Məhkəmə qərarları › İş №2(011)-6732/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6732/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6732/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MTK-ya qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MTK-ya qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Məhkəmənin mövqeyi:

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. Belə ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməsi, həmin şəxsin məhkəmə iclasına çağırılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. 2 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.(§3)

6. AR MPM-nin 39-cu maddəsi müstəsna aidiyyət qaydalarını müəyyən edir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki mülki iş üzrə iddiaçının tələbi isə “mənəvi zərərin ödənilməsi və pul” tələbidir. Bu iddia tələbi ilə bağlı ümumi qaydada cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. İddia ərizəsinə və mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyat ünvanları, eləcə də Cavabdeh4 MTK-nın hüquqi ünvanı Xətai rayonu ərazisinə aid deyildir. İş materiallarına əlavə edilmiş cavabdehlərin yaşayış yeri haqqında Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlara əsasən, cavabdehlərin qeydiyyat ünvanları uyğun olaraq, Sabunçu rayonu, Suraxanı rayonu və Ağsu rayonu Qaraqaşlı kəndidir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, Cavabdeh4 MTK-nın hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 17 mərtəbə 1-dir.

7. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Xətai rayonunda qeydiyyatda olmadığından iddiaçının hazırki iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. (§2)

8. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Hökumət” ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 470 manat dövlət rüsumu geri qaytarılmalıdır.

9. Eyni zamanda, iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur.

10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MTK-ya qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

3. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Hökumət” ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 470 manat dövlət rüsumu geri qaytarılsın.

4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

5. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar