Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6515/2023 23.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 5 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsində 2416 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından bir övladları - xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmuşdur.
2. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçı ilə birgə yaşayır.
3. Xətai rayon 4 saylı Uşaq poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan Əli Yaqubova nitq inkişafının spesifik pozuntusu, autizm elementləri diaqnozu təyin edimişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi qədər aliment və övladının 3 yaşı tamam olanadək alimentin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək birgə nikahdan olan övladları X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 220 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadək 50 manat alimentin və övladının müalicəsi üçün 430 manat olmaqla, ümumilikdə 700 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan bir övladları anadan olmuşdur. Bir neçə aydır cavabdehdən ayrı yaşayır. Bu müddət ərzində cavabdeh övladının saxlanması üçün ona maddi və mənəvi yardım göstərmir. Övladını saxlamaqda çətinlik çəkir. Cavabdeh "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləyir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə göndərməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
10. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
14. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
15. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
16. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
17. Maddə 85.1.1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
20. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
23. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq onun cavabdehin əmək haqqından qanunla müəyyən edilmiş miqdarda tutulmasını tələb edir.
24. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment o halda tutula bilər ki, bu barədə tələb olsun, habelə aliment tutulmalı olan valideynin (yaxud digər tərəfin) qazancı qeyri-stabil və dəyişkən olsun, qazancının bir hissəsini natura və ya xarici valyuta ilə alsın, yaxud onun qazancı və ya sair gəliri olmasın.
25. Həmçinin, Ailə Məcəlləsinin 76.1-ci maddəsində də müəyyən edilmiş imperativ qaydaya əsasən alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadıqda, birinci növbədə aliment uşaqdan ayrı yaşayan valideynin qazancından və ya başqa gəlirlərindən, uşaqların sayından asılı olaraq, hissəvi tutulur. Bundan başqa, Ailə Məcəlləsinin “Valideynlərin və uşaqların aliment öhdəlikləri” adlanan 13-cü fəslindəki maddələrin quruluşundan da göründüyü kimi, qanunla alimentin onu ödəməyə borclu tərəfin qazancından və ya başqa gəlirlərindən tutulması daha öncə müəyyən edilmişdir.
26. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə də alimentin cavabdehin əmək haqqından tutulması üçün əsaslar var. Belə ki, işdən görünür ki, cavabdehin daimi iş yeri var və o, "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləyir. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yerinin olması, eyni zamanda aylıq stabil əmək haqqının olması onun əmək haqqından alimentin tutulmasına imkan vermiş olur.
27. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
28. Məhkəmə şərh edilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.
29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
30. Məhkəmə hesab edir ki, uşaq 3 yaşına çatanadək cavabdehdən alimentin alimentin tutulması hissəsində iddia əsaslıdır.
31. Yuxarıda qeyd edilən maddi hüquq normasından da görünür ki, hamiləlik dövründə və uşaq doğulduğu gündən 3 il ərzində arvadın keçmiş ərindən aliment tələb etməsi üçün əsas dispozitiv şərti keçmiş ərin həmin alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasıdır.
32. Yuxarıda qeyd edildiyi kimi də cavabdeh sabit gəlirə malikdir. Məhkəmə qeyd edir ki, hər bir halda uşaqların yetkinlik yaşına çatanadək saxlanması, eləcə də, uşağın 3 yaşı tamam olanadək ödənilməsi nəzərdə tutulmuş alimentin valideyndən tutulması uşaqların maddi rifahının, müəyyən dərəcədə yüksək təmin edilməsi məqsədini daşıyır. Uşaqları saxlamaq, mümkün qədər onların maddi təminatlarının ödənilməsi hər bir valideynin konstitusiyon vəzifəsi kimi nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə hesb edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən hər ay 50 manat məbləğində alimentin tutulması uşağın maddi rifahının təmin edilməsi baxımından məqsədə uyğundur.
33. Məhkəmə, həmçinin hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının xəstəliyinə görə cavabdehdən 430 manat pulun tutulması hissəsində iddia qismən təmin edilməlidir.
34. Belə ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş Əli Yaqubov nitq inkişafının pozulması və autizm xəstəliyindən əziyyət çəkir və o, xx.xx.2023-cü il tarixdən etiabrən "xxxx" MMC-də terapiya keçməyə başlayıb.
35. Lakin məhkəmə hesab edir ki, valideynin əlavə xərclərə cəlb olunması dedikdə, bütün müalicə xərclərinin əlavə xərclərə cəlb olunmalı olan valideyndən tutulması deyil, həmin valideyndən əlavə xərcin müəyyən hissəsinin tutulmasını nəzərdə tutur.
36. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını, həmçinin yetkinlik yaşına çatmayan uşağın sağlamlağının vacibliyini, eləcə də uşaqlara qayğı göstərməyin valideynin vəzifəsi olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan Əlinin müalicəsi üçün tutulmalı olan alimentin məbləği hər ay 250 manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir.
37. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, Əli Yaqubovun 3 yaşınadək saxlanılması üçün alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən, Əli Yaqubovun müalicəsi üçün əlavə xərclərin tutulma müddəti bu barədə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalı, uşağın yetkinlik yaşına çatanadək tutulmalı alimentin müddəti isə hazırkı mülki iş üzrə qətnamənin qəbul edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır, belə ki, iddiaçının ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-959/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının xeyrinə cavabdehdən müvvəqqəti aliment tutulmuşdur.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment, həmçinin xx.xx.2023-cü il tarixdən başlayaraq X2 3 yaşına çatanadək, yəni xx.xx.2025-ci ilədək Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 250 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı