Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6277/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması tələbinə dair” qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat alimentin məhkəməyə müraciət tarixindən hesablanmaqla tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2008-ci ildə X3 və xx.xx.2011-ci ildə X4 anadan olmuşdur. Nikaha daxil olduqları ilk illər ailə münasibətləri normal olmuşdur. Son vaxtlar cavabdeh üzərinə diişən valideynlik vəzifələrini icra etmir. Nikah pozulmasa da, cavabdeh onun və azyaşlı uşaqlarının maddi vəziyyəti ilə maraqlanmır, ehtiyaclarını ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Hazırda uşaqlarının bütün ehtiyaclarını valideynlərinin köməyi ilə təkbaşına ödəyir. Alimentin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehə müraciət etmiş və həmin təklif xx.xx.2022-ci il tarixində sonuncuya rabitə vasitəsi ilə təqdim edilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmş və bu barədə Bakı şəhərinin 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/6- 5530 saylı arayış təqdim edilmişdir. Prosesin gedişində Cavabdeh İddiaçı qarşı “nikahın pozulması tələbinə dair” qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 1814 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində rəsmi nikahz qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, sonradan pozulmuşdur. Belə ki, cavabdehlə bir-birini başa düşmürlər, aralarında tez-tez münaqişələr baş verir. Artıq cavabdehlə bir müddətdir ki, faktiki olaraq ayrı yaşayırlar. Bu dövr ərzində uşaqlarının saxlanmasına yardım etmiş, onların maddi və mənəvi ehtiyaclarının ödənməsində iştirak etmişdir. Nikahın pozulması üçün mediasiyanın tətbiqi barədə xx.xx.2022-ci il tarixli təkliflə cavabdehə müraciət etmiş, həmçinin cavabdehə mediasiya barədə telefonla məlumat verilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə Bakı 4 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/4- 01976 nömrəli arayış verilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianın məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qismən qəbul edərək, uşaqların analarının yanında qalması hissəsində təmin olunmasına, alimentlə bağlı hissədə qismən, hər uşağa görə 193 manat məbləğində təmin edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən və qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 1814 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. ”PMD Hospitality" MMC-nin xx.xx.2022-ci il tarixli 06/2022 saylı arayışından görünür ki, Cavabdeh xx/xx/2018-ci il tarixindən hal-hazıradək MMC-də sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı bütün vergi və tutulmalar daxil 934.08 AZN təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında xx.xx.2022-ci il tarixli MŞB/6- 5530 saylı və xx.xx.2022-ci il tarixli MŞB/4-01976 saylı arayışlar iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd etmək lazımdır ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 16-cı maddəsinin 1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikaha daxil olarkən, nikah müddətində və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2., 22.2.1, 22.2.2 və 22.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkün olduğunu, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının yaşını, onların üstün mənafelərini, uşaqların yaşayış səviyyəsinin maksimum əvvəlki səviyyədə saxlanılması zərurətini, həmçinin, ilkin iddia üzrə cavabdehin maddi vəziyyətini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, ilkin iddia qismən və qarşılıqlı iddia isə təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 1814 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 analarının yanında qalmaları müəyyən edilməli və Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İlkin iddia tələbi qismən və qarşılıqlı iddia tələbi isə təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 1814 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsinə verilmələri müəyyən edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasına 20 sentyabr 2022-ci il tarixdən başlanılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6277/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6277/2022
01.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver