Məhkəmə qərarları › İş №2(011)-7309/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7309/2024

06.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7309/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan 16 may 2024-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və ona dair verilmiş ünvan 1 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 hissədəki payla bağlı çıxarış etibarsız hesab edilərək iddiaçının adına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının atasıdır. Atası ilə X2 arasında olan nikah pozulmuşdur. Atası Cavabdeh ilə X2 arasında bağlanmış mediasiya sazişinə əsasən tərəflər birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı razılıq əldə etmişlər. Həmin mediasiya sazişinə əsasən ünvan 1 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evini X2 atası Cavabdeh mülkiyyətinə keçirtməli idi. Buna görə də maddi imkanları az olduğuna görə tərəflər arasında şifahi razılığa əsasən notarial xərclər az olsun deyə razılığa gəlmişlər ki, anası Şəlalə həmin evlə bağlı payını iddiaçıya bağışlasın, iddiaçı da həmin payı atasına bağışlasın. Anası X1 rayonu, Əhmədli qəsəbəsi, Elvin Məlikov küçəsi 22F ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 payını iddiaçıya bağışlamışdır və iddiaçı da həmin payı 16 may 2024-cü il tarixli bağışlanma müqaviləsinə əsasən atası Cavabdeh bağışlamışdır. Lakin bağışlanma şərti o idi ki, Cavabdeh mediasiya sazişinə əsasən sonuncu öhdəliyini yerinə yetirsin. Lakin cavabdeh bu günə kimi öhdəliyini yerinə yetirmir. Ərizəyə əlavə edilən çıxarışdan da göründüyü kimi 30 aprel 2024-cü il tarixdə iddiaçının anası ünvan 1 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 payını iddiaçıya bağışlamışdır. Bağışlanma müqaviləsinə əsasən görünür ki, 16 may 2024-cü il tarixdə anasının ünvan 1 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 payını iddiaçı atasına bağışlamışdır. Həmin müqavilə formal xarakter daşıyır. Mediasiya sazişinin icrası ilə əlaqədar anasının öhdəliyini icra etməsini təmin etmək məqsədi ilə olan müqavilə idi. Lakin cavabdeh onun etibarından suistifadə edərək həmin müqavilənin bağlanmasına nail olduqdan sonra mediasiya sazişinin tələblərinə əsasən anasının yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzildəki 1/2 hissədəki payını iddiaçıya bağışlamalı və ya anasının adına keçirtməsi üçün tədbir görməli olduğu halda bu günə kimi öhdəliyini icra etməmişdir. Bundan başqa, 16 may 2024-ci il tarixli bağışlanma müqaviləsinin formal olduğunu təsdiq edən əsas əlamətlərdən bir ondan ibarətdir ki, mübahisəli mənzil heç vaxt iddiaçının mülkiyyətində olmayıb, həmin mənzilin pay hissəsi X6yə məxsus olub. X6 ilə aralarında olan bağışlanma müqaviləsi və atası Rüstəmov Cankişi ilə aralarında olan bağışlanma müqaviləsi, həmçinin atası və anası arasındakı mediasiya sazişi təsdiq edir ki, yuxarıda qeyd etdikləri doğrudur. Buna görə cavabdeh ilə aralarında olan 16 may 2024-cü il tarixli bağışlama müqaviləsi ləğv edilməli və ona dair verilmiş ünvan 1 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 hissədəki payla bağlı çıxarışın etibarsız hesab edilərək iddiaçının adına əvvəlki vəziyyətinə qaytarılmalıdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək bağışlanmadan imtina olunmasının qəbul edilməsi, 16 may 2024-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və ona dair verilmiş ünvan 1 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 hissədəki payla bağlı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçının X2 ilə Cavabdeh arasında 18 aprel 2024-cü il tarixli barışıq sazişi imzalanmış, sazişə əsasən sonuncular birgə nikah dövründə əldə edilmiş əmlaklara dair aralarında razılığa gəlmişlər. Barışıq sazişinə əsasən tərəflərdən hər biri özünə məxsus payı digərinə verməklə 2 əmlak üzərində hər tərəfin ayrıca hüquqları müəyyən edilməli idi. Yəni, Ş.X7 küçəsində yerləşən əmlakda olan payından Cavabdeh xeyrinə imtina etməyi, Cavabdeh isə Xudu Məmmədov küçəsində yerləşən əmlakda olan payıdan iddiaçının anası Ş.Tağıyevanın adına özəlləşdirməyi öhdəsinə götürmüşdür. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, rəsmiləşdirmə zamanı artıq rüsumun ödənilməsindən yayınmaq üçün Ş.X7 küçəsində yerləşən əmlakdakı payını hazırkı iş üzrə iddiaçı olan oğluna bağışlamış, sonuncu da həmin payı atası olan Cavabdeh bağışlamışdır. Cavabdeh barışıq sazişi bağlandıqdan sonra Ş.Tağıyevanın Xətai rayon İcra şöbəsində yazdığı ərizəyə əsaslanaraq Ş.Tağıyevanın tərəflər arasında bağlanmış barışıq sazişinin Cavabdeh tərəfindən tam şəkildə icra edildiyini və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli küçəsi 22F (sazişdə göstərilən və Elvin Məlikov küçəsində yerləşən əmlak) ünvanında yerləşən əmlakda olan payından tam şəkildə imtina etməsi səbəbindən saziş üzrə özünün üzərinə düşən öhdəliyi icra etmədiyini və Ş.Tağıyeva ilə razılığa gəldiyini bildirmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərəflərin hər birinin 1/2 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 1 (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair özünə adi olan 1/2 hissədə payını atası Cavabdeh bağışlamışdır. İddiaçı cavabdehin mediasiya sazişində qeyd edilən öhdəliyin bir qismini icra etmədiyini əsas gətirərək bağışlamdan imtina edilməsinin qəbul edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı işin araşdırılması zamanı iddiaçı bağışlama müqaviləsinin formal xarakter daşıdığını, mediasiya sazişinin icrası ilə əlaqədar anasının öhdəliyinin icra edilməsini təmin etmək məqsədi ilə bağlandığını bildirmiş, lakin cavabdehin onun etibarından suistifadə edərək həmin müqavilənin bağlanmasına nail olduqdan sonra mediasiya sazişinin tələblərinə əsasən anasının yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzildəki 1/2 hissədəki payını ona bağışlaması və ya anasının adına keçirtməsi üçün hər hansı tədbir görmədiyi, bununla da saziş əsasında üzərinə götürdüyü öhdəliyi icra etmədiyini bildirmişdir. Bu səbəbdən iddiaçı bağışlamadan imtina etməsinin məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə bağışlamaqdan imtinanın mümkün olduğu hallar qeyd edilmişdir. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən 1) hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, 2) hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, 3) o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Hazırkı iş üzrə iddiaçı iddiasının əsası kimi cavabdehin onun etibarından suistifadə edərək həmin müqavilənin bağlanmasına nail olmasını göstərmişdir. Məhkəmə iddiaçının hazırkı dəlilinə münasibətdə qeyd edir ki, bu hal bağışlamadan imtinaya əsas ola bilməz. Belə ki, iddiaçının atası ilə anası arasında bağlanmış barışıq sazişi bugünki gün də qüvvədədir və cavabdeh tərəf saziş üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırırsa, barışıq sazişinin məhkəmə tərəfindən təsdiqinə nail olmaqla, cavabdehin öhdəliklərini icra etməsini təmin etmək mümkündür. Odur ki, qanunvericilikdə bağışlamadan imtina üçün nəzərdə tutulmuş hallara hazırkı işin araşdırılması zamanı rast gəlmək mümkün olmadığından, iddia tələbi bağışlamadan imtinanın qəbul edilməsinə münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin bağışlama müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı müqavilənin ləğv edilməsi əsası olaraq bağışlamaqdan imtina olunmasının qəbul edilməsinə istinad etmişdir. Nə qədər ki, məhkəmə tərəfindən iddiaçının bağışlamaqdan imtinası qəbul edilməmişdir, iddia bu hissədə də təmin oluna bilməz. Məhkəmə iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, etibarsız hesab edilməsi ilkin tələblərdən törəmə olduğundan, həmin tələblər də rədd edildiyindən, iddia bu hissədə də təmin edilməməlidir. Beləliklə, yuxarıdakılar nəzərə alınaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı - bağışlanmadan imtina olunmasının qəbul edilməsi, 16 may 2024-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və ona dair verilmiş ünvan 1 ünvanında yerləşən 7 sot torpaq sahəsinin üzərindəki 2 mərtəbəli monsardlı fərdi yaşayış evindəki 1/2 hissədəki payla bağlı çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar