməsi yaxud alimentdən azad edilməsi ilə bağlı iddianı qaldırmaqla bağlı subyektiv hüquq tərəflərin istənilən birinə aid edilsə də, həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olduğu, yaxud onun qazancı və ya sair gəliri olmadığı, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, alimentin sabit pul məbləğində tutulması ilə bağlı iddia tələbini irəli sürmək hüququ uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsə aid edilmişdir. Uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxs Cavabdeh olduğu halda onun belə bir tələbi məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bu iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malik olmadığından, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5881/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5881/2023
29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver