Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6550/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlə Cavabdeh2 və Cavabdeh1 maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 4000 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qohumu Elman vasitəsi ilə tanımışdır. Uzun müddət işsiz olduğu üçün iş axtaran zaman Elman iddiaçıya bildirmişdir ki, Elçin və Natiq adlı şəxslərin mühüm adamlarla əlaqələri var. Cavabdeh1 ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində görüşmüş, ona Neft Şirkətində sürücü işinə düzəlmək istədiyini bildirmişdir. Cavabdeh1 iddiaçını digər Cavabdeh2lə tanış etmişdir. Cavabdeh1 özünü DTX-nin işçisi kimi təqdim etmişdir. Cavabdeh2 isə özünü Neft Şirkətinin işçisi kimi təqdim etmişdir. Cavabdeh2 iddiaçını sürücü kimi işə düzəldəcəyi barədə vəd verdi və iddiaçıdan bununla bağlı 4000 manat məbləğində pul vəsaiti istədi. Bu barədə cavabdeh Elçinə dedikdə Cavabdeh1 ona narahat olmaması, pulu Natiqə verməyini, Natiqin onun iş məsələsini həll edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Zangəzur küçəsində Cavabdeh2lə görüşmüşdür və iddiaçıdan 4000 manat pul almışdır. O, iddiaçıya bir ay müddətində işə düzəldəcəyini bildirmişdir. Lakin işə düzəlməmiş, sonradan müxtəlif bəhanələr gətirmiş, pulu qaytarmasını tələb etdikdə isə boyun qaçırmışdır. Dəfələrlə cavabdehlərdən pulu qaytarmalarını tələb etsə də cavabdehlər pulu qaytarmamışdırlar. İddiaçının şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmışdır və xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Cavabdeh iddiaçıdan 4000 manat məbləğində pul aldığını etiraf etmiş, maddi imkanı olmadığına görə pulu qaytara bilməmiş, qısa müddət ərzində aldığı 4000 manat pulu qaytaracağını bildirmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş, və ya nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasının cavabdehlərinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh2 arasında aparılan danışıqlardan məlumatsız idi. İddiaçı tərəfindən ona pul verilməmişdir. İşin faktiki halları: Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 tərəfindən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 may 2023-cü il tarixində qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, Cavabdeh2 bildirmişdir ki, o, Elmanı 7-8 aydır ki, tanıyır. 2022-ci ilin noyabr ayında İntizamla iş haqqında danışmış, onu sürücü işinə düzəldəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessində yerləşən Binəqədi DRPŞ-nin qarşısında İntizamla görüşən zaman İntizam əlində 4000 manat pul olduğunu, həmin pulu ona vermək istədiyini demişdir. İntizama işə görə ondan pul almadığını, əgər şirinlik kimi verərsə qəbul etdiyini demişdir. Lakin, İntizama iş tapa bilməmişdir. İntizam ona verdiyi 4000 manat pul qaytarmasını istədikdə maddi imkanı olmadığına görə pulu qaytara bilməmiş, qısa müddət ərzində İntizamdan aldığı 4000 manat pulu qaytaracağını demişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 İddiaçı 4000 manat məbləğində pul almışdır. Bu hal Cavabdeh2 Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Həmin pul vəsaitinin cavabdeh tərəfindən götürülməsi üçün hər hansı müqavilə və ya hüquqi əsası olmamışdır. Əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh2 4000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı geri ödənilməlidir. Məhkəmə iddiaya Cavabdeh1 münasibətdə qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Cavabdeh1 pulun verilməsi öz təsdiqini tapmamışdır. Odur ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə iddiaya cavabdehlərdən müştərək qaydada 500 manat məbləğində mənəvi zərərin tutulması tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirtdiyi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən bu halla bağlı məhkəməyə müvafiq dəlil və ya sübutlar təqdim edilməmişdir. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 60 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 4000 (dörd min manat) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış manat) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6550/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6550/2024
11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver