Məhkəmə qərarları › İş №2(011)-6583/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6583/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6583/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı (bundan sonra - iddiaçı), İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə ilkin iddiasına, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 191 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar.

2. İkin və qarşılıqlı iddia ərizəslərinin dəlilləri:

a) İlkin iddia ərizəsinin dəlilləri

3. İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 396 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehdə xx.xx.2010-cu il tarixdə Biləsuvar rayonu VVADQ şöbəsində 191 nömrəli aktla rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Uşaqları tək başına saxlamaq ona çox çətindir. Cavabdeh öz uşaqlarının saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Aralarında ər-arvad münasibətləri pozulmuşdur.

b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:

5. Cavabdeh iddiaçı ilə aralarında Biləsuvar rayonu qeydiyyat şöbəsi xx.xx.2010-ci il tarixində bağlanmış və 191 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabına daxil edilmiş nikah pozulması barədə qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, uzun zamandan bəri iddiaçı ilə aralarındakı münasibət soyuyub, xasiyyətləri uyğun gəlmir. Bu səbəblə artıq uzun müddətdir ayrı yaşayırlar. 14 Sentyabr 2022-ci il tarixində “nikahın pozulması, uşaqların ananın yananda saxlanılması, aliment” tələbləri ilə bağlı aralarında 5 saylı Bakı Mediasiya Təşkilatınada Mediasiya Şurasının üzvi, M-00175 qeydiyyat nömrəsi olan mediator X2 mediatorluğu ilə ilkin mediasiya sesiyası keçirilmiş, hər ikisi iştirak etsələr də, aralarında razılığa gələ bilməmişlər və ona X5 sonra Prosesinin davam etdirilə bilməməsi barədə Arayış verilmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Cavabdeh məhkəmə baxışı zaman qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqların iddiaçının himayəsində saxlanılmasına və hər ay 386 manat məbləğində aliment ödənilməsinə etiraz etmir.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

11. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

12. Maddə 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir.

13. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

14. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

17. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

22. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir.

24. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Onlar ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Buna görə də, hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq mövcud olan tərəflərin nikahlarının davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Həmçinin, iddiaçı da nikahın pozulmasına razıdır. Odur ki, məhkəmə tərəflərin barışması üçün 3 ay müddət müəyyən etməklə işin təxirə salınmasına zərurət olmadığı qənaətinə gələrək, hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, qarşılıqlı iddial təmin edilməlidir.

25. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında qalmalıdırlar.

26. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında tərəflərin birgə nikahlarından doğulmuş uşağın anasının himayəsində saxlanılmasına etiraz etmədiyini bildirmişdir.

27. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşağın hal-hazırda iddiaçının yanında olmasını, yetkinlik yaşına çatmayan uşağın anasının yanında saxlanılmasına isə maneə ola biləcək halların müəyyən edilməməsini və cavabdehin də uşaqların iddiaçının himayəsində saxlanılmasına etiraz etmədiyini nəzərə alaraq belə qənaətə ki, uşağın faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında saxlanılması daha məqsədəuyğundur. Məhkəmə uşağın anasının yanında saxlanılması qənaətinə gələrkən həm də, onun kiçik yaşda olmasını, bununla bağlı gündəlik ehtiyaclarının (gigiyenik, qidalanma və s.) anası tərəfindən təmin edilməsinə daha çox zərurət olduğunu nəzərə alır.

28. Məhkəmə, həmçinin hesab edir ki, ilkin iddia alimentin tutulması hissəsində də təmin edilməlidir.

29. Valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıması (AM-nin 58.2-ci maddəsi), habelə uşaqlarına görə aliment ödəməklə onları saxlamaq vəzifəsi (AM-nin 75.1-ci maddəsi) qanunda imperativ qaydada müəyyən edilmişdir.

30. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasının 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-cavabdehin rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olduğundan ikinci qayda tətbiq ediləcəkdir.

31. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

32. Hazırda cavabdeh iddianın alimentə dair hissəsini də qəbul edir. Odur ki, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment ödəməyə etiraz etmədiyini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində müəyyən edilməlidir.

33. Məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlanmalıdır (§17).

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İlkin və qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsində 191 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılsınlar. 05 oktyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar