Məhkəmə qərarları › İş №2(011)-666/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-666/2024

26.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-666/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, SOCAR Cavabdeh İB-nin Əsaslı Tikinti şöbəsində 14-cü dərəcəli mühəndis vəzifəsində işləmiş və qanunvericilikdə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə onun tərəfindən Birliyin rəhbərliyinə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, eləcə də ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi xahiş olunmuşdur. Belə ki, SOCAR və ANQSİHİRK arasında bağlanmış “2020-2023-cü illər üçün X5” 5.16-cı bəndində işçi qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh İB və Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış “2020-2023-cü illər üçün X3” 5.16-cı bəndində də işçi pensiya yaşına çatdıqda, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı Cavabdeh İB-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri rəsmiləşdirilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və AR Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada son-haqq hesab aparılmış, iddiaçıya əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. Sözügedən məsələ ilə bağlı Cavabdeh İB-yə iddiaçı tərəfindən şifahi müraciət olunduqda, müraciətə cavab olaraq bildirilmişdir ki, onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun əmələ gəldiyini (yanvar 2015-ci il tarixdən) əsas tutaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi məqsədəuyğun hesab edilməmişdir.İddiaçı hesab edir ki, bu münasibət ona qarşı sosial ədalət prinsipinin pozulması deməkdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq imkanı uzun illər sahədə işlədiyi üçün dövlət tərəfindən onunçün yaradılmış bir imkandır. Bu imkandan istifadə etməsi onun pensiya yaşına çatdıqda 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququ məhdudlaşdırılmamalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində 9095 manat birdəfəlik müavinətin Cavabdeh İB-dən tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdehnə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB və Cavabdeh İB Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün bağlanmış 20 iyul 2020-ci il tarixli kollektiv müqavilənin surətindən görünür ki, həmin müqavilənin 5.16-cı bəndində işçi pensiya yaşına çatdıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 oktyabr 2012-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Birliyin İdarəetmə aparatının Tikinti Departamentinin Əsaslı tikinti şöbəsində 14-cü dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş, işçinin əmək haqqı 949 manat müəyyən edilmişdir. İş materiallarında olan SOCAR-ın Cavabdeh baş direktoru və Birliyin İdarəetmə aparatının Əsaslı tikinti şöbəsində 14-cü dərəcəli mühəndis İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 106 nömrəli Əmək müqaviləsinə 21 yanvar 2022-ci il tarixli 106/9 saylı dəyişilikdən görünür ki, işçiyə hər ay 1819 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan Cavabdeh İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 17 iyul 2023-cü il tarixli 14-2-2/3-1K-463/2023 nömrəli əmrin surətindən görünür ki, İddiaçı şəxsi ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli etiraz ərizəsindən müəyyən edilir ki, SOCAR-ın və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən işçi qanunvercilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının 3 növü, yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya növü müəyyən edilmişdir. Qeyd olunan Əmr-Qərarda da işçinin yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı vaxt, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur və əlilliyə görə əmək pensiyası təyin olunmuş işçilərdə qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bu hüququndan istifadə edə bilər. Qeyd olunan Əmr-Qərarda nəzərdə tutulan «qanunvericilikdə müəyyən olunmuş pensiya yaşı» dedikdə “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ onların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqların təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin qanuna edilmiş dəyişikliyə əsasən, qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyul ayının 1-dən başlayaraq 2021-ci ilin iyul ayının 1-dək, qadınların yaş həddi 2017-ci il iyul ayının 1-dən başlayaraq 2027-ci ilin iyul ayının 1-dək artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. Göründüyü kimi, X1 yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir əmələ gəldiyindən ona əmək haqqının 5 misli ödəmək üçün heç bir hüquqi əsas yoxdur. Bundan əlavə işçi öz təşəbbüsü ilə işdən çıxarılarkən əmək qanunvericilində ona əmək haqqının beş misli həcmində müavinətin ödənilməsi imperativ qaydada ödənilməsi tənzimlənməmişdir və yalnız bu tip hallarda işçiyə istifadə etmədiyi məzuniyyətinə görə son haqq hesab ödənilməsi şərtləndirilmişdir. Əmək haqqının beş misli həcmində müavinətin ödənilməsi yalnız ARDNŞ-nin və Birliyin öz təşəbbüsü ilə həyata keçirdiyi tədbirdir və X4 də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malik olan şəxs olduğundan yuxarıda qeyd olunan Əmr-Qərarın təsir dairəsinə düşmür. İmperativ qaydada ödənilməsi nəzərdə tutulmayan hər hansı vəsaitin məcburi qaydada cavabdehdən tutulması ilə bağlı iddia tələbi isə tamamilə qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 6-ci maddəsinə əsasən kollektiv müqavilə — işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosialiqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. (maddə 24.1) Beləliklə, mülki işdə olan sübutlardan və iddiaçının izahatından müəyyən edilmişdir ki, Cavabdeh İB və Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında 20 iyul 2020-ci il tarixdə kollektiv müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.16-cı bəndində işçi pensiya yaşına çatdıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mülki iş üzrə iddiaçı müəyyən edilmiş yaş çatdığından ərizə ilə işəgötürənə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinə əsasən xitam verilmiş, iddiaçıya son-haqq ödənilsə də, kollektiv müqavilədə əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. İddiaçı bununla bağlı olaraq cavabdehə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulmuşdur. İşçinin güzəştli şərtlərlə təqaüdə çıxması onun bu günkü gün müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməz. Belə ki, nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur. Belə olan halda cavabdehin müavinəti ödəməkdən imtina etməsi qanunsuz sayılmalı və iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində 9095 manat birdəfəlik müavinət Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh İB-dən 110.95 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar