Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5890/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və yaşayış hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 88 saylı evin ümumi sahəsi 30.5 kv.m olan iki otaqlı 9 saylı mənzilinin 14 mart 2020-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, eləcə də göstərilən mənzildə cavabdehin yaşayış hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 88 saylı evin ümumi sahəsi 30.5 kv.m olan iki otaqlı 9 saylı mənzili iddiaçının mülkiyyətində olmuşdur. Həmin mənzildə iddiaçı və qızı-cavabdeh qeydiyyatdadırlar. İddiaçının həmçinin bir oğlu da vardır. 2020-ci ildə 81 yaşlı xəstə olduğu üçün qızının ona qulluq edəcəyini düşünərək mülkiyyətində olan mənzili qızına bağışlamağı qərara almışdır. Bununla əlaqədar olaraq notariat ofisinə müraciət etmiş və 14 mart 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən mənzilini cavabdeh qızı Məlahətə bağışlamışdır. Bağışlama müqaviləsindən sonra qızı göstərilən mənzilə Dövlət Reyestrindən çıxarış almışdır. Çıxarış qızında olduğu üçün məhkəməyə təqdim edə bilmir. Hazırda iddiaçının 84 yaşı var və kənar qulluğa ehtiyacı var. Lakin qızı onun etimadını doğrultmayaraq ona qulluq etmir. Əksinə iddiaçıya öz mənzilində yaşamağa imkan vermir. İddiaçı eyni məzmunlu iddia ərizəsilə məhkəməyə müraciət etmiş, sonradan yenə də güzəştə gedərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hazırda cavabdeh-qızı bir qədər də ona qarşı aqressiv hərəkətlər hərəkətlər etməyə başlamışdır. Bu səbəbdən iddiaçı mənzilin qızına bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğv edilməsini, eləcə də göstərilən yaşayış sahəsində cavabdehin yaşayış hüququna xitam verilməsini istəyir. Onunla qızı arasında müqavilə bağlayarkən nəzərdə tutduqları şərait əhəmiyyətli dərəcədə dəyişmişdir və iddiaçı qızı ilə bağlanmış müqavilənin dəyişdirilməsinə razı deyil. Tərəflərin izahatları: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 88 saylı evin ümumi sahəsi 30.5 kv.m olan iki otaqlı 9 saylı mənzil qeydiyyat vəsiqəsi əsasında İddiaçı məxsus olmuşdur. Həmin mənzil Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən Cavabdeh bağışlanmışdır. İddiaçı cavabdehin ona qarşı laqeyd münasibət göstərdiyini, ona qulluq etmədiyini əsas gətirərək bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi, cavabdehin isə həmin mənzilə dair istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iddiaçı mülkiyyətində olmuş əmlakı qızına bağışladığını və sonuncunun da ona qayğı göstərmədiyi və pis rəftar etdiyi üçün bağışlama müqaviləsini ləğv etmək istədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin verdiyi izahatlardan görünür ki, o, evi qızına ona yaxşı baxması üçün hədiyyə etmişdir. Qanunvericilikdə bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsi müəyyən edilmişdir. Lakin araşdırılmış iş materialalrında hazırkı tərəflər arasında belə şərtlərin mövcud olması aşkar edilə bilməmişdir. Eyni zamanda qanunvericilikdə bağışlamaqdan imtinanın mümkün olduğu hallar qeyd edilmişdir. Qanunvericilik normasında istinad olunan hallardan heç birinə hazırkı mübahisənin araşdırılması zamanı rast gəlinməmişdir. Cavabdehin anasına qulluq etməməsi, onun qayğısına qalmaq istəməməsi bağışlama müqaviləsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, istinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehin Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 88 saylı evin ümumi sahəsi 30.5 kv.m olan iki otaqlı 9 saylı mənzilə dair yaşayış hüququna xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsində yaşayış hüququ qeyd edilsə də, bu hüquq istifadə hüququna xitam verilməsini ehtiva edir. İstifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, nə qədər ki, bağışlama müqaviləsinin ləğv edilməsinə dair hissədə iddia tələbi rədd edilmişdir və hazırkı gün cavabdeh sözügedən mənzilin mülkiyyətçisidir, onun həmin mənzilə dair yaşayış hüququna xitam verilə bilməz. Beləliklə, yuxarıdakılar nəzərə alınaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və yaşayış hüququna xitam verilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5890/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5890/2023
19.10.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver