Məhkəmə qərarları › İş №2(011)-662/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-662/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-662/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “elektrik qutusuna müdaxilənin qadağan edilməsi, internet kabelinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən o xx.xx.2022-ci ildən Bakı şəhəri, Xətai rayonu, Babək pr., ev 94, ev 3, 50 saylı 1 (birotaqlı) mənzilin mülkiyyətçisidir. Evin idarəçiliyini cavabdeh həyata keçirir. Evin saxlanması və təmirinə zəruri olan bütün xərcləri evin komendantına aylıq ödənişlər etməklə mənzillərin mülkiyyətçiləri çəkirlər. Kommunal xidmətlərə görə ödənişləri müvafiq kommunal xidmətlər ilə bağlanmış müqavilələr əsasında mülkiyyətçilər ödəyirlər. Çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə sakinlərin ödəməli olduğu haqqın məbləğini evin sakinlərinin iştirakı olmadan cavabdeh özü müəyyən etmişdir. Yaşayış sahəsinin saxlanması və təmirinə görə ödəməli olduğu aylıq haqq cavabdeh tərəfindən onun üçün 10 manat məbləğində müəyyən edilmişdir. Onun mənzilində dostu öz ailəsi ilə müvəqqəti yaşayır. Onun mənzili evin ikinci blokundadır. Həmin blok 2 il müddətində təmirə ehtiyacı olan vəziyyətdə olmuşdur. Evin sakinləri, o cümlədən, o dəfələrlə blokun təmirə ehtiyacı olması barədə komendanta müraciət etmişlər, lakin o, müxtəlif bəhanələrlə təmirdən yayınmışdır. Bununla bağlı o dəfələrlə yaşayış tikilisinin aylıq təmir xərcini ödəməkdən imtina etmişdir. Aylıq işıq ödənişindən hər dəfə imtinadan sonra komendant onun mənzilində işıq təchizatını dayandırmışdır. 2022-ci ildən indiyə qədərki müddətdə cavabdeh 12 dəfə onun mənzilinə gələn işığı kəsmişdir. Mənzidə yaşayanlar 10 saatdan artıq müddətdə işıqsız qalmışlar. Elektrik qutusuna daxil olmaq imkanı olmadığına görə "xxxx" ASC-nin əməkdaşlarına müraciət edirmiş ki, onlar sayğacı şəbəkəyə qoşub, komendanta bildirirmişlər ki, onun işıqdan istifadə üzrə borcu yoxdur və onların onun və ya digərlərinin işığını kəsmək hərəkətləri qanunsuzdur. Sonralar onun işığı növbəti dəfə kəsiləndən sonra "xxxx" ASC-nin əməkdaşları komendantla mübahisə etməkdən yorulmuşlar və ona polisə müraciət etməyi məsləhət ediblər. Komendantın qanunsuz hərəkətləri barədə o dəfələrlə 102 qaynar xəttinə zəng etmiş və özü rayon polis idarəsinə müraciət etmişdir. Polis idarəsində ona tövsiyə etmişlər ki, özü bibaşa sayğaca qoşulsun və lazım olduqda polisə zəng etsin, onlar polis qrupu göndəriblər. Evin blokunda divar və kafel bəzi yerlərdə uçub tökülmüş, blokun sahəsi antisanitar vəziyyətdə olmuşdur. Bununla bağlı olaraq, blokda təmir edilənə qədər o mart, aprel və may ayları üçün evin saxlanmasına aylıq ödənişdən imtina etməyə məcbur olmuşdur. Sakinlərin təkidi ilə komendant evin blokunda təmir etməyə məcbur olmuşdur. Komendanta 3 ay üçün 30 manat ödəniş etmək istədikdə, sonuncu ondan pulu almaqdan imtina etmiş və bildirmişdir ki, evin saxlanmasına aylıq xərc artıq 10 manat deyil, 25 manatdır. Evin saxlanmasına aylıq xərcin məbləği mənzillərin sahəsinə müvafiq olaraq bütün sakinlər üçün artırılmışdı. 16 mərtəbəli binada hər blokda 60 mənzil vardır.

İddiaçının tələbi:

2. Cavabdeh "xxxx" MMC-nin üzərinə iddiaçıdan artıq tutulmuş 45 manat məbləğində vəsaitin iddiaçıya qaytarması vəzifəsi qoyulmasını, cavabdeh "xxxx" MMC-dən 1000 manat məbləğində mənəvi zərərin, cavabdeh "xxxx" MMC-nin barəsində AR MPM-nin 265-ci maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

3. xx.xx.2024-cü il tarixsə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin üzərinə ondan artıq tutulmuş 45 manat məbləğində vəsaiti ona qaytarılması vəzifəsinin qoyulmasını, Cavabdeh1 MMC-dən 1000 manat məbləğində mənəvi zərərin onun xeyrinə tutulmasını xahiş etmişdir.

4. Daha sonra xx.xx.2025-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək cavabdehlər "xxxx" MMC-yə və "xxxx" 25 MMC-yə onun mənzilinin işıqlarını söndürməsi üçün elektrik qutusuna müdaxilənin qadağan edilməsini, cavabdeh "xxxx" MMC-nin üzərinə ondan artıq tutulmuş 45 manat məbləğində vəsaitin ona qaytarılması vəzifəsinin qoyulmasını, cavabdeh "xxxx" 25 MMC-nin üzərinə yaşayış sahəsinin saxlanması və təmirinə görə olan əvvəllər müəyyən edilmiş aylıq ödənişin 10 manat məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada ölçüsü dəyişdirilənədək saxlamağı vəzifəsinin qoyulmasını, cavabdeh "xxxx" 25 MMC-nin üzərinə onun mənzilində internet kabelinin bərpa etməsi vəzifəsinin qoyulmasını, cavabdehlər "xxxx" MMC-nin və "xxxx" 25 MMC-nin hər birindən 1000 manat, cəmi 2000 manat məbləğində mənəvi zərərin onun xeyrinə tutulmasını xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, o artıq olaraq ödənilmiş 45 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. O bildirmişdir ki, hazırda kommunal xərclərə görə ödəniş etmir, çünki ödənişin məbləği əvvəl 10 manat olmasına baxmayaraq qiymət artımı olduğu üçün ödəniş etmir. O, iki ildir ki, həmin mənzildə yaşayır. O, 2022-ci ildən həmin mənzildə yaşayır. 1 il 2 ay kommunal xərcləri ödəmiş, lakin 2024-cü ilin mart ayından qiymətlərin artımından sonra o ödəniş etmir. Belə ki, ona zəng edərək kommunal qiymətinin artdığını artıq 25 manat ödəməli olduqlarını bildirilmişdir, lakin o qeyd etmişdir ki, bununla bağlı heç bir iclas keçirilməmiş, ona heç bir məlumat verilməmişdir. Həmçinin iddiaçı işığın yandırılması üçün 45 manat ödəniş etmiş, bundan sonra işığın verilişi davam etdirilmiş və o onlara bildirmişdir ki, məhkəməyə müraciət edərək həmin 45 manat pul vəsaitini onlardan geri alacaqdır. İddiaçı cavabdehlərlə aralarında heç bir müqavilənin olmadığını, müqavilə qanuna əsaslanmadığından müqavilə bağlamaqdan imtina etdiyini bildirmişdir. O "xxxx" MMC-yə və "xxxx" 25 MMC-yə onun mənzilinin işıqlarını söndürməsi üçün elektrik qutusuna müdaxilənin qadağan edilməsini, "xxxx" MMC-nin və "xxxx" MMC-nin hər birindən 1000 manat mənəvi zərərin onun xeyrinə tutulmasını, həmçinin kommunal xərclər üçün 10 manat vəsaitin onun üçün qüvvədə qalmasını xahiş etmişdir. O izahatına əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC-nin əməkdaşları eynidir. İddiaçı işığın saat 6-da söndürüldüyünü və sonra da iş saatının bitdiyini əsas gətirdiklərini bildirmişdir. Kirayəçi ilə bağlı 34-cü polis bölməsinə müraciət etdiklərini sahə müvəkkilinin gələrək akt tərtib etdiyini və bundan sonra həmin mənzildə heç kimin qalmadığını özünün yaşadığını bildirmişdir. O iddiaçı tərəfindən işıq kabelinin kəsildiklərini bildirmişdir. O məcbur olduğu üçün qapını açdığını qeyd etmişdir

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin direktoru X2 öz izahatında bildirmişdir ki, "xxxx" MTK-nın təsisçisidir, Cavabdeh1də direktor müavini işləmişdir. Cavabdeh1 noyabrın 1-dən fəlaiyyətini dondurub gedib, 4 illik "xxxx" MTK ilə olan müqaviləsi bitib. Hazırda o Cavabdeh2 MMC-ni təsis edib, 2024-cü ilin noyabr ayının 1-dən fəaliyyət göstərir. Cavabdeh2 MMC ilə sakinlər arasında müqavilə var. O bildirmişdir ki, iddiaçının işığı onlar tərəfindən söndürülməmişdir, avtomat ata bilər ona görə məsuliyyət daşımırlar, həmçinin iddiaçının şitin qapısını sındırdığını, hazırda qapısının açıq olduğunu bu səbəbdən hər kəsin yandırıb-söndürə biləcəyini qeyd etmişdir. Qapının da iddiaçının özünün sındırdığını bildirmişdir. İddiaçı 2023-cü ildə ona yaxınlaşaraq müəllim olduğunu bu səbəbdən imkanının olmadığını bildirmiş, bu səbəbdən o da şəxsi vəsaiti hesabına onun üçün kommunal xərci yalnız ona münasibətdə 10 manat məbləğində müəyyən etmişdir. 2024-cü ilin yanvarında kommunal xərcin məbləği 5 manat artmış, 25 manat olmuşdur və ona 15 manat ödəyəcəyi bildirilmişdir o isə buna etiraz etmişdir. Cavabadeh Cavabdeh2 MMC-nin direktoru qeyd etmişdir ki, iddiaçı ilə müqavilələri yoxdur, iddiaçı Cavabdeh1 MMC ilə müqavilə bağlamaqdan imtina etmiş, Cavabdeh2 MMC ilə isə müqavilə bağlamamışdır, lakin iddiaçı onların xidmətlərindən istifadə edir, belə ki, 14-cü mərtəbədə yaşayır bu səbəbdən liftdən istifadə edir, eyni zamanda işıq və qaz xətlərindən istifadə edir, lakin heç bir kommunal xərc ödəmir. O avtomatın oğurlanmasına nəzarət edə bilmədiyini, belə ki, 730 avtomat olduğundan ona nəzarətin qeyri-mümkün olduğunu bildirmişdir. Əlavə olaraq həmin mənzildə kirayəçi qaldığını, iddiaçının həmin kirayəçi ilə bağlı onlara heç bir məlumat təqdim etmədiyini, müqavilənin olmadığını bildirmişdir.

8. Cavabdeh ”Rek Holding” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Çıxarışına Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

10. xx.xx.2024-cü il tarixli, № 010453 saylı, xx.xx.2024-cü il tarixli, № 011860 saylı, xx.xx.2024-cü il tarixli, № 011861 saylı və xx.xx.2024-cü il tarixli, № 249248 saylı mədaxil qəbzləri.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 55-1/2-M-112 saylı məktubu.

12. № 92244 saylı satış çeki.

13. xx.xx.2024-cü il tarixli “Kommunal Xidmətlərin göstərilməsi haqqında” müqavilə.

14. xx.xx.2024-cü il tarixli “Kommunal Xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən kommunal xidmətlərə ümumi istifadədə olan meydançaların, həyətyanı sahələrin təmizlənməsi, liftin saz vəziyyətdə saxlanılması və təmiri, binanın daimi su ilə təminatı, binanın ümumi istifadədə olan hissələrinin və binanın çöl tərəfinin (fasadın) cari təmir, zibildən təmizlənməsi, zibilin meydançadan daşınması xidmətləri, binanın təhlükəsizliyinin və mühafizəsinin təmin olunması aiddir.

15. Cavabdeh2 Nizamnaməsi.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-43201/2024 saylı məktubuna əsasən Cavabdeh1 (VÖEN **********) xx.xx.2009cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir.

17. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai Rayonu Enerji Təchizatı və Satış İdarəsinin № ƏCS-63 saylı məktubuna əsasən X1 mənzilinin enerji təchizatı Xətai RETSİ əməkdaşları tərəfindən dayandırılmamışdır.

18. Disk və fotoşəkillər.

19. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 121.2. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. 121.3. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır. 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

25. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı.

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.

28. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§25)

31. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

32. Məhkəmə iddia tələbini araşdıran zaman müəyyən etmişdir ki, iddia tələbi bir neçə hissəsən ibarətdir. Belə ki, iddiaçının ilk tələbi cavabdehlər "xxxx" MMC-yə və "xxxx" 25 MMC-yə onun mənzilinin işıqlarını söndürməsi üçün elektrik qutusuna müdaxilənin qadağan edilməsidir. Məhkəmə iddia tələbini bu hissəsədə əsaslı hesab edir. Belə ki, qeyd edilən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitutsiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Məhkəmə araşdırması zamanı iddiaçının mənzilinin söndürülməsi hallarının baş verdiyi məlum olmuşdur. Bu cür müdaxilə hər iki cavabdehin mənzilin yerləşdiyi çoxmənzilli binanın idarə edilməsi, təhlükəsizlik və sairə kimi məsələlər üzrə öhdəlik daşıdığı zaman baş vermişdir. Cavabdeh2 MMC-nin direktoru X2 öz izahatında həmin mənzilinin işıqlarını söndürməsi üçün elektrik qutusuna müdaxilə edilməsindən xəbərdar olduğunu bildirmişdir. Lakin bununla bağlı hər hansı tədbir görmədiklərini qeyd etmişdir.

34. Məhkəmə hesab edir ki, mülki iş üzrə hər iki cavabdeh həmin binada kommunal xidmətləri həyata keçirir, mülki iş materiallarına əlavə edilmiş məlkiyyətçilərlər bağlanmış müqavilələrdən (Müqavilənin 1.2. bəndi) , o cümlədən Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən ixtisaslaşmış təşkilatın vəzifələri sırsına ümumi istifadə olunan ərazilərdə təhlükəsizliyin təmin edilməsidir. İddiaçının işıq sayğacı binanın ümumi istifadədə olan ərazisində yerləşdiyindən ona müdaxilə ilə bağlı cavabdehlər məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini cavabdehlər "xxxx" MMC-yə və "xxxx" 25 MMC-yə onun mənzilinin işıqlarını söndürməsi üçün elektrik qutusuna müdaxilə etməsinin qadağan edilməsi hissəsində əsaslı hesab edir.

35. Məhkəmə iddia tələbini cavabdeh "xxxx" MMC-nin üzərinə ondan artıq tutulmuş 45 manat məbləğində vəsaitin ona qaytarılması vəzifəsinin qoyulmasını, cavabdeh "xxxx" 25 MMC-nin üzərinə yaşayış sahəsinin saxlanması və təmirinə görə olan əvvəllər müəyyən edilmiş aylıq ödənişin 10 manat məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada ölçüsü dəyişdirilənədək saxlamağı vəzifəsinin qoyulması hissəsində əsaslı hesab etmir.

36. Belə ki, məhkəmə qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər... Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil- tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. (§28)

37. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehlərlə müqavilə bağlamadığını bildirmişdir, lakin məhkəmə araşdırması zamanı tərəflərin verdikləri izahatlardan aydın olur ki, iddiaçıya məxsus mənzil binanın 14-cü mərtəbəsində yerləşir və iddiaçı liftdən istifadə edir və cavabdeh tərəfindən ümumi istifadədə olan meydançaların, həyətyanı sahələrin təmizlənməsi, liftin saz vəziyyətdə saxlanılması və təmiri, binanın daimi su ilə təminatı, binanın ümumi istifadədə olan hissələrinin və binanın çöl tərəfinin (fasadın) cari təmir, zibildən təmizlənməsi, zibilin meydançadan daşınması xidmətləri, binanın təhlükəsizliyinin və mühafizəsi xidmətləri bütün binaya eyni zamanda iddiaçıya göstərilir. Mülki iş materiallarına əlavə edilmiş müqavilələri nəzərdə keçirən zaman müəyyən edilmişdir ki, liftin saz vəziyyətdə saxlanılması və təmiri kommunal xidmətlərin dairəsinə aiddir. Lakin iddiaçı binaya aid liftdən istifadə etməsinə baxmaraq cavabdehlərlə müqaviləsinin olmamasına istinad edərək kommunal xidmət haqqını ödəməkdən yayınır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin olmaması onları öhdəliklərinin icrasından azad etmir.

38. İddia tələbinin digər hissəsi cavabdeh "xxxx" MMC-nin üzərinə ondan artıq tutulmuş 45 manat məbləğində vəsaitin ona qaytarılması vəzifəsinin qoyulmasıdır. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Belə ki, iddiaçı qeyd edilən pul vəsaitini ödədiyini təsdiq edən sənədi iş materiallarına əlavə etməməklə bərabər qeyd edilən pul vəsaitinin qanunsuz olaraq ondan tutulmasını əsaslandırmamış, mötəbər sübutlar təqdim etməmişdir. Eyni, məhkəmə araşdırması zamanı iddiaçının həmin binada yuxarı mərtəbədə mənzilinin olması, mütəmadi liftdən və s. kommunal xidmətlərdən istifadə etməsi öz təsdiqini tapmışdır. Eyni zamanda uzun müddətdir ki, ödənişlər həyata keçirmədiyini özü məhkəmə iclasında etiraf etmişdir.

39. İddiaçının növbəti tələbi cavabdeh "xxxx" 25 MMC-nin üzərinə yaşayış sahəsinin saxlanması və təmirinə görə olan əvvəllər müəyyən edilmiş aylıq ödənişin 10 manat məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada ölçüsü dəyişdirilənədək saxlamağı vəzifəsinin qoyulmasıdır. Məhkəmə iddia tələbini bu hissəsdə əsassız hesab edir. Belə ki, iddiaçı bu məbləği hansı meyarlar əsasında müəyyən etməsi ilə bağlı hər hansı əsaslandırma verməmiş, heç bir ağlabatan səbəb göstərməmişdir.

40. İddiaçının növbəti tələbi cavabdeh "xxxx" 25 MMC-nin üzərinə onun mənzilində internet kabelinin bərpa etməsi vəzifəsinin qoyulmasıdır. Lakin iddiaçı internet kabelinin cavabdeh "xxxx" 25 MMC tərəfindən kəsilməsini sübut edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda cavabdeh internet kabelinin onlar tərəfindən kəsilməsini etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. (§22)

41. İddiaçının sonuncu tələbi cavabdehlər "xxxx" MMC-nin və "xxxx" 25 MMC-nin hər birindən 1000 manat, cəmi 2000 manat məbləğində mənəvi zərərin onun xeyrinə tutulmasıdır. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Belə ki, iddiaçı cavabdehlərin hərəktləri nəticəsində onun mənəvi sarsıntı, əzab-əziyyət keçirməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz.

42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC-yə və "xxxx" 25 MMC-yə onun mənzilinin işıqlarını söndürməsi üçün elektrik qutusuna müdaxilə etməsi qadağan edilməlidir.

Məhkəmə xərcləri:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi olmadığından ödənilmiş 40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdehlər "xxxx" MMC-yə və "xxxx" 25 MMC-yə onun mənzilinin işıqlarını söndürməsi üçün elektrik qutusuna müdaxilə etməsi qadağan edilsin.

3. Ödənilmiş 40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. İddia tələbi qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar