Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-73/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əlavə əmək haqqının ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə müəddətsiz 111 saylı əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə görə iddiaçı 3 ay sınaq müddəti ilə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, işçinin aylı əmək haqqı 900 manat, iş vaxtı gündəlik 12 saatdan, həftəlik isə 40 saatdan artıq olmaqla müəyyən edilmişdir.
2. Sonradan, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək haqqının artırılması ilə bağlı iki dəfə dəyişiklik edilmişdir. Birinci dəyişikliklə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2022-ci il tarixdə sistemə daxil edilməklə iddiaçının əmək haqqı 980 manat müəyyən edilmişdir. İkinci dəyişikliklə bağlı əmək müqaviləsi bildirişi isə xx.xx.2022-ci il tarixdə sistemə daxil edilməklə iddiaçının əmək haqqı 1100 manat olmuşdur.
3. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə (işçinin öz xahişi ilə) əsasən cavabdehin xx.xx.2023-cü il tarixli, 000000004/A saylı əmri ilə xitam verilmişdir.
4. İddiaçı tərəfindən mediasiyaya müraciət edildikdən sonra mediasiyanın keçirilməsi barədə xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərilmiş və xx.xx.2023cü il tarixdə İlkin mediasiya sesiyasından sonra prosesin davam etdirilı bilməməsi barədə Arayış verilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı əmək müqaviləsi ilə müəyyən olunmuş iş saatlarından əlavə saatlarda və gecə növbəsində işlədiyinə görə 16293 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, cavabdehlə 12.10.202-ci il tarixdə bağlanmış 111 saylı əmək müqaviləsinə əsasən mühafizəçi vəzifəsinə təyin olunmuş və müqavilənin 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 900 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 4.16-cı bəndində qeyd edilmişdir ki, işçi gündə 12 saatdan, həftədə 40 saatdan olmayaraq olmayaraq işləyir. Lakin işəgötürən əmək müqaviləsinin tələblərini kobud şəkildə pozaraq onu müqavilə ilə müəyyən olunmuş iş saatlarından çox çalışmışdır. Belə ki, 12 saatlıq iş günü olmaqla ay ərzində ümumi 22 gün çalışmışdır. Bu isə o deməyə əsas verir ki, ay ərzində ümumilikdə 264 saat işləmişdir. Bununla bağlı cavabdehə iradını bildirən zaman ona artıq iş saatlarında və gecə növbəsində işlədiyinə görə əlavə əmək haqqı ilə təmin olunacağına söz verilmişdir. Bir müddət cavabdehin sözünə inanaraq artıq iş saatlarında çalışsa da, sonradan cavabdehin onu aldadaraq istismar etməsinə əmin olmuş və öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabadehin xx.xx.2023-cü il tarixli 004 saylı əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra artıq iş saatlarında işləməyi ilə bağlı X2 mürciət üdərək cavabdehin qanunsuz hərəkətlırinə görə məsuliyyətinə cəlb olunmasını etmiş, eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin direktoru iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən iddaçının aylıq əmək haqqı 900 manat gecə növbəsində işləməyə görə 20% əlavə də daxil olmaqla müəyyən olunmuşdur. Tərəflər arasında əmək münasibətləri əmək müqaviləsində göstərilən şərtlər daxilində davam etdirilmiş və işçiyə hər ay əmək müqaviləsində göstərilən qaydada əmək haqqı ödənilmişdir. İddiaçı işəgötürən tərəfindən əmək müqaviləsinin tələblərinin pozularaq onun 12 saatlıq iş günü, ay ərzində 22 gün olmaqla 264 saat işlədildiyini qeyd edir və artıq işləməsini təsdiq edən sübut növü kimi iddia ərizəsinə əlavə etdiyi əldə etmə mənbəyi məlum olmayan hansısa jurnaldan köçürülmüş məlumatlara istinad etmiş və sübut etməyə çalışmışdır. Lakin MMC-də mühafizəçi vəzifəsində işləyən işçilər barəsində MMC-nin Təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən imzalanamaqla təsdiq olunmuş iş cədvəli əsasında işçilərin növbəliliyi təsdiq olunur. İddisçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən MMC-nin Təhlükəsizlik xidmətinin iş cədvəlində onun avqust ayı üzrə 22 gün işlədiyi göstərilsə də, MMC-nin Təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən imzalanamaqla təsdiq olunmuş xx.xx.2023xx.xx.2023-cü il tarixləri əhatə edən MMC-nin Təhlükəsizlik xidmətinin iş cədvəlindən görünür ki, iddiaçının həmin ay üzrə 12 gün (6 gün gündüz, 6 gün axşam növbəsində) işləmişdir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə AR Nazirlər Kabinetinin 74 nömrəli, xx.xx.2001-ci il tarixli Qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq taarif (vəzifə) maaşının 20%, çöxnövbəli iş rejiminin axşam növbəsində işin hər ssatına görə işçinin saatlı tarif (vəzifə) maaşının 20%, gecə növbəsində isə 40% həddində əlavə haqq müəyyən edilmişdir. AR Ədliyyə Nazirliyinin xx.xx.2001-ci il tarixdə 2706 nömrə ilə qeydiyyata alınmış və AR ƏƏSMN-nin 9-1 nömrəli, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnpvbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” izahatın 4-cü bəndində göstərilmişdir ki, çöxnövbəli iş rejimi dedikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti AR ƏM-nin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmaqla) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. Tərəflər arasında bağlanmış müqavilənin 4.16-cı bəndində işçinin gündə 12 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayan iş rejimi müəyyən olunduğundan (bir gündə 8 saatdan çox olmayan iş rejimi) iddiaçının çoxnpvbəli iş rejimində oşləməsi barədə göstərdiyi dəlillər əsassızdır. İddiaçının işlədiyi müddətdə onun əmək haqqına 20% əlavə ödənilməsi MMC-nin rəhbər şəxsləri tərəfindən imzalanmaqla tərtib edilmiş əmək haqqı cədvəlindən də müəyyən olunur. Tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək haqqına 20% əlavənin əks olunmaması isə texniki səhv səbəbindən baş vermişdir. İddia ərizəsinə əlavə olunmuş iddiaçının əmək haqqı barədə hesabatdan da müəyən olunur ki, işçi ilə əmək müqaviləsi bağlandığı aydan, yəni 2020-ci ilin oktyabr ayından əmək müqaviləsinə xitam verildiyi ayadək olan müddətdə hər ay iddiaçıya əmək haqqının 20% əlavə olunmaqla ödəniş həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş MMC-yə aidiyyatı olmayan hansısa jurnaldan köçürülmüş məlumatlar sübut kimi qəbul oluna bilməz.
8. Bundan başqa cavabdehin direktoru iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək ƏM-nin 294-cü maddəsinin dördüncü hissəsinə görə pul tələbləri ilə bağlı iddia müddətinin 1 il olmasını, iddiaçının isə həmin müddəti ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin nəzərə alıanaraq mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında şahid X3 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə iş yoldaşı olmuşdur. İşə giriş-çıxış kart sistemi (turniket) ilə qeydiyyata alınırdı. İş vaxtı səhər saat 08:00-dan axşam 20:00-dək idi. İş rejimi nğvbəli idi, postun təhvil-təslimi ilə bağlı kitab var idi. İşə başlamazdan əvvəl kitaba imza edirdilər. Kitaba imzanı postu təhvil verən və təhvil alan, bəzən isə rəis də imza edirdi. 5 gün işdə, 2 gün evdə olurdular. Bəzən 3 gün gündüz, 2 gün növbəsi olurdu. Gecə işlərinə görə əlavə əmək haqqı verilmirdi. Müqavilə ilə həftədə 40 saat işə görə əmək haqqı verilirdi.
12. Məhkəmə iclasında şahid X1 məhkəmə iclasında bildirdi ki, o, cavabdeh şirkətdə işləyr. İddiaçı vaxi ilə cavabdeh şirkətdə işləmişdir. Hal-hazırda onlarda iki post ver. İki post oturaqdır, ikisi isə patrul postudur. Üçüncü postda qızlar oturur, onlar qonaqların girişinə nəzarət edirlər. Gecə növbəsində gündüz növbəsində olduğu kimi 3 nəfər işləyir. Xidmət vaxtı səhər saat 08:00-dan axşam 20:00-dəkdir. Mühafizəşilər 12 və ya maksimum 13 gün işləyirlər. İddiaçı işlədiyi vaxt mühafizəçilərin sayı 17 nəfər olmuşdur. Növbətçilik cədvəlini o tərtib edir, mühasibatlığa göndərilir və onun əsasında əmək haqqı hesablanır. İddiaçının təqdim etdiyi kitabdakı imza onun imzasına oxşadılıb, o belə kitaba imza etməyib. İşə ilk dəfə gələn işçiyə əməyin mühafizəsi kitabına imza etdirilir. Mühafizəçilərə təhkim edilmiş avadanlıqlara görə növbə rəisi cavabdehlik daşıyır. Səhər postda uşaqlar və növbə rəisləri avadanlıqları təhvil-təslim edirlər. Təhvil-təslim heç bir terdə rəsmləşdirilmir. Postlar cədvəl əsasında müəyyən olunur, onlar da 1-ci və 2-ci postlara bölünür. İddiaçının təqdim etdiyi kitab barədə məlumatı yoxdur.
13. Məhkəmə iclasında şahid X1 məhkəmə iclasında bildirdi ki, o, cavabdeh şirkətdə işləyr. İddiaçı onların işçisi olmuşdur. İki sabit, iki oturaq postları var. Aşağı və yuxarı post. O təlim zamanı zahiri görünüşə və geyimə görə cavabdehdir. Giriş-çıxışa nəzarət edir. O, işdə səhər saat 09:00-da axşam saat 18:00-dək olur. Onların iş yeri özəl qurum olduğundan normativ aktlar var. Onlarda 16 mühafizəçi var, iki post sabitdir- biri şlaqbaumu açır, digəri qarajda oturur. Digər postlar lazım olduqca istifadə olunur.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
15. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
16. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
18. Maddə 135, 2-ci hissə. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
19. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
20. Maddə 166, 1-ci hissə. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
21. Maddə 166, 2-ci hissə. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.
22. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
23. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
24. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
25. Maddə 296, 5-ci hissə. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli Qərarı:
26. 1-ci bənd. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
31. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
32. İddiaçı onunla əmək müqaviləsi bağlanıldığı gündən, yəni xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək artıq saatlara və gecə növbəsində işlədiyi saatlara görə əlavə haqqın ona ödənilməməsini idda edir.
33. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlara, birincisi, tərəflərin əmək münasibətlərində olması, ikincisi iddiaçının iddia etdiyi kimi həqiqətən də işlədiyi müddətdə ona artıq iş saatlarına və gecə növbəsində işləmisinə görə qanunla müəyyən edilmiş əlavə haqqın verilməməsi daxildir.
34. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh Cəmiyyətdə mühafizəçi vəzifəsində işləmişdir.
35. İddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə həqiqətən də iddia edilən məbləğdə iddiaçının iş vaxtından artıq iş saatlarına və gecə növbəsindəki iş saatlarına görə əlavə haqqın hesablanıb-hesablanmamasl ilə bağlıdır. Bununla bağlı məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilsə də, ekspert iş üzrə rəy verməkdən imtina etmişdir. Ona görə də, məhkəmə işdə olan sübutlar əsasında mübahisəyə hüquqi qiymət vermək qərarına gəlmişdir.
36. Lakin məhkəmə hesab edir ki, mübahisə üzrə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verildiyindən və qanununla müəyyən edilmiş imperativ qaydaya uyğun olaraq tələbə iddia müddətinin tətbiq edilməsi kontekstində hüquqi qiymət verilməlidir.
37. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi üçün əsasdır.
38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi də fərdi əmək mübahisələrinin həllində iddia müddətləri bağlı qaydanı tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, yuxarıda da şərh edildiyi kimi, hazırki işdə də cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
39. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
40. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
41. Məhkəmə araşdırması zamanı iddiaçı iş vaxtından artıq saatlarda işə cəlb edilməsini (ay ərzində 22 gün və ya 264 saat) iddia etsə də, bu dəlilini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya ödənilən əmək haqqı əmək müqaviləsində (sonradan əmək müqaviləsinə əmək haqqının artırılması barədə edilmiş dəyişiklikdə də) göstərilən həcmdə verilmiş, onun gecə vaxtı işlədiyi saatlara görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmiş faiz nisbətində əlavə edilməklə ödənilməmişdir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, iddiaçının əmək haqqı (pul) tələbinə ƏM-də nəzərədə tutulmuş iddia müddəti tətbiq edilməklə mühaisə həll ediləcəkdir. Belə ki, iddiaçı ilə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmək müqaviləsində göstərilən iş saatlarından işləmiş, lakin ona buna görə əlavə əmək haqqı verilməmiş, bu barədə işəgötürənə iradını bildirmişdir. Göründüyü kimi, iddiaçı əmək hüququnun pozulduğunu əvvəlcədən bildiyi halda vaxtında məhkəməyə müraciət etməmiş, mübahisə ilə bağlı yalnız 2023-cü ilin noyabr ayında mediasiyaya müraciət etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, elə həmin ay mediasiyaya müraciət etmişdir. Bu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddəti nəzərə alınmaqla, iddiaçının mediasiyaya müraciət etdiyi vaxtdan bir il əvvəlki dövrə görə, yəni 2022-ci ilin sentyabr ayından başalayaraq əmək müqaviləsinə xitam verildiyi günədək iddiaçıya gecə vaxtı işlədiyi iş saatlarına görə ödənilməmiş əmək haqqı qanunla müyyən edilmiş əlavələr nəzərə alınmaqla hesablanmalıdır.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin. AR ƏƏSMN-nin 9-1 nömrəli, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnpvbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” izahının 4-cü bəndində çöxnövbəli iş rejiminin anlayışında isə göstərilmişdir ki, çöxnövbəli iş rejimi dedikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti AR ƏM-nin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmaqla) 8 saatdan çox olmayan iş rejimi başa düşülür.
43. Məhkəmə araşdırması zamanı müəyyən edilişdir ki, iddiaçı çöxnövbəli iş rejimində (gün ərzində iki - gündüz və gecə iş növbələri) işləmişdir. Bu halda onun gecə vaxtı işlədiyi saatlara görə tarif (vəzifə) maaşının 40 faizi həddində əlavə haqq verilməli idi. Həmçinin, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş növbəlilik cədvəlindən görünür iddiaçı ay ərzində cəmi 12 gün olmaqla, 6 gün gündüz 6 gün isə gecə işləmişdir. Eyni zamanda, iş materialları əsasında müəyyən edilir ki, iddiaçının ilkin vaxtlar əmək haqqı 900 manat, 2022-ci ilin iyun ayından 980 manat, 2022-ci il dekabr ayından isə 1100 manat olmuşdur. Belə olan halda, iddiaçının işlədiyi gecə saatlarına görə əlavə haqq əmək müqaviləsindəki əmək haqqı məbləğinin ay ərzində işlədiyi 12 günlük iş günlərinə bölünməklə bir günlük əmək haqqı tapılacaq və tapılmış bir günlük əmək haqqının məbləği isə iddiaçının gecə vaxtı işlədiyi 8 saata bölünməklə onun saatlıq taarif (vəzifə) maaşı müəyyən ediləcək. Alınmış saatlıq taarif (vəzifə) maaşının məbləğindən 40% nisbətində əlavə haqqın məbləği müəyyən edildikdən sonra, əldə edilmiş məbləğ iddiaçının ay ərzində işlədiyi gecə saatlarının cəminə vurulmaqla bir ərzində ödənilmmiş əlavə haqqın (əlavə əmək haqqının) məbləği müəyyən ediləcəkdir. Bu zaman hesablama iki əmək haqqı məbləği üzrə ayrılıqda, yəni 2022-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə 980 manat, 2022-ci ilin dekabr ayından əmək müqaviləsinə xitam verildiyi sentaybr ayı da daxil olmaqla (10 ay) üzrə isə 1100 manat əmək haqqı əsas götürülməklə hesabat aparılacaq.
44. Beləliklə, iddiaçının aylıq iş günlərinin sayı 12 gün (6 gün gündüz, 6 gün gücə) və 2022-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə əmək haqqının 980 manat olması nəzərə alınmaqla, gecə saatlarına görə əlavə haqq belə hesablanacaqdır: 900 manat (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı) : 18 gün (ay ərzində iş günlərinin sayı) = 50 manat (1 günlük əmək haqqı); 50 manat (1 günlük əmək haqqı) : 8 saat (gecə iş saatı) = 6,25 manat (saatlıq taarif (vəzifə) maaşı); 6,25 manat (saatlıq taarif (vəzifə) maaşı) x 40% (gecə vaxtına görə əlavə haqq) = 2,5 manat; 2,5 manat x 48 saat (iddiaçının 1 ay ərzində işlədiyi 6 gün gecə vaxtının 8 saata nisbəti, yəni 6 gün x 8 saat = 48 saat)) = 120 manat; 120 manat x 3 ay (2022-ci ilin sentyabr – noyabr ayları) = 360 manat.
45. İddiaçının aylıq iş günlərinin sayı 12 gün (6 gün gündüz, 6 gün gücə) və 2022ci ilin dekabr-2023-cü ilin sentaybr ayları üzrə əmək haqqının 1100 manat olması nəzərə alınmaqla, gecə saatlarına görə əlavə haqq belə hesablanacaqdır: 1100 manat (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı) : 18 gün (ay ərzində iş günlərinin sayı) = 61,11 manat (1 günlük əmək haqqı); 61,11 manat (1 günlük əmək haqqı) : 8 saat (gecə iş saatı) = 7,64 manat (saatlıq taarif (vəzifə) maaşı); 7,64 manat (saatlıq taarif (vəzifə) maaşı) x 40% (gecə vaxtına görə əlavə haqq) = 3,06 manat; 3,06 manat x 48 saat (iddiaçının 1 ay ərzində işlədiyi 6 gün gecə vaxtının 8 saata nisbəti, yəni 6 gün x 8 saat = 48 saat)) = 146,88 manat; 146,88 manat x 10 ay (2022-ci ilin dekabr – 2023-cü ilin sentaybr ayları) = 1468,8 manat.
46. Beləliklə, hər iki hesablama üzrə iddiaçının gecə vaxtı işlədiyi iş saatlarına görə cəmi əlavə haqq 1828,8 manata (360 manat + 1468,8 manat = 1828,8 manat) bərabərdir.
47. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia qismən təmin edilsin. 1828,80 manat "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 38,29 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı