Məhkəmə qərarları › İş №2(011)-6055/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6055/2024

19.11.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6055/2024 19.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı əvvəllər “X6” MMC-də mühəndis vəzifəsində işləmişdir. “X6” MMC isə əvvəllər “Xalq üçün mallar” Dövlət Konsernin tabeliyində olmuş, AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 586 nömrəli Sərəcamı ilə “Xalq üçün mallar” Dövlət Konserni ləğv edilmiş və həmin Konsernin tabeliyində olan müəssisə və obyektlər özəlləşdirilmək məqsədi ilə AR Dövlət Əmlak Komitəsinə verilmişdir.

2. “X6” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə 95 nömrəli arayış verilmiş, həmin arayışda iddiaçının baş münhəndis vəzifəsində işləməsi və onun Kombinatda xx.xx.2017ci il tarixədək yığılıb qalan əmək haqqının 12974 manat olması əks olunmuşdur.

3. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 144 saylı Sərəncamı ilə “X6” MMC-nin yenidən təşkil olunmaqla, onun investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi qərara alınmış, bu tədbirlər nəticəsində “X6” MMC-nin dövlətə məxsus payları xx.xx.2022-ci il tarixdə investisiya müsabiqəsi vasitəsi ilə cavabdeh tərəfindən özəlləşdirilmiş və xx.xx.2022-ci il tarixdə alıcı (cavabdeh) arasında alqı-satqı müqaviləsi bağlanmışdır (AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024cü il tarixli məktubu). Cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN: **********).

4. Həmçinin, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanıda X3 Xidməti X2nin cavabdehə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “X6” MMC-dəki dövlətə məxsus paylar cavabdeh tərəfindən alınmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq müəssisənin dövlət büdcəsinə olan borclarının tənzimlənməsi, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini cavabdeh üzərinə götürmüşdür (məktubda həmçinin, cavabdehin AR İXM-nin 593.1-1-ci maddəsinə əsasən, əmək haqqının ödənilməməsinə görə 1000 manat məbləğində inzibati cərimə edildiyi qeyd edilmişdir).

5. Bundan başqa, “X1 və Koordibasiya Mərkəzi” PHŞ-nin iddiaçıya üvanladığı xx.xx.2022-ci il tarixli məktubda “X6” MMC-nin özəlləşdirilməsi zamanı onun öhdəliklərinin, o cümlədən əmək haqqı borclarının inventar (alıcı) təfəfindən ödənilməsinin nəzərdə tutulması, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının icrası qaydasında AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda isə özəlləşdirmə subyektlərinin özəlləşdirmə obyektlərinin hüquqi varisi olmadığ qeyd edimişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

6. İddiaçı əmək haqqı olan 12947 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, keçmiş “X6” MMC-də mühəndis vəzifəsində işləmişdir. Onun xx.xx.2017-ci ildək Kombinatdan alacağı 12947 manat əmək haqqısı vardır. Kombinat hazırda cavabdeh təəfindən satın alınmışdır. Müraciəti əsasında ƏƏSMN yanında DƏF xidmətinin X2ndə araşdırma aparılmış və keçmiş Kombinatın alqısatqı müqaviləsinin şərtinə görə əmək haqqının yeni mülkiyyətçi, cavadbeh tərəfindən ödənilməsi bildirilmişdir. Cavabdehin əmək haqqını ödəməyə imkanı vardır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh tərəfindən yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı əvvəl iştirak etdiyi məhkəmə iclasında (iddiaçı sonradan ərizə təqdim edərək səhhəti ilə bağlı sonrakı iclaslarında iştirak edə bilməyəcəyini və işə onun iştirakı baxılmasını xahiş etmişdir) iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

12. Maddə 87.2. Cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

13. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

14. Maddə 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir.

15. Maddə 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi üsullarındandır.

16. Maddə 21.1. Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı zamanı dövlət əmlakı barəsində investisiya proqramının yerinə yetirilməsi tələb olunur. İnvestisiya proqramına dair iqtisadi, sosial və ekoloji şərtlər özəlləşdirmə barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnvestisiya müsabiqəsinin qalibi investisiya proqramının şərtləri daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşunu özündə əks etdirən investisiya proqramını təqdim edən hesab olunur.

17. Maddə 21.2. İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Maddə 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 533 saylı Fərmanı isə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi” Qaydaları:

19. Bənd 1.1. Bu qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmə prosesində dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı qaydalarını müəyyən edir.

20. Bənd 1.2. İnvestisiya müsabiqəsi əsasında dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarlar Dövlət Proqramının 2.2 və 2.3-cü bölmələrinə uyğun olaraq qəbul edilir. Bu zaman investisiya müsabiqəsinin iqtisadi, sosial və ekoloji məsələləri əhatə edən şərtləri də həmin orqanlar tərəfindən müəyyən edilir.

21. Bənd 2.2. İnvestisiya müsabiqəsinin keçirilməsi haqqında qəbul edilmiş qərara uyğun olaraq komissiya tərəfindən müsabiqənin şərtlər toplusu hazırlanır. Bu zaman iddiaçılar qarşısında aşağıdakı şərtlər qoyula bilər: ....müəssisənin əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə borclarının tam və ya qismən ödənilməsi;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

26. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

27. İddiaçı “X6” MMC-də mühəndis vəzifəsində işlədiyi dövrdə əmək haqqının ona ödənilmədiyini iddia edir. İddiaçının “X6” MMC-də mühəndis vəzifəsində işlədiyi dövr ərzində ona əmək haqqının ödənilib-ödənilməməsini araşdırmazdan əvvəl, ilk növbədə məhkəmə hesab edir ki, cavabdehin hazırki iddia tələbinə cavab verməli olan şəxs olubolmadığı müəyyən edilməlidir.

28. İşin faktiki halları ilə müəyyən edilir ki, “X6” MMC əvvəllər “Xalq üçün mallar” Dövlət Konsernin tabeliyində olmuş, AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 586 nömrəli Sərəcamı ilə “Xalq üçün mallar” Dövlət Konserni ləğv edilmiş və həmin Konsernin tabeliyində olan müəssisə və obyektlər özəlləşdirilmək məqsədi ilə AR Dövlət Əmlak Komitəsinə verilmişdir. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 144 saylı Sərəncamı ilə “X6” MMC-nin yenidən təşkil olunmaqla, onun investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi qərara alınmış, bu tədbirlər nəticəsində “X6” MMCnin dövlətə məxsus payları xx.xx.2022-ci il tarixdə investisiya müsabiqəsi vasitəsi ilə cavabdeh tərəfindən özəlləşdirilmiş və xx.xx.2022-ci il tarixdə alıcı (cavabdeh) arasında alqı-satqı müqaviləsi bağlanmışdır.

29. Cavabdehlə AR Dövlət Əmlak Komitəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi məhkəməyə təqdim olunmasa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, alqısatqı müqaviləsinin şərtlərinə uyğun olaraq müəssisənin dövlət büdcəsinə olan borclarının tənzimlənməsi, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini cavabdehin üzərinə götürmüşdür.

30. Həmçinin də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 533 saylı Fərmanı isə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi” Qaydaları 2.2-ci bəndinin tələbindən də görünr ki, investisiya müsabiqəsinin keçirilməsi haqqında qəbul edilmiş qərara uyğun olaraq komissiya tərəfindən hazırlanmış müsabiqənin şərtlər toplusunda iddiaçılar qarşısında müəssisənin əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə borclarının tam və ya qismən ödənilməsi nəzərdə tutula bilər.

31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlə AR Dövlət Əmlak Komitəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin şərtinə əsasən cavabdeh “X6” MMC-nin sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini öz üzərinə götürdüyündən, sözügedən sosial-iqtisadi öhdəliklərə işçilərə əmək haqqının ödənilməsi barədə öhdəlik də ona aid edildiyindən iddiaçı əmək haqqını cavabdehdən tələb etməkdə haqlıdır.

32. Bundan başqa, işin mübahisəsiz halıdır ki, İddiaçı əvvəllər “X6” MMC-də baş mühəndis vəzifəsində işləmişdir. “X6” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 95 saylı arayışda da iddiaçının xx.xx.2017-ci il tarixədək yığılıb qalmış alacağı əmək haqqının 12 947 manat təşkil etdiyi qeyd edilmişdir.

33. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda da qeyd edilmişdir ki, iddiaçıya olan əmək haqqı borcunun ödənilməsi barədə müəssisəyə xx.xx.2022-ci il tarixli göstəriş xarakterli məktub göndərilmişdir. Bu göstəriş yerinə yetirilmədiyinə görə “X6” MMC barəsində protokol tərtib edilərək qərar qəbul edilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. “X6” MMC-nin direktoru X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq İXM-ninn 593.1.1-ci maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.

34. Göründüyü kimi, iddiaçının “X6” MMC-də baş mühəndis vəzifəsində işlədiyi dövr ərzində 12 947 manat məbləğində əmək haqqı borcunun olması iş materialları əsasında öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 12 947 manat məbləğində əmək haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilsin. 12 947 manat məbləğində ödənilməmiş əmək haqqı borcu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar