Məhkəmə qərarları › İş №2(011)-592/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-592/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-592/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Aristanbekovnanın və İddiaçı2 cavabdeh Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı1 Aristanbekovna Qazaxıstan Respublikasında anadan olmuşdur. İddiaçı1 Aristanbekovna İddiaçı2 ilə ailə həyatı qurmuşdur. Qazaxıstan Respublikasında özünə məxsus evi indiki mübahisə predmeti olan ünvan 1 ilə dəyişərək orada yaşamışdırlar.

2. 2008-ci ildə İddiaçı1 Aristanbekovna İddiaçı2 dostuna onların bəzi işlərini görməsi üçün etibarnamə vermişdir. Lakin, o, etibardan sui-istifadə edərək onlara məxsus evi banka girov qoyaraq bankdan pul götürmüşdür.

3. İddiaçıya 2023-cü ildə notariat ofisində olarkən bildirmişdirlər ki, ona məxsus mənzil Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı filialının mülkiyyətindədir.

İddiaçının tələbi:

4. İddiaçı Pakistan Milli Bankının Bakı filialı ilə aralarında bağlanmış ipoteka müqaviləsini etibarsız hesab edilməklə ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya MA № ******* və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının nümayəndəsi (vəkili) Vəkil2 12 yanvar 2024-cü il tarixində məhkəməyə izahat ünvanlayaraq bildirmişdir ki, bankla “Qoç-Daş-T.Ş.T X6” MMC və İddiaçı1 Aristanbekovna arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli, №64 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı1 Aristanbekovna ipoteka qoyan şəxs olmaqla yanaşı həm də zamindir və borcalan “Qoç-Daş-T.Ş.T X6” MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı2 Bakı şəhər 32 saylı notariat kontorunda notariusun iştirakı ilə həmin əmlakın ipotekaya qoyulmasına etiraz etməməsi ilə bağlı xx.xx.2009-cu il tarixli razılıq ərizəsi imzalamışdır və həmin imza hazırkı iş üzrə iddiaçıların iddia ərizəsinə əlavə edilmiş İddiaçı2 şəxsiyyət vəsiqəsindəki imza ilə eynidir. Həmin razılıq ərizəsi məhz ipoteka müqaviləsi imzalanan zaman X3 tərəfindən 5 saylı notariat ofisinə təqdim edilmişdir. Bundan başqa İddiaçı1 Aristanbekovna tərəfindən banka və digərlərinə qarşı “əmlak qiymətləndirməsinin nəticələri haqqında ekspert hesabatının, hərracın yekunlarıa dair protokolun və əmlakın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair xx.xx.2013-cü il tarixdə iddia qaldırmışdır. İddiaçı1 Aristanbekovnanın ona məxsus və bankın xeyrinə yüklü edilmiş mənzilin satışına dair keçirilmiş hərracın etibarsızlığına dair iddia qaldırması faktı onun hazırda etibarsızlığını mübahisələndirdiyi ipoteka müqaviləsinin mövcudluğundan xəbərdar olmasını bir daha təsdiq etmişdir. İddia ərizəsinin tamamilə əsassız olması aşkardır.

6. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının nümayəndəsi (vəkili) Vəkil2 12 yanvar 2024-cü il tarixndə iddia ərizəsinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilərək iddiaçılar İddiaçı1 Aristanbekovna, İddiaçı2 tərəfindən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”-nə dair iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, işlə bağlı vəsatəti yoxdur, mümkün sənədləri işə əlavə etmişdir. Qeyd edilən müqavilədə İddiaçı2 imzası yoxdur, buna görə müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa o, qeyd etmişdir ki, İbrahimov Əli məhkəmə prosesinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmalıdır. Əgər zaminlik müqaviləsi ləğv olunarsa onda borcu İbrahimov Əli ödəməlidir. Ona görə də İbrahimov Əli məhkəmə prosesinə cəlb olunmalıdır.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında bildirmişdir ki, işlə bağlı onlar tərəfindən ərizə və izahat verilmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi notariusun iştirakı ilə bağlanmışdır. Zaminlik müqaviləsi isə İddiaçı1 Aristanbekovna ilə bank arasında bağlanmışdır. Onun əri bunu mübahisələndirə bilməz, çünki çıxarışdan da görüdüyü kimi ev İddiaçı1 Aristanbekovnanın mülkiyyətində olmuşdur. İddiaçı1 Aristanbekovnanın özünün də bu müqaviləni mübahisələndirməsi əsassızdır, çünki özü imzaladığı sənədi mübahisələndirir. İddia absurddur, prossesual hüquqlardan sui-istifadə edilmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* №-li çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Pakistan Milli Bankının Bakı Filialına məxsusdur.

10. 23 yanvar 2009-cu il tarixli 5 №-li İpoteka müqaviləsinə əsasən, 23 yanvar 2009-cu il tarixli 31 saylı kredit müqaviləsinə əsasən, Pakistan Milli Bankının Bakı Filialı tərəfindən “Borcalan”-a 24 ay müddətinə nağd və ya qeyri-nağd şəkildə istifadə olunmaqla 80000 manat məbləğində və ya bu miqdara ekvalent olan və tələb edilən digər valyuta növündə kredit verilmişdir. “Borcalan” “İpoteka saxlayan” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “İpoteka qoyan”- X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal ünvanında yerləşən əmlakı ipoteka qoyur. İpoteka predmetinin tərkibi: 0,0715 ha torpaq sahəsində yerləşən 9 mərtəbəli 2 otaqlı 29.11 kv.m yaşayış sahəsindən ibarət 123 nömrəli fərdi yaşayış evi İddiaçı1 Aristanbekovnanın tam mülkiyyətində olan əmlakdır.

11. İddiaçı2 tərəfindən Bakı şəhər notariat kontoruna verilmiş xx.xx.2009-cu il tarixli ərizəyə əsasən, İddiaçı2 həyat yoldaşı İddiaçı1 Aristanbekovnaya məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etməmişdir.

12. 30 dekabr 2009-cu il tarixli 92 №-li kredit müqaviləsinə əsasən “Bank”- Pakistan Milli Bankının Bakı filialı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Borcalan”- X7 68000 manat məbləğində illik 20 % olmaqla kredit verir.

13. 30 dekabr 2009-cu il tarixli 64 №-li Zaminlik müqaviləsinə əsasən, Pakistan Milli Bankının Bakı filialı ilə “Borcalan” arasında 30 dekabr 2009-cu il tarixdə bağlanmış 92 saylı kredit müqaviləsi əsasında “Borcalan”-a veriləcək 68000 manat məbləğində kreditlə əlaqədar olaraq “Borcalan” “Bank” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin”- İddiaçı1 Aristanbekovna, “Borcalan” ilə birlikdə “Bank” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

14. Yasamal Rayon Məhkəməsinin 2(004)-2774/2010 №-li, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, “Qoç-Daş-T.ŞT X6” MMC-dən əsas kredit və faiz borcu üzrə 72559,95 manat məbləğində pul tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməsi, Pakistan Milli Bankının Bakı Filialı ilə “Qoç-Daş-T.ŞT X6” MMC, İddiaçı1 Aristanbekovna və X4 arasında bağlanmış 5 saylı 23 yanvar 2009-cu il tarixli ipoteka müqavilələrinə və həmin ipoteka müqavilələrinə dəyişikliklər edilməsinə dair 30 dekabr 2009cu il tarixli razılaşmalara əsasən ipoteka qoyulmuş X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində istifadədə olan 0,81 ha torpaq sahəsində yerləşən 7a nömrəli, 5 mərtəbəli binada 72,93 kv.m ümumi, 50,83 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzilə və İddiaçı1 Aristanbekovnanın mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 123 nömrəli, 9 mərtəbəli binada 29.11 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzilə tutma yönləndirilərək həmin əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunan pul vəsaitinin hesabına 72599,95 manat məbləğində pulun tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 7a saylı evin 30 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda X4, X11, X2, X12 və X10 həmin mənzildən, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 123 saylı evin 36 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda isə İddiaçı1 Aristanbekovna və X8 həmin mənzildən çıxarılmaları qət edilmişdir. İddia tələbi vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin və 4000 manat məbləğində hüquqi xidmət xərclərinin “Qoç-Daş-T.ŞT X6” MMC-dən tutulmasına dair hissəsində iddia tələbi təmin edilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(103)-4499- 2010 №-li, xx.xx.2010-cu il tarixli qətnaməyə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş № 2(103)- 4339/2013 saylı xx.xx.2013 tarixli icra vərəqəsinə əsasən, ünvan 1 50,000 manata “Pakistan Milli Bankı”-ın Bakı filialına satılmasına dair "xxxx" MMC-in 25 yanvar 2012-ci il tarixli Y-764 saylı hərracın yekunları barədə protokol və “Pakistan Milli Bankı”-ın Bakı filialı ilə Binəqədi rayon İcra Şöbəsi arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli hərracın yekunları üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə 18 dekabr 2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi 21 yanvar 2014-cü ildə verilmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarı.

20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

21. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il Qərarı.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair tarixli 2 aprel 2021-ci il Qərarı.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair tarixli 12 aprel 2021-ci il Qərarı.

24. İpoteka haqqında Qanun: 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. 8.2. Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

27. İddiaçıların tələbinin birinci hissəsi Pakistan Milli Bankının Bakı filialı ilə aralarında bağlanmış ipoteka müqaviləsini etibarsız hesab edilməsidir.

28. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (§19).

29. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.

30. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. (§22).

31. Hər hansı əqdin, o cümlədən ipoteka müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (§23). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (§19).

32. İddiaçı1 Aristanbekovna ipoteka müqaviləsi ilə bağlı aldadıldığını, xəbəri olmadığını, sənədlərdə imzasının olmadığını, etibarnamə əsasında adından sui-istifadə edildiyini qeyd etmiş, sadalananlara əsasən ipoteka müqaviləsinin etibarsız olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı1 Aristanbekovna həm ipoteka müqaviləsi, həm də zaminlik müqaviləsi üzrə tərəf olmuş, müqavilələri imzalamış, daha sonra 20 iyul 2011-ci il tarixli Yasamal Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarxili icra vərəqindən görünür ki, hərrac və onun nəticələri etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı1 Aristanbekovnanın qeyd etdiyi kimi ipoteka müqaviləsinin bağlanması, nəticələri barədə məlumatsız olması, aldadılması halları öz təsdiqini tapmamışdır.

33. İddiaçı2 isə ipoteka müqaviləsindən xəbərsiz olduğunu, birgə nikah dövründə əldə edilmiş əmlakın onun razılığı olmadan ipoteka qoyulduğunu qeyd etsə də, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2009-ci il tarixli razılıq ərizəsi və notariusun möhrü ilə təsdiq edilmiş qəbzdən görünür ki, o müqavilə barəsində məlumatlı olmuş, yazılı şəkildə ipoteka müqaviləsinin bağlanmasına razılıq vermişdir. Məhkəmə qeyd edir ki, İddiaçı2 ipoteka predmetinin ipoteka ilə yüklü edilərkən onun məlumatı və razılığının olmadığını bildirsə də, mülki iş materialları bunun əksini sübut edir.

34. Cavabdeh tərəf iddia tələbinin əsassız olduğunu qeyd etmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki işə iddia müddəti deyil, kəsici müddət tətbiq edilməlidir.

35. Belə ki, AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedə qeyd edilir ki, MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. (§22)

36. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

37. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. (§21)

38. Məhkəmə qeyd edir ki, iddiaçılar ipoteka müqaviləsi ilə bağlı məlumatlı olmaları, könüllü iradə ifadəsi nəticəsində razılıq vermələri səbəbindən 23 yanvar 2009-cu il tarixli 5 №-li İpoteka müqaviləsinin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

39. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı1 Aristanbekovna ilə cavabdeh Pakistan Milli Bankının Bakı filialı ilə aralarında bağlanmış 23 yanvar 2009-cu il tarixli 5 №-li İpoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir.

40. İddiaçıların digər tələbi ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya MA № ******* və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsidir. Məhkəmə hesab edir ki, iddia tələbinin ikinci hissəsi birinci hissəsi ilə sıx bağlıdır. İddia tələbi birinci hissədə rədd edildiyindən ikinci hissədə də rədd edilməlidir.

41. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri:

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar