Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6687/2025 19.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMCnin direktoru Arzu Əliyeva arasında bağlanmış 01 iyun 2024-cü il tarixli xidmət müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan, müqavilənin ləğv edilməsi, ödənilmiş 2550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaiti, ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir: “mənimlə cavabdeh "AİD LANGUAGE CENTER” MMC-nin direktoru Arzu Əliyeva arasında bağlanmış 01 iyun 2024-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi Amerika-da yerləşən kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi, təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar "sifarişçiyə" məsləhət xidmətlərinin göstərilməsi, həmçinin həmin təhsil müəssisəsində "sifarişçi" üçün müvafiq proqrama müraciət edilməsi, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısının təqdim edilməsi üzrə xidmətlərin göstərilməsini sifariş verib, "İcraçıya" razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə müqavilədə müəyyən edilən qaydalar əsasında xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı tarixdə xx.xx.2024-cü il tarixdə sifarişçiyə 2550 manat məbləğində ödəniş etmişəm. Ödənişi təsdiq edən qəbz də mövcuddur. Müqavilə xx.xx.2024-cü il tarixdə bağlandıqdan cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmiş, vəd etdiyi kimi iddiaçıya Amerika Universitetlərində təhsil almasına köməklik göstərməkdən imtina etdiyindən, bir neçə dəfə cavabdehə müraciət edərək, ödədiyim 2550 manat məbləğinin geri qaytarılmasını tələb etməyə başladım. Dəfələrlə cavabdehə müraciət edərək, 2550 manat məbləğində pulumu qaytarmasını tələb etməyimə baxmayaraq, müxtəlif bəhanələrlə pulumu qaytarmaqdan yayınmışdır. Hesab edirəm ki, mənimlə cavabdeh "xxxx" MMC-nin direktoru Arzu Əliyeva arasında bağlanmış 01 iyun 2024-cü il tarixli xidmət müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan, müqavilənin ləğv edilməsi, ödənilmiş 2550 (iki min beş yüz ǝlli) manat məbləğində məbləğində pul vəsaiti, ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun əvəzi alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməlidir”. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən. işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı yazılı ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan bir tərəfdən Sifarişçi adlandırılacaq İddiaçı və digər tərəfdən İcraçı adlandırılacaq Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1000- 1312 saylı müqaviləyə əsasən, "Sifarişçi" Amerikada yerləşən kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi, və təhsil alınan ölkədə, təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar "Sifarişçi"yə məsləhət xidmətlərinin göstərilməsi, həmçinin, həmin təhsil müəssisəsində "Sifarişçi" üçün müvafiq proqrama müraciətin edilməsi, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısının təqdim edilməsi üzrə xidmətlərin göstərilməsini sifariş verib "İcraçı'ya razılaşdırılmış xidmət haqqı ödəməyi, "İcraçı" isə müqavilədə müəyyən edilən qaydalar əsasında xidmətləri göstərməyi öhdəsinə götürür, hazırkı müqavilə ilə icraçı sifarişçinin təhsil proqramına qəbul olunmasına cavabdehlik daşıyır. Həmin müqavilənin 2.1.5-ci maddəsinə əsasən sifarişçi icraçının müqavilə əsasında müəyyən edilən sifarişi 365 gün ərzində yerinə yetirmədiyi təqdirdə, prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. Həmin müqavilənin 2.2.7-ci maddəsinə əsasən, icraçı sifarişin yerinə yetirilməsi üçün tələb olunan sənədlər və ya məlumatların sifarişçi tərəfindən təqdim edilmədiyi və ərizə ilə prosesin dondurulması üzrə müraciət edilmədiyi halda, bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən, icraçı, sifarişçi ilə tərəflərin razılığı əsasında müqaviləni bağladıqdan sonra, sifarişçi tərəfindən 365 gün ərzində sifarişin yerinə yetirilməsi üçün ödəniş edilən ilkin xidmət haqqı dəyərində ödənilən məbləğin sifarişin yerinə yetirilməsi, müqavilənin şərtlərinə zidd hər hansı bir proses olmadığı hallarda geri qaytarılmaması üzrə hüquqa malikdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 486340 saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı qəbul və sənədləşmə işləri ilə əlaqədar "xxxx" MMC-nin hesabına 2550 manat pul köçürmüşdür. İş materiallarında olan ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 1000-1312 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən cavabdeh Amerikada yerləşən kollec və universitetlərdə və ya dil kurslarında təhsillə bağlı xidmətlərinin göstərilməsi, iddiaçı isə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür, həmin razılaşma əsasında tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı müqavilə üzrə cavabdehə 2550 manat pul ödəmiş, bununla belə, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəliklərini nəzərdə tutulmuş müddət ərzində lazımınca icra etməmişdir. Hazırki iddia tələbi müqavilə üzrə şərtlərin tam yerinə yetirilməməsinə görə 2550 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədədir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 777-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 784-cü maddəsinə əsasən, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 786.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2550 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" MMC-dən 2550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6687/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-6687/2025
19.11.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver