Məhkəmə qərarları › İş №2(011)-591/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-591/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-591/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərcin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan olan övladları xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı ali təhsilini başa vuranadək iddiaçı tərəfindən birinci kurs üçün ödənilmiş 2300 manatın 50 faizi 1.150 manat və təhsilini başa vuranadək 3 illik təhsil haqqının 50 faizi olmaqla, hər tədris ili üçün 1.150 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı anadan olmuşdur. İddiaçı Azərbaycan Kooperasiya Universitetinin idarəetmə fakültəsində biznesin idarə edilməsi ixtisası üzrə ali təhsil alır və 2-ci kurs tələbəsidir. O, ödənişli əsaslarla təhsil aldığından iddiaçı illik 2300 manat təhsil haqqı ödəyir. Cavabdeh hər ay ödədiyi alimentdən başqa uşağın saxlanması və təhsil alması üçün heç bir məbləğdə maddi yardım etmir. İddiaçı 1-ci qrup gözdən əlil olmaqla əmək qabiliyyətsizdir. O, heç bir yerdə işləmir. Birgə nikahdan olan uşaqları iddiaçının himayəsində yaşayır, iddiaçı onun təhsil və saxlanılması ilə bağlı xərcləri ödəmək iqtidarında deyildir. Birinci kurs illik təhsil haqqı olan 2300 manat təhsil haqqı iddiaçı tərəfindən ödənilsə də, cavabdeh də ata olaraq uşağının saxlanması ilə bağlı xərclərdə iştirak etməli olduğundan, 2.300 manatın 50 faizi və qalan 3 illik tədris ili üçün ödənilməli olan 2300 manatın 50 faizi cavabdehdən alınaraq təhsil müəssisəsinə ödənilməlidir. Daha sonra Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən, cavabdeh əsl cavabdeh olan İddiaçı ilə əvəz edilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladı xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı ödənişli əsaslarla oxuması səbəbi ilə ali təhsil müəssisəsinə ödənilməli olan 2.300 manat məbləğində pulun tutularaq təhsil müəssisəsinə ödənilməsi, övladı təhsilini bitirənədək saxlanılması üçün cavabdehin əlavə xərclərə cəlb edilərək ondan X1 xeyrinə hər ay 220 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Telli Dəmirova İddiaçı anasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X2 ilə Cavabdeh birgə nikahından xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı anadan olmuşdur. İddiaçı Azərbaycan Kooperasiya Universitetinin İdarəetmə fakültəsində biznesin idarə edilməsi ixtisası üzrə 2ci təhsil ilində əyani təhsil alır. Onun illik təhsil haqqı 2.300 manat təşkil edir. Məhkəmə iddia tələbinin “cavabdehdən övladı xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı ödənişli əsaslarla oxuması səbəbi ilə ali təhsil müəssisəsinə ödənilməli olan 2.300 manat məbləğində pulun tutularaq təhsil müəssisəsinə ödənilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını onun təhsil xərclərinin ödənilməsinə valideyni olan hazırkı iş üzrə Cavabdeh cəlb edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Qanunvericiliyin tələblərinə əsasən, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Məhkəmə qanunvericilik normalarını təhlil edərək qeyd edir ki, valideynlərin uşaqları saxlama vəzifəsi uşağın yetkinlik yaşına çatmayan dövrünü əhatə edir. Lakin qanunverici istisnaları da nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Maddədən görünür ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin övladını saxlaması ona alimentin ödəməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, hazırkı iş üzrə iddiaçı ali məktəbə daxil olub təhsil aldığı üçün bununla bağlı vəsaiti, yəni təhsil xərclərini valideynindən tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin “övladı təhsilini bitirənədək saxlanılması üçün cavabdehin əlavə xərclərə cəlb edilərək ondan X1 xeyrinə hər ay 220 manat məbləğində pulun tutulması” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, hazırkı mülki iş üzrə İddiaçı yetkinlik yaşına çatması iş materialları ilə təsdiq olunmuşdur. Lakin onun maddi yardıma ehtiyacının olması və əmək qabiliyyətinin olmaması iş materialları ilə sübuta yetirilməmiş, iddiaçı tərəfindən iddianın əsasını təşkil edən halın müəyyən edilməsi üçün heç bir əsaslı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı- cavabdehdən övladı xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı ödənişli əsaslarla oxuması səbəbi ilə ali təhsil müəssisəsinə ödənilməli olan 2.300 manat məbləğində pulun tutularaq təhsil müəssisəsinə ödənilməsi, övladı təhsilini bitirənədək saxlanılması üçün cavabdehin əlavə xərclərə cəlb edilərək ondan X1 xeyrinə hər ay 220 manat məbləğində pulun tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar