Məhkəmə qərarları › İş №2(011)-5985/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5985/2025

08.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5985/2025 08.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 246 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixində 5 saylı Bakı Asan Xidmət X2 2031 saylı nikahın bağlanması haqqında akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki yetkinlik yaşına çatmayan övladları - xx.xx.2017ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-2180/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə xx.xx.2015-ci il tarixində 2031 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş övladları onun himayəsinə verilmişdir. Cavabdehlə birlikdə yaşamır, birgə təsərrüfat aparmırlar. Cavabdeh uşaqların maddi təminatlarında iştirak etmir, bütün xərclər onun tərəfindən ödənilir. O, övladlarını sevgi, şəfqət duyğuları ilə böyüdür, onların qayğısına qalır. Onların bütün maddi və mənəvi tələbatlarını o, ödəyir. Halbuki, qanunvericiliyin və mənəvi dəyərlərin tələbinə əsasən, uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhz, belə olan halda, Cavabdeh bir ata kimi övladların maddi tələbatlarını ödəməli, atalıq borcunu yerinə yetirməlidir. Bu səbəbdən birgə nikahdan anadan olan yetkinlik yaşına çatmayan övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa görə hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Odur ki, bununla bağlı tərəfindən ilkin mediasiya prosesinin təşkil olunması və mübahisənin həll olunması məqsədilə mediasiya müraciəti edilmişdir. Lakin Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00409 nömrəli "İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi" barədə arayışdan da göründüyü kimi cavabdehin laqeydliyinə görə mübahisə öz həllini tapmamışdır. Bu səbəbdən mübahisənin ədalət mühakiməsini həyata keçirən məhkəmə qaydasında həll edilməsinin qanunamüvafiq hesab edir. İddia etiraz: Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları xx.xx.2017-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Tərəflərin övladları, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2180/2024 saylı qətnaməsinə əsasən hal-hazırda anaları, mülki iş üzrə İddiaçı himayəsindədir. Bakı 20 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00409 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışına əsasən, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan aşkar edilir ki, İddiaçı "xxxx" MMC-də müsahibə alanlar/bazar konyunkturasının öyrənilməsi vəzifəsində 1785 manat əmək haqqı alır. Cavabdeh isə "X9" MMC-də baş direktor vəzifəsində 400 manat əmək haqqı alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 234. Qətnamənin icra edilməsi 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə uşaqlarının maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilməli, uşağların üstün maraqları və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən, xx.xx.2025-ci il tarixdən hesablamaqla hər ay hər uşaq üçün 246 manat məbləğində aliment alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən uşaqlar üçün təyin edilmiş alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq müəyyən edilərək, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 5904 manat (492 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 79,04 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, başlanmalı və qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 (sıfır tam yüzdə altmış iki) misli miqdarında aliment tutulsun. 79,04 (yetmiş doqquz manat dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar