Məhkəmə qərarları › İş №2(011)-6033/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6033/2024

26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6033/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 2016-cı il trixli qətnaməsi ilə azyaşlı uşaqları iddiaçının himayəsinə verilmiş və hər uşağa görə 80 manat məbləğində aliment təyin edilmişdir. Uşaqlarından biri hazıra həddi-buluğa çatmışdır. xx.xx.2007-ci il doğum tarixli X1 ötrü alimentin miqdarını artırmaq istəyir. Lakin cavabdeh uşaqların inkişafında yaxından iştirak etmir və onların saxlanılmasından ötrü heç bir maddi yardım göstərmir. Hazırda Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. Alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh Kazımov X2 iştirak etmədən imtina etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2007-ci il doğum tarixli X4 həddibüluğa çatana kimi saxlanılmasından ötrü 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Culfa Rayon Məhkəməsinin qərarı ilə tutulan alimentin miqdarının artırılaraq 235 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 120621 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X9 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 avqust 2010-cu il tarixdə 20 № ilə qeyd edilmişdir. İş materiallarında olan Culfa rayon İcra qrupunun 11 iyul 2016-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Culfa Rayon Məhkəməsinin 2(089)- 141/2016 nömrəli 31 may 2016-cı il tarixli icra sənədinə əsasən X3 13 may 2016-cı il tarixdən başlamaqla hər ay bir uşaq üçün 70 manat olmaqla, 140 manat sabit pul məbləğində alimentin alınaraq 08 iyul 2006-cı il tarixdə doğulmuş X7 və 16 iyul 2007-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş ərizədə qeyd edilmişdirki, cavabdeh səhhəti və maddi imkansızlığı əlaqədar məhkəməyə gələ bilməmişdir. Cavabdeh 14 ildir ki, uşaqlarına aliment ödəyir. Bununla yanaşı uşaqlarına atalıq borcunu ödəyir. Uşaqları ilə çox gözəl münasibəti vardır. Uşaqlarından heç nə əsirgəməmiş, aliment ödədiyi qədər uşaqlarına əlavə pul da xərcləyir. Ailəsini cavabdeh dağıtmamış, boşanma onlar tərəfindən olmuşdur. Cavabdeh 14 ildir bundan qabaq məhkəmə zalında ağlamışdır ki, boşanmasın ona baxmayaraq cavabdehdən uşaqlarını 2- 3 yaşında ayırmışlar. Cavabdeh 4 il mübarizə etmişdir ki, barışsın, uşaqları atasız yaşamasın, amma iddiaçı onunla barışmamışdır. Cavabdeh də evlənmək məcburiyyətində qalmışdır, Hazırda ikinci ailəsindən 2 övladı da dünyaya gəlmişdir. Biri 8 yaşında, digəri isə 5 yaşındadır. Cavabdehin davamlı işi yoxdur, hal-hazırda ticarət mərkəzində satıcı kimi işləyir, 400 manat maaş alır. Cavabdeh Naxçıvanda yaşayır, orada Bakıdakı kimi yüksək maaş yoxdur, ən yüksək maaş 400 manatdır. Gündəlik yol puluna 2 manat sərf edir, ayda 60 manat gedir, 340 manat əlində pul qalır. Cavabdeh qeyd olunanlara əsasən, aliment ödənilməsi ilə bağlı ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan iddia təmin edilməli, Cavabdeh Culfa Rayon Məhkəməsinin 2(089)-141/2016 nömrəli 31 may 2016-cı il tarixli qətnaməsinə əsasən 16 iyul 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Culfa Rayon Məhkəməsinin 2(089)-141/2016 nömrəli 31 may 2016-cı il tarixli qətnaməsinə əsasən 16 iyul 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar