Məhkəmə qərarları › İş №2(011)-7238/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7238/2022

23.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7238/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat sabit məbləğdə alimentin, əlavə olaraq xüsusi qayğıya və məcburi təhsildən kənar müəllimlərə və tərbiyəçilərə çəkilən xərclərə görə 160 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə Bakı şəhər Səadət sarayında nikah rəsmiləşdirməklə ailə qurmuşdır. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4528/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında qalmışdır. Hazırda uşaqların maddi cəhətdən təmin edilməsində çətinlik çəkir. Nikahı ləğv etdirən vaxtı cavabdeh söz vermişdi ki, aliment tələb etməsə, uşaqlara hər cür maddi yardım göstərəcək. Ona inanıb məhkəmədə aliment tələb etməmişdir. Lakin Cavabdeh onu aldatmışdır, azyaşlı uşaqların saxlanılması üçün ona heç bir maddi yardım etməmişdir. Əlavə olaraqda bildirir ki, himayəsində qalan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X7 psixoloji və nevroloji xəstəxanada qeydiyyatdadır, hər ay vaxtı-vaxtında müalicəyə və xüsusi qayğıya ehtiyacı var. Hazırda da müalicələr olunur və daim həkim nəzarətindədir. Bütün öhdəliklər tək ana olaraq onun üzərinə düşür. Lakin cavabdeh ona heç bir maddi yardım göstərmir. Bu səbəbdən də, aliment almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbini məhkəməyə müraciət edildiyi vaxtdan hər uşağa görə 193 manat aliment ödənilməsi hissəsində qəbul edir, qalan hissədə qəbul etmir və etiraz edir. Belə ki, tərəflər arasında nikah münasibətləri faktiki pozulduğu vaxtdan mütəmadi olaraq iddiaçıya uşaqların saxlanılması üçün pul göndərməklə maddi yardım edib. Nikah rəsmi qaydada pozulduğu vaxtdan iddiaçıya yaşadığı Ukrayna Respubılikasından mütəmadi olaraq bank göçürmələri ilə pul göndərib. İddiaçının bank kartının surətini və pul ödənişlərinə dair bank qəbzlərinin surətini elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim etmişdir. Xüsusi qayğıya ehtiyacı olan uşağa görə əlavə vəsait ödənilməsinə gəlincə bildirir ki, iddiaçı həmin uşağa görə dövlətdən sosial ödənişlər alır. Həmçinin, Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tətbiq edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Belə ki, iddiaçı hazırkı vaxtadək aliment almaq üçün məhkəməyə müraciət edənədək bu məqsədlə hər hansı tədbirlər görməyib və o da aliment ödəməkdən boyun qaçırmayıb. Uşaqların saxlanılması üçün iddiaçıya mütəmadi olaraq pul göndərdiyindən buna hər hansı zərurət yaranmayıb. Yuxarıda göstərilənlərə əsasən yetkinlik yaşına çatanadək hər uşağa görə ayda 193 manat aliment ödənilməsi hissəsi istisna olmaqla iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit məbləğdə alimentin, xx.xx.2007-ci il təvəllüdlü X4 psixoloji və nevroloji xəstəliyinin müalicəsi üçün 160 manat, cəmi hər ay 600 manat sabit pul məbləğində alimentin, əlavə olaraq nikahın ləğv olunduğu vaxtdan yəni, xx.xx.2019-cu il tarixdən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat olduğundan 4 ay üçün 640 manat, 2020-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat olduğundan 12 ay üçün 2040 manat, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat olduğundan 12 ay üçün 2100 manat, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat olduğundan xx.xx.2022-ci ildən ərizə verdiyi günə kimi sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdehin anasıdır. Oğlu mütəmadi olaraq uşaqlarına görə iddiaçıya pul göndərib və hazırda da göndərir. Uşaqlar onun yanında olurlar. Ona görə də, yetkinlik yaşına çatanadək hər uşağa görə ayda 193 manat aliment ödənilməsi hissəsi istisna olmaqla iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, yetkinlik yaşına çatanadək hər uşağa görə ayda 193 manat aliment ödənilməsi hissəsi istisna olmaqla iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı tələbin həcminin artırılmasına dair ərizəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra vermiş, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Odur ki, həmin ərizənin nəzərə alınmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4528/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhər Səadət sarayında rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-ci il təvəllüdlü X3 analarının himayəsində qalmasıqət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il dövrünə aid qəbzlərin surətlərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı hesabına müntəzəm olaraq hər ay pul vəsaiti köçürülmüşdür. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə uşaqlar üçün 2022-ci il üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarında göstərmişdir ki, ““Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki mülki iş məhkəmənin icraatına xx.xx.2022-ci il tarixində daxil olmuş, iş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixdə keçirilərək, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşmışdır. İddiaçı tələbin həcminin artırılmasına dair ərizəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra vermiş, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisəyə baxılması ilə bağlı həmin ərizə nəzərə alınmamalıdır. Beləliklə məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü təsdiq edən sübutlar təqdim olunmadığına görə, həmçinin, cavabdehin əlavə xərclərdə iştiraka cəlb olunması hissəsində iddia tələbi əsaslandırılmadığıdan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının başlanğıcı 03 noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar