Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6699/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən 14 iyul 2021-ci ildən 14 iyul 2026-cı il tarixədək onun xeyrinə 40 faizi məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Kreditor QSC “Bank Standart” KB “İpoteka” filialı ilə aralarında bağlanmış 29 noyabr 2012ci il tarixli 140/14/1289/12 saylı kredit müqaviləsinə əsasən məqsədli istifadə, qaytarmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 35000 manat məbləğində 360 ay müddətinə qaytarmaq şərti ilə Sumqayıt şəhəri, 10-cu Mikrorayonda yerləşən 70 saylı evdə 33 saylı mənzili almaq üçün ona kredit verilmişdir, 30 noyabr 2012-ci ildə kredit müqaviləsinə edilmiş əlavə sazişə əsasən kredit müqaviləsi əsasında verilmiş ipoteka krediti Borcalanın və ya İpoteka qoyanın təqsiri səbəbindən Azərbaycan Respublikası qanunvericiliyin müddəalarına uyğun olaraq maliyyələşdirilmədikdə və ya kredit müqaviləsinin 2.1-ci bəndinin – kreditin istifadəsinə görə Borcalanın illik 16 faiz ödəməsinin tətbiq edilməsi barədə razılığa gəlinmişdir, Sığortaçı – ASC "xxxx" Sığorta Şirkəti ilə aralarında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən real dəyəri 49000 manata olan 4 otaqlı mənzilin sığorta məbləği 33132 manat məbləğində müəyyən edilərək, bu barədə müvaiq əmlak sığortası şəhadətnaməsi qəbul edilmişdir, bundan sonra, ipoteka krediti üzrə borcalan kimi onun həyatı Cavabdeh Sığorta Şirkəti ilə aralarında bağlanmış sığorta müqaviləsinə əsasən 29.11.2015-ci ildən 04.12.2042-ci il tarixədək olan dövr ərzində ölüm halından və əmək qabiliyyətinin itirilməsi halından sığortalanmışdır, Cavabdeh Sığorta Şirkəti ilə aralarında bağlanmış 23 noyabr 2015-ci il tarixli MLİ-BS-0000828 saylı sığorta müqaviləsinin 8-ci bəndinə əsasən sığorta olunanın xidməti vəzifəsinin icrası ilə bağlı olan hərbi əməliyyatlar, manevrlər və ya digər hərbi tədbirlər nəticəsində əmək qabiliyyətinin davamlı olaraq tam və ya qismən itirilməsi və ya ölümü nəticəsində sığorta ödənişləri həyata keçirilməlidir, 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - Cəbrayıl rayonu istiqamətində odlu silah yaralanması nəticəsində xəsarət almışdır və ilk tibbi yardım göstərildikdən sonra X1 göndərilərək, orada “Sol bud nahiyyəsinin güllə yarası, oturaq sinirinin zədələnməsi, sol aşağı ətrafın hissiyat və hərəkət pozğunluqları” diaqnozu ilə stasionar müalicədə olmuşdur və həmin vaxtdan sonra müxtəlif tibb müəssisələrində ambulator və stasionar şəkildə müalicə olunmuşdur, nəticədə, 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən beş il müddətinə - 14 iyul 2026-cı il tarixə kimi ikinci dərəcəli əlil hesab edilmişdir, lakin Cavabdeh Sığorta Şirkəti sığorta ödənişi ilə əlaqədar olaraq ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir, belə ki, onun müraciətinə verilmiş cavabda qeyd edilir ki, MLİ-BS-0000828 saylı sığorta müqaviləsinə əsasən yalnız sığorta olunanın ölümü və ya əmək qabiliyyətinin 1-ci dərəcəli əlilliklə nəticələnən itirilməsinə sığorta təminatı verilmişdir, o, hesab edir ki, ikinci dərəcəli əlil hesab edildiyi həmin vaxtdan etibarən 14 iyul 2026-cı il tarixə kimi sığorta ödənişinin 40 faizi həcmində cavabdehdən qalıq borc tutulmalıdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək öz izahatında bildirdi ki, tərəflər arasında bağlanan müqavilədə səhv var, belə ki, müqavilədə yalnız 1-ci qrupa aid edilməsi ilə bağlı şərtin olması doğru deyildir, orada o bənd qeyd olunmalı deyildir, eyni zamanda müqavilənin 8-ci və 1-ci bəndi bir-biri ilə ziddiyət təşkil edir, qanuna zidd olan bu şərt ancaq 1-ci qrup əlilliyi olan şəxslərə təminat verir, 2 və 3 cü qrup əlilliyi olan şəxslərə isə vermir ki, bu da qanuna ziddir, əlilliyi şəxs özü təyin etmir, bu onun özündən asılı deyildir, şəxs müharibəyə gedərkən ona nə olacağını bilə bilməzdi, cavabdeh, iddiaçı ilə müqaviləni qanuna zidd olaraq bağlamışdır, çünki iddiaçı orda elə şərtlərin olduğunu bilməyib, cavabdehin nümayəndəsi bu şərtləri ona doğru izah etməyib, həmçinin 8 noyabr Zəfər gününü bizlərə bu insanlar qazandırıb, iddiaçı müharibə zamanı zərbə alıb və bu səbəb görə də hazırda işləyə bilmir, həmçinin məbləğ də çox yüksək deyildir, 3000 manat həcmindədir. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək öz izahatında bildirdi ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsində qeyd olunan hallar yalnış məlumata əsaslanaraq, heç bir hüquqi əsası yoxdur, belə ki, Cavabdeh Sığorta Şirkəti ASC İddiaçı arasında 29 noyabr 2015-ci il tarixli MLİ-BS- 0000828 saylı fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası şəhadətnaməsi (müqaviləsi) bağlanmışdır, şirkətə sığorta olunan tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sistemində çıxarışa əsasən, sığorta olunana 14.07.2021-ci il tarixdə 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur, MLİ-BS- 0000828 saylı sığorta müqaviləsinin əsas müddəasına görə isə yalnız sığorta olunanın ölümü və ya əmək qabiliyyətinin 1-ci dərəcəli əlilliklə nəticələnən itirilməsinə sığorta təminatı verilmişdir, iddiaçıdan sonra bağlanmış digər müqavilələrdə həmin müddəa düzəldilmişdir, 2-ci dərəcəli əlillik bəndi də müqaviləyə salınmışdır, lakin hazırda şirkət tərəfindən ona ödəniş edilməsindən imtina olunması tərəflərin qarşılıqlı razılıq əsasında bağladığı müqaviləyə uyğundur, müqavilənin şərtlərinin tərəfə izah olunması cavabdehin vəzifəsi deyildir, iddiaçı öz razılığı ilə müqaviləni imzalamışdır, əgər o həmin müddə ilə razı olmasa idi, müqaviləni imzalamamalı idi. Sonda N.A.Abbasov qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 7 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş müayinə olunan şəxs üzrə elektron çıxarışından görünür ki, İddiaçı ikinci dərəcəli əlillik təyin olunmuşdur, təyinatın tarixi 14.07.2021-ci ildir. İş materiallarında olan Qala Həyat Sığorta şirkəti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, baxş verilmiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 02.06.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 02.11.2015-ci il tarixli EBFB12015-00860 nömrəli Əmlak Sığortası Şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı, sığortaçı ASC” Standard İnsurance” Sığorta Şirkəti, sığorta müddəti 29.11.2015 - 28.11.2018-ci il tarixədək sığorta dəyəri 49000 manat və sığorta məbləği 33132 manat olmaqla ünvan 1 ünvanındakı mənzil əmlak sığortası edilmişdir. İş materiallarında olan 23.11.2015-ci il tarixli İpoteka Krediti Üzrə Borcalanın MLİ- BS-0000828 saylı Həyat Sığortası Şəhadətnaməsindən görünür ki, İddiaçı həyatı illik sığorta haqqı 138.04 manat və müqavilə müddəti 29.11.2015-ci il saat 00.00-dan, 04.12.2042-ci il saat 24.00-dək olmaqla Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan QSC “Bank Standart” KB “İpoteka” filialı ilə İddiaçı arasında bağlanmış 29 noyabr 2012-ci il tarixli 140/14/1289/12 saylı kredit müqavilədən görünür ki, məqsədli istifadə, qaytarmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 35000 manat məbləğində 360 ay müddətinə qaytarmaq şərti ilə Sumqayıt şəhəri, 10-cu Mikrorayonda yerləşən 70 saylı evdə 33 saylı mənzili almaq üçün İddiaçı kredit verilmişdir, İş materiallarında olan 29.11.2012-ci il tarixli 140/14/1289/12 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, İddiaçı illik 4 faiz dərəcəsi, aylıq ödəniş 167.10 manat və 360 ay müddətinə olmaqla 35000 manat kredit verilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5 tərəfindən verilən sənəddən görünür ki, İddiaçı üçün “Üzvi mənşəli(qapalı kəllə-beyin travması) affektiv pozuntu F06.3” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AR Müdafiə Nazirliyi 071 Hərbi Hissə tərəfindən verilən 08.01.2021-ci il və 29.04.2021-ci il tarixli “Yaralanmanın alınması şəraiti haqqında” arayışlardan görünür ki, İddiaçı 02.10.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan minaatan mərmisi partlayışı zamanı xəsarət almışdır. İş materiallarında olan "xxxx" tərəfindən verilən 10.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 19.02.2021-ci il tarixindən 10.03.2021-ci il tarixinədək "xxxx" MMC-də həkim- fizioterapevtin göstərişi ilə müalicə proseduru təyin olunmuşdur. İş materiallarında olan "xxxx" tərəfindən verilən 12.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 27.01.2021-ci il tarixindən 12.02.2021-ci il tarixinədək "xxxx" MMC-də “Odlu silah yaralanması sonrası sol bud sümüyünün işemik kompression neyropatiyası” diaqnozu ilə müalicə kursu keçmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən iddiaçının həyatı 29.11.2015-ci ildən 04.12.2042-ci il tarixədək olan dövr ərzində hər hansı bir səbəbdən ölümü və ya əmək qabiliyyətinin 1-ci qrup əlilliklə nəticələnən davamlı olaraq tam və ya qismən itirilməsi halından sığortalanmışdır, iddiaçı 02.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması nəticəsində xəsarət almışdır və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən beş il müddətinə - 14.07.2026-cı il tarixə kimi ikinci dərəcəli əlil statusu almışdır, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bununla belə, müqavilə üzrə cavabdehin sığorta ödənişi üçün əsaslar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olduğu halda sığorta ödənişi həyata keçirilir Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.19-cu maddəsinə əsasən, əsasən, sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “Cavabdeh Sığorta Şirkəti ASC-dən 14 iyul 2021-ci ildən 14 iyul 2026-cı il tarixədək onun xeyrinə 40 faizi məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması barədə” iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “Cavabdeh Sığorta Şirkəti ASC-dən 14 iyul 2021-ci ildən 14 iyul 2026-cı il tarixədək onun xeyrinə 40 faizi məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması barədə” iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6699/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6699/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver