Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1489/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payçı müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 15 noyabr 2019-cu il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 3, 72 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 15 noyabr 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 3, mənzil 72, sahəsi 74.9 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh 80726 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da, cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 175 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 8-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 4750 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MTK ilə "xxxx" ASC arasında X3 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehdən aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. ABB ASC ilə Kristal Abşeron MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 80726 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTKdan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9-cu maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 3, mənzil 72, sahəsi 74.9 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 3, mənzil 72 , sahəsi 74.9 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X4 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 3, mənzil 72, sahəsi 74.9 kv.m olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00000807 nömrəli payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 24 nömrəli məktəbin yanında tikilmiş olan 3-cü bina, 3-cü blok, 8-ci mərtəbə, 72 nömrəli, 3 otaqlı mənzili tikib və payçının mülkiyyətinə verməyi, payçı isə bu müqaviləyə əsasən pay qismində çıxış edən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 24 nömrəli məktəbin yanında tikilmiş olan 3-cü bina, 3-cü blok, 8-ci mərtəbə, 72 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin “MTK”-ya ödənilməsini və həmçinin İddiaçı MTK-nın Sumqayıt filialı 10-cu mikrorayon yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdürlər.
6. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RSTX-03 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borcverən borcalana 175 ay müddətində (xx.xx.2036-cı il tarixədək) 80726 manat məbləğində, kreditdən istifadəyə görə illik 8 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
7. xx.xx.2021-ci il tarixli, RSTX-03 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2036-cı il tarixədək müəyyən edilmişdir.
8. "xxxx" ASC ilə İddiaçı MTK adından çıxış edən kooperativin sədri X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003Z/K saylı zaminlik müqaviləsindən görünür ki, zamin bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RSTX-03 saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
9. 03.04.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehdən 5 iş günü müddətində banka olan ödəniş cədvəli üzrə 2065 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, borc tələb edilməklə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçı MTK-ya müraciət ediləcəyi, o isə öz növbəsində alqı-satqı müqaviləsinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 24 nömrəli məktəbin yanı, bina 3, mərtəbə 8, 74,9 kv.m, 3 otaqlı, 72 nömrəli mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malik olduğu barədə xəbərdarlıq edilmişdir.
10. “Azərbaycan Beynəlxalq Bankı» ASC tərəfindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı» ASC tərəfindən İddiaçı MTK-ya 08 oktyabr 2021-ci il tarixli, RSTX-03 saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kreditlərin təminatı olaraq ABB ASC ilə Kristal Abşeron MTK arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləğinin Kristal Abşeron MTK-nın ABB ASC-də yerləşdirilmiş əmanətinə yönləndiriləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 897 nömrəli məktubdan görünür ki, İddiaçı MTK tərəfindən Cavabdeh borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qanuna uyğun olaraq müqavilənin ləğvi, mənzilin boşaldılaraq borcun MTK-ya qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
12. "xxxx" ASC ilə İddiaçı MTK arasında 25 may 2021-ci il tarixli X3 saziş bağlanmışdır ki, bu sazişlə MTK tərəfindən inşa olunan mənzillərin satış həcminin artırılması məqsədilə bank tərəfindən maliyyələşdirmə təmin edilir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci madəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
16. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı MTK və Cavabdeh arasında bağlanan payçı müqaviləsinə görə sonuncuya müqavilədə sözügedən mənzil satılmışdır. "xxxx" ASC və Cavabdeh arasında bağlanan kredit müqaviləsinə görə isə həmin mənzilin alınması üçün sonuncuya 80726 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı MTK arasında imzalanan zaminlik müqaviləsinə görə İddiaçı MTK Cavabdeh "xxxx" ASC qarşısında olan kredit öhdəliyinin icrası üçün bütün məsuliyyəti üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri ödəməkdən yayındığı üçün bank İddiaçı MTK-ya müraciət etmişdir. MTK isə sözügedən mənzili sahibliyinə keçirərək bank qarşısında borcunu bağlamağı qərara almışdır. Bu səbəbdən iddiaçı hazırda payçı müqaviləsinin ləğv edilməsi, habelə mübahisəli mənzilin boşaldılması və həmin mənzilin MTK-ya qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
17. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
19. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli payçı müqaviləsinin 4.2.7ci bəndində göstərilmişdir ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC ilə imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və payçı arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir.
20. Belə ki, həmin müqavilədə cavabdehin bank qarşısında kredit öhdəliklərini lazımınca yerinə yetirmədiyi təqdirdə iddiaçının hazırkı müqavilənin ləğvini və mənzilin geri qaytarılmasını tələb etmək hüququnun olduğu təsbit edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.
21. Məhkəmə qeyd edir ki, tərəflər arasında 15 noyabr 2019-cu il tarixində bağlanmış müqavilə Payçı müqaviləsi adlansa da, həmin müqavilə ilə tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
22. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
23. Hazırki işdə İddiaçı MTK müqavilə üzrə öhdəliyini icra etmiş, yəni Sumqayıt şəhəri, 10-cu mikrorayon, 24 nömrəli məktəbin yanında tikilmiş olan 3-cü bina, 3-cü blok, 8ci mərtəbə, 72 nömrəli, 3 otaqlı mənzili tikib və “payçı”nın mülkiyyətinə vermişdir. Mənzilin dəyəri tam ödənilmədiyindən mənzilə dair cavabdehin xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edilməmişdir.
24. Borcalan isə öhdəliyini lazımi qaydada icra edə bilməmiş, mənzilə görə müəyyən edilmiş ödənişləri müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada icra etməmişdir.
25. İddiaçı MTK isə bankla arasında bağlanan 25 may 2021-ci il tarixli X3 sazişin 4.1.12-ci bəndinə istinad etməklə, bank qarşısında olan əsas borcun qaytarılması və /və ya faizlərin ödənilməsi öhdəlikləri 90 gündən artıq müddətə yerinə yetirilmədiyi üçün alıcı/borcalanla bağlanmış payçı müqaviləsinə birtərəfli qaydada xitam vermək, mənzilin boşaldılmasını tələb hüququndan istifadə edir.
26. Odur ki, cavabdeh tərəfindən payçı müqaviləsinin 4.2.7, 8.1, 8.11, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9-cu maddələrinin şərtlərinin kobud şəkildə pozulduğu, cavabdehin üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetimədiyi məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının payçı müqaviləsinin ləğv edilməklə, mənzilin boşaldılmasını və MTK-ya qaytarılması ilə bağlı tələbini məhkəmə əsaslı hesab edir.
27. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00000807 saylı payçı müqaviləsi ləğv edilməli, Cavabdeh ünvan 2vanında yerləşən 72 saylı mənzildən çıxarılmalı, ünvan 2vanında yerləşən 72 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya qaytarılmalıdır.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00000807 saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh ünvan 2vanında yerləşən 72 saylı mənzildən çıxarılsın. ünvan 2vanında yerləşən 72 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya qaytarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva