Məhkəmə qərarları › İş №2(011)-6012/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6012/2022

05.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6012/2022 05.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı cavabdehlərin atasıdır. İddiaçı ilə cavabdehlərin anaları – X5 arasında bağlanmış nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7315/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, X1 anasının himayəsində qalması və onun saxlanılması üçün hər ay 100 manat alimentin iddiaçıdan tutularaq Səbinə Həsənovaya ödənilməsi qət edilmişdir. Sonuncu dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4212/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıdan tutulan alimentin məbləği artırılaraq birgə nikahdan doğulmuş Kənan Məmmədovun saxlanılması üçün hər ay 140 manat məbləğində alimentin tutulması qət edilmişdir.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehlərdən hər birindən hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər onun övladlarıdır. Xətai rayon Məhkəməsinin 2(011)-7315/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Məmmədova (Həsənova) Şəbinə Köçəri qızı ilə onun arasında xx.xx.1998-ci il tarixdə 13 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, xx.xx.2009-cu il təvəllüdlü X4 anası Məmmədova (Həsənova) Şəbinə Köçəri qızının yanında qalmalı, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 100 (yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq X3 ödənilməlidir. Hal-hazırda Xətai rayon Məhkəməsinin icraatında X2 ona qarşı alimentin artırılmasına dair iddia ərizəsi vardır. Özü xəstədir, müalicə alıra Alimenti ödüyə bilmir. Heç yerdə işləmir.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

9. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

10. Maddə 82.1 Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

11. Maddə 82.2 Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

12. Maddə 82.3 Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

20. İddiaçı cavabdehlərdən sağlamlığı ilə əlaqədar müalicə aldığından və digər övladı Kənan Məmmədovun alimentini ödəyə bilmədiyindəm özünü saxlanılması üçün aliment tələb edir. Cavabdehlər isə artıq yetkinlik yaşına çatmışdır. Bu baxımdan, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 82-ci maddəsi təşkil edir.

21. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış uşaqların maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsi qanunvericilikdə təsbit olunmuşdur. (§10).

22. Lakin məhkəmə qeyd edir ki, iddiaçının maddi yardıma ehtiyacı olması faktı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İddiaçının sağlamlığında yaranmış problemlə əlaqədar məhkəməyə təqdim etdiyi sənədlər isə onun maddi yardıma ehtiyacı olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan sənədlərdə iddiaçıya fəqərəarası osteoxondroz dioqnozu qoyulsa da, bu xəstəliyin onun əmək qabiliyyətini itirməsinə və ya işləməsinə imkan verməməsinə səbəb olması öz əksini tapmır.

23. Bundan başqa, iddiaçı, həmçinin özünün saxlanmasını tələb etdiyi övladılarının maddi vəziyyəti ilə bağlı da hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Baxmayaraq ki, qanunvericilik valideynlərin saxlanılması üçün övladlardan aliment tutularkən onların ailə vəziyyətinin və maddi imkanlarının nəzərə alınmasını müəyyən etmişdir.

24. Məhkəmə qeyd edir ki, bu kateqoriya işlərə baxılarkən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi vəziyyəti, ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Hazırkı işdə cavabdehlərin maddi vəziyyətlərinin iddiaçıya aliment ödənilməsi üçün yetərli olması müəyyən olunmamışdır. İddiaçı isə hər ay 230 manat pensiya alı

25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmış cavabdehlərin iddiaçının tələb etdiyi alimenti ödəməyə imkan verən maddi vəziyyətə malik olması sübut olunmadığından, eləcə də iddiaçı özünün maddi yardıma ehtiyacı olduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia təmin oluna bilməz.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar