Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-62/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “əmək haqqı, yanacaq haqqı və əlavə xərclər” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitələrinin sahibləri ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə əsasında xx xxxx 2019-cu il tarixdən şəxsi avtomobilləri ilə xx xxxxxxxx 2019-cu il tarixə kimi işlədikləri icarə haqqının İddiaçı1 18.000 manat pulun, İddiaçı3 14.000 manat pulun və İddiaçı2 10.500 manat pulun Cavabdeh MMC-dən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh MMC ilə sahibliklərində olan avtomaşının icarə haqqı kimi xx xxxx 2019-cu il tarixdən xx xxxx 2024-cü il tarixə kimi 5 illik icarə müqaviləsi bağlayaraq Azər dəmir yollarına torpaq daşımışlar. Müqavilə bağlandığı gündən iddiaçılar işə başlamışlar, işlərini layiqincə yerinə yetirmişlər. Onlar həmin şirkətdə xx xxxxxx 2019-cu il tarixə kimi işləmişlər. Cavabdeh MMC ilə bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh nəqliyyat vasitəsinin sahibi olan iddiaçılara hər ay 3.500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçılar 3 ay işləsələr də, onlara əmək haqqı, nəqliyyat vasitəsinin sıradan çıxmış ehtiyyat hissələrinin pulu verilməmişdir. xx xxxxxxxx 2019-cu il tarixə kimi heç bir pul verilmədiyinə görə iddiaçılar işdən imtina etmişlər və 3 ayın icarə pulunu gözləməli olmuşlar. Cavabdeh onlara avtomobilin haqqını tez bir zamanda ödəyəcəyini bildirsə də, o, verdiyi sözü yerinə yetirməmişdir. İddiaçılar 3 ay müddətində öz avtomobilləri ilə işləmişlər. Cavabdeh müqavilə əsasında götürmüş olduğu öhdəliyi pozmuşdur. Cavabdehə iddiaçılar tərəfindən xəbərdarlıq edilsə də, o borcunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, iddiaçılar ondan öncəki şirkət sahibinin zamanında işləmişlər. Azər iddiaçılardan da, şirkətdən də pulu almışdır. O, hər iki tərəfi aldatmışdır. Müqavilə şirkətlə bağlansa da, iddiaçıların pulu Azər tərəfindən qaytarılmalı olmuş, lakin o pulu qaytarmamışdır. İyun ayında şirkətin sahibi o olmuşdur. İddiaçılar öz haqlarını tələb etməkdə haqlıdırlar. Onlar pullarını şirkətin təsisçisi Azərdən tələb etməlidirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-8463/2019 saylı qiyabi qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “əmək haqqı, yanacaq haqqı və əlavə xərclər” tələbinə dair iddiası təmin edilmişdir. İş üzrə Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnaməni ləğv edib işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-6577/2020 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə iddiaçılar İddiaçı2 və İddiaçı3 ilə cavabdeh arasında nəqliyyat xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış, iddiaçılar nəqliyyat xidmətinin göstərilməsini, cavabdeh isə onlara hər ay 3.500 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxx 2019cu il tarixdə bağlanmış maşın mexanizmlərin icarə müqaviləsinə əsasən, İddiaçı1 mülkiyyətində olan “Shacman” yük markalı, **-VK-*** dövlət nömrə nişanlı avtomobili avtomobil yollarının tikintisi və təmiri işləri üçün Cavabdeh MMC-yə icarəyə vermiş, cavabdeh aylıq icarə haqqı olaraq 3.500 manat pulu İddiaçı1 ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə xx xxxxxx 2024-cü il tarixədək bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xx xxxx 2019-cu il tarixli müqavilələrə əsasən iddiaçılara məxsus nəqliyyat vasitələrini bir aylıq icarə haqqı 3.500 manat olmaqla icarəyə götürərək razılaşdırılmış icarə haqqını ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəliyini lazımi qaydada icra etmədiyinə görə onun icarə haqqına görə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli icarə müqaviləsinin 3.11-ci bəndində göstərilir ki, icarəçi maşın və mexanizmlərin yanacaq, ehtiyyat hissələri, sürücü və əmək haqqı ilə təmin etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçılardan xidmət almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmət almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidmətin dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçılar göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçılar göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, nəqliyyat vasitələrinin sahibləri ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə əsasında xx xxxx 2019-cu il tarixdən şəxsi avtomobilləri ilə xx xxxxxxxx 2019-cu il tarixə kimi işlədikləri icarə haqqının İddiaçı1 18.000 manat pul, İddiaçı3 14.000 manat pul və İddiaçı2 10.500 manat pul Cavabdeh MMC-dən tutularaq ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı3 iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçılar ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə əsasında xx xxxx 2019cu il tarixdən şəxsi avtomobilləri ilə xx xxxxxxxx 2019-cu il tarixə kimi işlədikləri müddətin icarə haqqı olaraq Cavabdeh MMC-dən İddiaçı1 18.000 (on səkkiz min manat) manat pul, İddiaçı3 14.000 (on dörd min) manat pul və İddiaçı2 10.500 (on min beş yüz) manat pul tutularaq ödənilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-62/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-62/2021
18.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver