Məhkəmə qərarları › İş №2(011)-6597/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6597/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6597/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Nurəddin oğlunun, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 3767.4 manat pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilən 59 manat dövlət rüsumun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdr. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli podrat müqaviləsinə əsasən “Draft Construction" MMC iddiaçının mülkiyyətində olan Eldar Tağızadə küçəsi ev 5 ünvanında yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, yaşayış sahəsi 66,12 kv.m olan 3 otaqlı məzilin əvəzində iddiaçıya “Draft Construction" MMC tərəfindən inşa ediləcək çoxmərtəbəli binada yerləşən, sahəsi 66,12 kv.m-dən 15 faiz çox - yəni 76,038 kv.m olan mənzili tikib, təmir edib təhvil verməli idi. Cavabdeh MMC tərəfindən çoxmərtəbəli yaşayış binası inşa edilərək, həmin binada - ünvan 2, ev 12/16, mənzil 128 (yeni qaydalarla: AZ 1007, ünvan 2, 16, M4, m8) iddiaçıya təhvil verilmişdir. Həmin mənzilə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Texniki pasport aldıqdan sonra iddiaçıya məlum oldu ki, Cavabdeh MMC tərəfindən müqavilənin şərtləri pozularaq, ona sahəsi 76,038 kv.m deyil, cəmi 74,4 kv.m olan mənzil təhvil verilmişdir. Belə olan halda iddiaçının mənzilinin sahəsi müqavilə ilə razılaşdırılmış sahədən 1,638 kv.m az olur. ünvan 2ndə yeni tikili binalarda təmirli mənzilin 1 kv.metrinin qiyməti minimum 2300 manatdır. Belə olan halda Cavabdeh MMC podrat müqaviləsinin şərtlərini pozmaqla əskik olan 1,638 kv.m mənzil sahəsinə gərə iddiaçıya 3767,4 manat maddi zərər vurmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə Nurəddin oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2, ev 12/16, mənzil 128 (yeni qaydalar ilə : AZ 1007, ünvan 2, 16, M4, m8) İddiaçı adına qeydiyyata alınmışdır və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlər) – 67.90 kv.m-dir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Qəzalı vəziyyətində olan binanın mülkiyyətçisinin mənzilin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilənin 1.1-ci maddəsindən görünür ki, AR NK-nin xx.xx.2016-cı il tarixli 086 saylı Qərarı ilə Nəsimi rayonunun sosial-iqtisadi inkişafın sürətləndirməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi rayon İcra Hakimiyyətinin bu işlərə Sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi Cavabdeh MMC (VÖEN:**********) tikinti şirkəti ilə podrat münasibətlərini müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu Azadlıq pr-ti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə E.Tağızadə küç, ev 5 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 (iki) mərtəbəli binanın 2 (ikinci) mərtəbəsində 3 otaqlı mənzil olduğu yaşayış binasının və ona aid 47.69 kv metr istifadəsində zirzəminin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 62.7 kv.m olduğu halda faktiki ümumi sahəsi 66.12 kv.m həddində və ondan 15% sahə əlavə edilməklə uyğun mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, “Sifarişçi” isə inşa edilmiş bu mənzili “Mülkiyyətçi” nin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Texniki Pasportdan görünür ki, ünvan 2, ev 12/16, mənzil 128 (yeni qaydalar ilə : AZ 1007, ünvan 1 ünvanındakı mənzilin ümumi sahəsi 67.9 m2, yaşayış sahəsi isə 36.2 m2 olmuşdur. Otaqların təyinatı dəhliz 13.1 m2, sanitar qovşağı 2.1 m2, sanitar 3.4 m2, yaşayış otağı 12.4 m2,mətbəx 10.3 m2, yaşayış otağı 13.5 m2 və balkon 2.8 (9.3 x 0.3=2.8) m2 olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş G-02/24-013 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yeni tikili binalarda orta təmirli mənzillərin 1 kv.metrinin 2017-ci ilə bazar qiyməti 2100-2300 manat müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 3603.6 (üç min altı yüz üç manat altmış qəpik) manat məbləğində dəymiş ziyanın əvəzi və 56 (əlli altı) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın İddiaçı alınaraq dövlət büdcəsinə ödəniməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 210/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 451-ci maddəsinə əsasən borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın: 2-ci bəndinə əsasən balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydançadır; 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən mənzillə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda bu mənzilin ümumi sahəsinin 67,90 kv.m. olduğu göstərilmiş və hesablama yuxarıda istinad olunan Qaydaların tələblərinə uyğun olaraq mənzildə olan 01 ədəd balkonun sahəsinin 0,3 azaltma əmsallarına vurulmaqla aparılmışdır. Həmin balkonun real sahəsi də (9,3 kv.m) nəzərə alındığı təqdirdə qeyd edilən mənzillə bağlı tərtib edilmiş plana (texniki pasporta) əsasən mənzilin ümumi sahəsi (13,1+2,1+3,4+12,4+10,3+10,3+13,5+9,3) 74,4 kv.m. təşkil edir ki, bu ölçü də müqaviləyə əsasən təhvil verilməli olan sahənin (72,1 kv.m.) ölçüsündən 2,3 kv. artıqdır. Bu hal məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/6171 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Xüsusilə, qeyd olunmalıdır ki, rəyə əsasən mübahisəli mənzilin azalma əmsalı tətbiq olunmadan, həmçinin bayır və ara divarlanın altı nəzərə alınmadan 74,4 kv.m ölçüdə olduğu göstərilmişdir. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya müqavilə şərtlərində nəzərdə tutulmuş sahədən nəinki əskik, hətta artıq ölçüdə mənzil təhvil verilmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixli “Qəzalı vəziyyətində olan binanın mülkiyyətçisinin mənzilin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilə üzrə hansı ölçüdə mənzilin verilməli olduğu və cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun ölçüdə mənzilin təhvil verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisiyal əhəmiyyət kəsb edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)-3219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki mülki iş üzrə yenidən mübahisələndirilə bilməz və bu məhkəmə üçün məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 3767.4 manat pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilən 59 manat dövlət rüsumun alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 3767.4 manat pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilən 59 manat dövlət rüsumun alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar