Məhkəmə qərarları › İş №2(011)-683/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-683/2022

19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-683/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03.11.2008-ci il tarixdə anadan olmuş X2 və 31.03.2015-ci il tarixdə anadan olmuş X1 üçün onun xeyrinə hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 2008-ci ildə Rusiya Federasiyasında rəsmi nikaha daxil olmuşlar, rəsmi nikahdan 03.11.2008-ci il təvəllüdlü X4 və 31.03.2015-ci il təvəllüdlü X6 doğulmuşdur, tərəflər bir müddət mehriban yaşamışlar, lakin aralarında narazılıqların artması sübut etmişdir ki, tamamilə fərqli xarakterli insandırlar, iddiaçı ailəsinin dağılmasını istəməsə də, aralarında olan nikah 2018-ci il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayəti Karsunskiy rayon Məhkəməsinin 1 saylı sahə Məhkəməsinin qərarı ilə pozulmuşdur, cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşayırlar, həmin vaxtdan uşaqlar iddiaçının yanındadır, iddiaçı uşaqların maddi cəhətdən təmin olunmasında çətinlik çəkir, onların gündəlik tələbatları, sağlamlıqları və layiqli insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur, həmçinin uşaqların saxlanılması üçün tələbatlarının ödənilməsi vəzifəsi bir valideyn kimi cavabdehin də üzərinə düşür, hazırda ana kimi uşaqlarının arzusunu yerinə yetirə bilmir, cavabdehin isə aliment ödəməyə imkanı çatır, onun gəliri çox yaxşıdır, bu səbəbdən yetkinlik yaşına çatanadək uşaqların saxlanılması üçün cavabdehdən hər ay aliment tutularaq iddiaçıya ödənilməlidir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 19.01.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhəmədən xahiş etdi. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 29 yanvar 2019-cu il tarixdə verilmiş İ-AB № 704199 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah 21 dekabr 2018ci il tarixdə Ulyanovsk vilayəti Karsunkiy rayon məhkəməsinin 1 saylı sahə məhkəməsinin sülh hakiminin 20 noyabr 2018-ci il tarixli sülh hakiminin qərarına əsasən ləğv edilmişdir. İş materiallarında olan 23.04.2015-ci il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayətinin Ulyanovsk şəhərinin Zasviyajski rayonunun administrasiyasının VVAQ şöbəsi tərəfindən verilmiş İ-BA №821133 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X6 31.03.2015-ci il tarixdə Rusiya Federasiyası, Ulyanovsk vilayəti, Ulyanovsk şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 28.11.2008-ci il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayətinin Ulyanovsk şəhərinin Zasviyajski rayonunun administrasiyasının VVAQ şöbəsi tərəfindən verilmiş İ-BA № 670731 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X5 03.11.2008-ci il tarixdə Rusiya Federasiyası, Ulyanovsk vilayəti, Ulyanovsk şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah 21 dekabr 2018-ci il tarixində pozulmuşdur, onların birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları vardır, onlar hazırda ananın himayəsindədirlər, cavabdeh uşaqların saxlanması xərclərində iştirak etmir. Bununla belə, uşaqların saxlanılmasına görə cavabdehdən alimentin tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşaqların mənafeyinin müdafiəsi zəruriliyini, onların əvvəlki təminat səviyyəsini və diqqətəlayiq digər halları nəzərə alaraq alimentin sabit pul məbləğində tutulmasını mümkün hesab edir və bu məqsədlə onun miqdarının hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumillikdə 400 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Alimentin hansı vaxtdan etibarən hesablanması məsələsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə 26.11.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti də həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 03.11.2008-ci il təvəllüdlü X2 və 31.03.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 26.11.2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 1000 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 (otuz) manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 03.11.2008-ci il təvəllüdlü X2 və 31.03.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 26.11.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar