Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6596/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “ödənilməmiş əmək haqqının və digər vəsaitlərin ödənilməsi, vəzifənin sistemdə düzəldilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-nə qarşı – xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ona ödənilməli olan lakin ödənilməmiş əmək aylıq əmək haqqının (təxminən 1 ay yarım), istifadə olunmamış məzuniyyətə görə ödənilməmiş son haqq hesabın hesablanaraq cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi; xx.xx.2014-cü il tarixli, 27 saylı Əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsi, bu barədə elektron sistemdə düzəlişin edilməsi; xx.xx.2016-cı il tarixli, 1/15 saylı Əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsinə, bu barədə elektron sistemdə düzəlişin edilməsinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək Cavabdeh MMC-də çeşidləyici vəzifəsi üzrə, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Cavabdeh MMC-də kassir vəzifəsi üzrə çalışmışdır. Cavabdeh ilə bağlanılmış müqavilə əsasında öz öhdəliklərini lazimi qaydada yerinə yetirsə də cavabdeh tərəfindən qanunsuzluğa yol verilmiş və öz ərizəsi ilə işdən çıxarılmağa məcbur edilmişdir. Belə ki, Cəmiyyət tərəfindən onun işdən çıxarılmağına dair ərizə yazılmasına dair təzyiq olunduqdan sonra o, ərizə yazaraq işdən çıxarılmışdır. İşdən çıxdıqdan sonra isə cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesab ona ödənilməmişdir. Belə ki, 2020-ci ildən 2021-ci ilədək çalışdığı müddət ərzində istifadə edilməmiş məzuniyyət haqlarının məbləği hesablanaraq ödənilməli idi. Bundan başqa, əmək kitabçasından da aydın olduğu kimi xx.xx.2021-ci il tarixində onun işdən çıxarılmağına dair əmr verilmiş və buda əmək kitabçasında öz əksini tapmışdır. Göründüyü kimi o, xx.xx.2022-ci il tarixindən işdən çıxarılsa da xx.xx.2021-ci il tarixindən əmək münasibətlərinə xitam verilən tarixədək ona cəmi 32 manat məbləğində vəsait dənilmişdir. Halbuki, onun əmək haqqı isə 410 manat təşkil edib. Bütün bu faktlar bankdan çıxarışda da öz əksini tapır. Odur ki, Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ona ödənilməli olan lakin ödənilməmiş aylıq əmək haqqının (təxminən 1 ay yarım), istifadə olunmamış məzuniyyətə görə ödənilməmiş son haqq hesabın hesablanaraq cavabdeh tərəfindən ödənilməsini zəruri hesab edir. O, yeni işə qəbul olunduqdan sonra yeni iş yeri tərəfindən sistemdə vəzifəsinin çeşidləyici olaraq deyildə xadimə kimi qeyd olunduğunu bildirilmişdir. O, həmin vaxtadək xadimə kimi elektron sistemdə qeyd olunduğundan xəbərsiz olmuşdur. Belə ki, xadimə olaraq sistemə vurulsa da o, faktiki olaraq əmək kitabçasında çeşidləyici olaraq qeyd olunduğundan onun sistemdə xadimə kimi əlavə edilməyinə dair məlumatlı olmağı qeyri-mümkün idi. O, sistemdə xadimə kimi qeyd edilməyindən məlumatlı olduqdan sonra dərhal aidiyyatı qurumlara müraciət etmişdir. Sözü gedən əmək mübahisəsiylə əlaqədar olaraq Cəmiyyətə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə tərəfindən müraciət olunsa da mübahisə öz həllini tapmamşdır. Əmək Müfəttişliyi tərəfindən ona göndərilmiş, xx.xx.2022-ci il tarixli, **********5 sayıı məktubda da Cəmiyyət tərəfindən yol verilmiş hüquq pozuntusu ilə əlaqədar olaraq AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq Cəmiyyət barəsində xx.xx.2022-ci il tarixində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati tənbeh tətbiq mmuşdur. Bundan başqa, mübahisənin məhkəmədən kənar mediasiya prosesində həll edilməsi üçün mediasiya prosesinin tətbiq edilməsi barədə təklif göndərilsə də, cavabdeh mübahisənin həllində maraqlı olmamış və buna dair xx.xx.2022-ci il tarixində MŞB-5-03067 saylı ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, Cavabdeh MMC tərəfindən pozulmuş hüquqlarının bərpası, son haqq-hesabının, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ona ödənilməli olan lakin ödənilməmiş aylıq əmək haqqının (təxminən 1 ay yarım), istifadə olunmamış məzuniyyətə görə ödənilməmiş son haqq hesabın hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsini, eyni zamanda xx.xx.2014-cü il tarixli 27 saylı Əmrə sasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsinə, bu barədə elektron sistemdə düzəlişin edilməsini və xx.xx.2016-cı il tarixli, 1/15 saylı Əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsinə, bu barədə elektron sistemdə düzəlişin edilməsini qanunauyğun hesab edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında göstərdi ki, iddia tələblərinin “xx.xx.2014-cü il tarixli, 27 saylı əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsinə, bu barədə elektron sistemdə düzəlişin edilməsinə dair; xx.xx.2016-cı il tarixli, 1/15 saylı əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsinə, bu barədə elektron sistemdə düzəlişin edilməsinə dair” hissələri ilə bağlı bildirmişdir ki, iddiaçı həmin hissələrdə iddia iddia müddətini ötürməklə qaldırmışdır. İddia müddətinin tətbiq edilməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim edilmişdir. İddiaçı iddia müddətini ötürməsəydi belə, onun iddiası əsaslı deyildir. Belə ki, İddiaçı Talib qızı ilk dəfə xx.xx.2016-cı il tarixində hazırki iş üzrə Cavabdeh MMC-yə kassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı bu tarixdən əvvəl Cavabdeh MMC-də hər hansı vəzifədə çalışmamışdır. Ona görə də Cavabdeh MMC xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixlərində baş vermiş məsələlərə görə cavabdehlik daşıya bilməz və bunların Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. İddia tələblərinin “xx.xx.2021-ci il tarixindən xx.xx.2021-cı il tarixinədək iddiaçıya ödənilməli olan əmək haqqının və istifadə olunmamış məzuniyyətə görə ödənilməmiş son haqq hesabın hesablanaraq iddiaçıya ödənilməsinə dair” digər hissəsi ilə isə bağlı bildirmişdir ki, iddiaçı ilə olan əmək münasibətlərinə xx.xx.2021-ci il tarixində xitam verilmiş, lakin iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində üzrsüz səbəbdən işə çıxmamışdır. Bununla bağlı bildirmişdir ki, Cavabdeh MMC işçilərinin işə davamiyyət qaydalarına riayət edib-etməmələrini yoxlamaq və buna nəzarət etmək məqsədilə "Gözcü” MMC ilə müqavilə bağlamış, Cavabdeh MMC-nin Baş ofisini və Cavabdeh MMC-yə məxsus mağazaları xüsusi cihazlarla təchiz etmişdir. Belə ki, işçi ilə əmək müqaviləsi bağlandıqdan sonra o, davamiyyət cihazında barmaq izini qeydiyyatdan keçirir və ya qeydiyyat “facecontrol” qaydasında aparılır, işçi iş günləri işə gəldikdə və işdən çıxdıqda cihazda barmaq izini və ya üzünü tanıdır; həmin məlumatlar Cavabdeh MMC-nin mərkəzi sisteminə inteqrasiya olunur. Bununla da işçinin işə vaxtında gəlib-gəlmədiyinə, iş vaxtı ərzində iş yerində olmasına və işdən gündəlik iş saatı bitməmiş çıxdığına nəzarət edilmiş olur. Cavabdeh MMC-nin bütün işçi heyəti davamiyyət cihazından qeydiyyatdan keçmişdir və onların iş vaxtı iş yerində olub-olmadığına nəzarət etmək mümkündür. Həmin sistemdən bu etiraza əlavə edilmiş çıxarışdan da göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna baxmayaraq onunla olan əmək münasibətlərinə xitam verildiyi gün işdə olduğu günlərə uyğun olaraq, əmək haqqının qalığı və son haqq hesab tam şəkildə ona ödənilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Əmək kitabçasının surətinnən görünür ki, iddiaçı: xx.xx.2014-cü il tarixdə fiziki şəxs X1 məxsus Cavabdeh ticarət obyektinə “Çeşidləyici” vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2ç (müəssisə mülkiyyətçisi dəyişdikdə) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə fiziki şəxs X2 məxsus Cavabdeh ticarət obyektinə “Çeşidləyici” vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-yə “kassir” vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə Cəmiyətdə “baş kassir” vəzifəsinə keçirilib. xx.xx.2021-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə “baş kassir” vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********6 saylı məktubdan görünür ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunması məqsədi ilə "xxxx" MMC-nin rəhbərliyinə xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktub (SS740346755AZ) göndərilmiş, lakin sənədlər tam təqdim edilməmişdir. Təqdim olunmuş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirərkən onunla cəmiyyətin rəhbəri arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə, xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə xitam verildiyi məlum olmuşdur. Həmçinin iş vaxtının uçotu tabellərinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021 ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi, xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi üzrə son haqq-hesabın isə ödənildiyi müəyyən edilmişdir. Ona aid sənədlərin (xx.xx.2016-cı il tarixdə və xx.xx.2021-ci il tarixdə bağlanmış yazılı əmək müqavilələrinin surəti, işlədiyi dövrlər üzrə məzuniyyət əmrləri, ərizələri və ödənilməsini təsdiq edən sənədlər, iş vaxtının uçotu tabelləri, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər) tam təqdim olunmasına köməklik göstərilməsi məqsədilə tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən sənədlər tam təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 saylı məktubdan görünür ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğurı olaraq müraciətinizin araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirimiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində Cavabdeh MMC-nin həm hüquqi, həm də faktiki ünvanı kimi qeyd olunmuş AZ1123, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 1C ünvanına xx.xx.2022-ci il tarixli **********0 saylı (8S781420000AZ) məktub göndərilmiş, göndərilən məktubun “poçt göndərişlərinin izlənməsi alt sistemi”ndəki məlumatlara əsasən xx.xx.2022-ci il tarixində ünvana çatdırıldığı müəyyən olunmuşdur. Lakin keçən dövr ərzində Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən heç bir cavab verilməmiş və sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirimiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış zamanı onunla bağlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanması və dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişlərinə əsasən onun baş kassir işlədiyiniz müəyyən olunmuşdur. Eyni zamanda, həmin məlumatlara əsasən onunla bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi məlum olmuşdur. Əlavə olaraq bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə yoxlamalar xx.xx.2023-cü il tarixədək dayandırıldığından müraciətinizin yerində ətraflı araşdırılması mümkün olmamışdır. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 saylı məktubdan görünür ki, Vətəndaşlarin müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətininin araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunması məqsədi ilə f/ş X.İsmayılovanın ünvan 3 ünvanına xx.xx.2022-ci il tarixli **********2 saylı (SS794075137AZ) göndərilən məktub “köçüb” qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə əsasən onunla bağlanmış xx.xx.2021-cı il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndnə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən olunmuşdur. Əmək müqaviləsinə xitam verilərkən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı və 172-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən, Cavabdeh MMC-nin direktoru Ramin Şirinovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Son haqq-hesabın 10 gün ərzində hesablanaraq, ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli, **********9 saylı məktub ünvanlanmışdır. Hesab haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixə 32,06 manat əmək haqqı hesablanmışdır. İş vaxtının uçotu cədvəlindən çıxarışdan görünür ki, baş kassir vəzifəsi üzrə İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə iş saatı hesablanmamışdır. 02 sentyabr 2022-ci il tarixli Bakı 5 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMCnin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyası xərcini ödəmişdir. İşdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin qərarından verdiyi şikayət təmin edilmiş, qərar ləğv edilmiş, X3 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-ci il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən, iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Adı çəkilən Məcəllənin 154.1-ci maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...X5 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin .... Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. ...Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. ...Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Konstitusiya Məhkəməsi E. Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-cu maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.3 maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə fiziki şəxs X1 məxsus Cavabdeh ticarət obyektinə “Çeşidləyici” vəzifəsinə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2ç (müəssisə mülkiyyətçisi dəyişdikdə) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə fiziki şəxs X2 məxsus Cavabdeh ticarət obyektinə “Çeşidləyici” vəzifəsinə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-yə “kassir” vəzifəsinə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə Cəmiyətdə “baş kassir” vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə “baş kassir” vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2021-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək münasibətləri əmək müqaviləsi bağlanarkən işə götürən və işçi arasında yaranmaqla əmək münasibətlərinin tərəfləri işəgötürən və işçilərdir. Hazırki mübahisənin bir hissəsi üzrə, “xx.xx.2014-cü il tarixli, 27 saylı Əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsi, bu barədə elektron sistemdə düzəlişin edilməsi; xx.xx.2016-cı il tarixli, 1/15 saylı Əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsinə, bu barədə elektron sistemdə düzəlişin edilməsi” barədə hesab edir ki, xx.xx.2014-cü il tarixli, 27 saylı Əmrə əsasən işəgötürən fiziki şəxs X1 məxsus Cavabdeh ticarət obyekti, xx.xx.2016-cı il tarixli, 1/15 saylı Əmrə əsasən işəgötürən fiziki şəxs X2 məxsus Cavabdeh ticarət obyekti olmuşdur. İddia ərizəsi üzrə cavabdeh qismində qoyumuş Cavabdeh MMC işəgötürən təşkilat olmadığından, əmək mübahisəsinin tərəfi deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ona ödənilməli olan lakin ödənilməmiş əmək aylıq əmək haqqının (təxminən 1 ay yarım), istifadə olunmamış məzuniyyətə görə ödənilməmiş son haqq hesabın hesablanaraq cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi” hissəsi barədə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona əmək haqqının ödənilmədiyini iddia etsə də, məhkəmə baxışı zamanı onun bu iddiaları araşdırılmış sübutlarla təkzib olunmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı öz xahişi ilə işdən azad edilmiş, ona xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi üzrə son haqq-hesab ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Bununla da həmin dövr üçün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçının işləmədiyi dövr üçün əmək haqqı tələb etməsi ilə bağlı tələbi təmin edilə bilməz. Cavabdeh müəssisənin nümayəndəsinin iddia tələbinə etirazın dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini isə məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarından isə aydın olur ki, iddiaçı 22 avqust 2022-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, 02 sentyabr 2022-ci il tarixdə isə “ilkin mediasiya sessiyasında” iştirak etmişdir, beləliklə qanunvericiliyin tələbi baxımından iddia müddəti ötürülməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ona ödənilməli olan lakin ödənilməmiş əmək aylıq əmək haqqının (təxminən 1 ay yarım), istifadə olunmamış məzuniyyətə görə ödənilməmiş son haqq hesabın hesablanaraq cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi; xx.xx.2014-cü il tarixli, 27 saylı Əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsi, bu barədə elektron sistemdə düzəlişin edilməsi; xx.xx.2016-cı il tarixli, 1/15 saylı Əmrə əsasən xadimə vəzifəsinin çeşidləyici vəzifəsinə dəyişdirilməsi, bu barədə elektron sistemdə düzəlişin edilməsinə barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6596/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6596/2022
30.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver