Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5976/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı – aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh birgə nikahlarından olan övladının xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2008-ci ildə nikaha daxil olmuş və birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri əvvəl yaxşı olsa da, sonradan onun laqeyd münasibəti nəticəsində münasibətləri kəskin korlanmışdır. Buna görə də hal-hazırda uşaqların saxlanılması ilə bağlı xərclərdə iştirak etmir və bütün xərcləri iddiaçı qarşılayır. Cavabdehə bununla bağlı müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: İddiaçıya (onun nümayəndəsi və vəkilinə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının (onun nümayəndəsi və vəkilinin) iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasına etiraz etməmişdir. Buna görə də məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun övladlarına baxdığına görə aliment tələb edir. Belə bir iddianın verilməsinin məntiqi əsası yoxdur. Onun orta hesabla ailəsinə xərclədiyi məbləğ 2000-2500 manat təşkil edir. Ümumiyyətlə iddiaçı ailənin saxlanması üçün maddi cəhətdən köməklik etməmişdir. Hazırda iddiaçı ilə münasibətləri normal deyildir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan, AZ İİİ seriyalı 422362 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan, AZ İİ seriyalı 775692 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh sonuncu (xx.xx.2022-ci il tarixli) mediasiya prosesi istisna olmaqla, qeyd edilən xx.xx.2022-ci il tarixli İMS-də və xx.xx.2022-ci il tarixli mediasiya prosesində iştirak etmişdir. Tərəflər arasındakı ailə mübahisəsinin həlli istiqamətində gedən müzakirələrdə, həmçinin “barışıq sazişi”nin şərtlərinin hazırlanmasında Cavabdeh fəal iştirak etmişdir. Bundan sonra “barışıq sazişi”nin layihəsində qeyd edilmiş şərtlərinin qanuniliyinin vəkili ilə məsləhətləməsi üçün mediasiya prosesinin təxirə salınmasını xahiş etmişdir. Bu xahişə 1-ci tərəfin nümayəndəsi Vəkil və mediator etiraz etməmiş və mediasiya prosesi təxirə salınaraq xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə isə Cavabdeh mediasiya prosesinə gəlməkdən və onda iştirak etməkdən bilərəkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, ikinci tərəf, yəni Cavabdeh xx.xx.2022-ci il tarixli mediasiya prosesinə bilərəkdən gəlməmiş və həmin tarixli mediasiya proseslərində iştirak etməmişdir. Nəticədə İlkin mediasiya sesiyasından (İMS) sonra prosesin davam etdirilməsi mümkün olmamış və mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü müəyyən edilmişdir. Bu hallar mediasiya prosesinə xitam verilməsinin əsaslarından biridir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 331 saylı arayışdan görünür ki, Cavabdeh övladlar Nuray Məmmədli və Selcan Məmmədlinin təhsil haqları üçün Heydər Əliev adına Müasir Təhsil Kompleki MMC-yə 10699 manat ödəniş etmişdir. Həmin arayış xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan bəlli olur ki, iddiaçının hazırda əmək müqaviləsi məlumatı yoxdur. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan bəlli olur ki, cavabdehin əmək müqaviləsi məlumatlarında işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, vəzifəsi dövlət qulluqçusu-şöbə müdirinin müavini, əmək haqqı isə 822.25 manat qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ bəndinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmin maddənin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasın hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsaən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə tərəflərin izahatlarını, məhkəməyə təqdim edilmiş sənədləri məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Hazırkı iş üzrə mübahisələndirilməyən hallar ondan ibarətdir ki, tərəflər xx.xx.2008-ci il tarixində birgə nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflərin münasibətləri pisləşmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırkı iddianın predmenti uşaqların saxlanması üçün alimentin tutulmasıdır. Buna görə də diqqət yetirilməli məqam uşağın mənafeyinin hər şeydən üstün tutulmasıdır. Belə ki, bu tip iddialarda tərəfin biri aliment verən, digəri isə alimenti alan olduğundan onların hər ikisi iş üzrə maraqlı şəxslər hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh uşaqların təhsil haqqlarını ödəmiş, birgə nikah dövründə əldə edilmiş mənzilə dair ipoteka ödənişləri etmiş, iddiaçının və uşaqların yaşadığı evin komunnal xərclərini, eyni zamanda gündəlik yaşama xərclərini ödəmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdehin yaşayış və komunnal xərclərini ödədiyini, cavabdehin məhkəməyə təqdim etdiyi digər sənədlər ilə razılaşdığını, lakin cavabdehin etdiyi maddi yardımlarının məhkəmə prosesini əhatə etmədiyini, bundan qabaqkı dövrləri əhatə etdiyi bildirmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı tərəf yaşayış və ya komunnal xərcləri yox, aliment tələb edir və hazırkı iddia da alimentin təyin edilməsidir. Halbuki hazırkı iddia ilə bağlı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuş, ümumiyyətlə isə tərəflər arasında olan ilkin mediasiya sessiyası isə xx.xx.2022-ci il tarixində keçirilmişdir. Məhkəməyə təqdim edilmiş və iddiaçı tərəfin razılaşdığı sənədlər ilə isə öz təsdiqini tapan hal ondan ibarətdir ki, cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən sonra da, uşaqların təhsil haqqını ödəmiş və ailənin saxlanması üçün müvafiq xərclər çəkmişdir. Buna görə də işin faktiki halları araşdırılan zaman tərəflərin birgə nikahından olan uşaqların təminat səviyyəsində nə iddianın verilməsindən qabaq, nə də iddianın verilməsindən sonra hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Həmçinin cavabdehin uşaqların saxlanmasından yayındığı və ya iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi uşaqların saxlanması yükünün yalnız onun üstündə olduğu işin faktiki halları ilə öz təsdiqini tapmır. Ümumiyyətlə məhkəmə iş materiallarını və təqdim edilmiş sənədləri, tərəflərin izahatlarını tədqiq edərək, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin əsasını və ya iddiaçını belə bir iddianın verilməsinə vadar edən halın nə olduğu məhkəmə prosesi zaman müəyyən edə bilməmişdir. Yuxarıda sadalanan qanunvericlik aktlarında da aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.( “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumu). Aliment tələbinin mahiyyətinin uşağın dolanması üçün xərc olduğunundan bu iddianın verilməsinin məburi qaydası olan məhkəmə qaydasında tutulması üçün əsas olacaq hal da məhz uşağın saxlanması üçün xərcə ehtiyac olması, tərəflər arasında sazişin və ya razılığın olmaması, cavabdehin uşağın saxlanmasından boyun qaçırması, habelə iddiaçının cavabdehi tapa bilməməsi, cavabdehin müntəzəm gəlirə malik olmaması və sair hallar hesab edilir. Bundan əlavə aliment münasibətləri davam edən münasibətlər olduğundan işə baxan məhkəmənin bu tələbin rədd edilməsi barədə qətnaməsinin olması iddiaçını gələcəkdə yenidən aliment tələbi ilə məhkəməyə müraciət etməsinə maneə deyildir. Çünki hazırkı məsələyə baxılan zaman işin faktiki halları araşdırılmışdır. Lakin gələcəkdə cavabdeh uşaqların saxlanmasından yayındığı halda iddiaçı bu hüququndan istifadə edərək, məhkəməyə müraciət etməkdə haqlı olacaqdır. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmə məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Hazırkı mübahisənin aliment tələbi olmasını və uşaqların saxlanmasının hər iki valideynin öhdəliyi olduğunu göz önünə gətirərək, məhkəmə bildirir ki, işin faktiki halları ilə uşaqların saxlanmasında yalnız iddiaçının iştirak etdiyi, tərəflərin münasibətlərinin pisləşməsindən sonra uşaqların yaşayış təminatında əsaslı dəyişikliyin olması sübuta yetirilmir. Sübutetmə vəzifəsi iddiaçının üzərində olmasına rəğmən bu hal vəzifə layiqincə yerinə yetirilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin sabit pul məbləğində tutulması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5976/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5976/2023
27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver