Məhkəmə qərarları › İş №2(011)-7360/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7360/2023

24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7360/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 18 yanvar 2019-cu il təvəllüdlü X7 və 29 mart 2022-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində və X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 iyun 2018-ci il tarixində iddiaçı Cavabdeh ilə rəsmi olaraq ailə qurmuşdur. Nikah həmin tarixdə rəsmi qaydada Tovuz rayon Əsrik Cırdaxan kəndində qeydə alınıb. Birgə nikahdan 18 yanvar 2019-cu il təvəllüdlü X7 və 29 mart 2022- ci il təvəllüdlü X8 anadan olmuşdur.İddiaçı bildirir ki, əvvəllər cavabdeh ilə mehriban yaşaslar da, sonradan xasiyyətləri uyğun gəlmədiyini anlamış və məhkəməyə “nikahın pozulması və uşaqların ananın yanında saxlanılması tələbi” barədə iddia ərizəsi ilə müraciət etmişlər. Hal hazırda Xətai rayon məhkəməsində həmin mülki iş vardır.Cavabdeh iddiaçıya nə maddi, nə də mənəvi dəstək göstərmir. Uşaqların saxlanmasında əziyyət çəkir. Birgə nikahdan doğulmuş uşaqlar X4 və X3 bütün tibbi və digər xərcləri iddiaçının üzərindədir.X2 ürək xəstəsidir. Onun bu xəstəliyi ilə bağlı daim həkim nəzarəti, müayinə və müalicələr tələb olunur. İddiaçı bildirir ki, tək başına bu işlərin öhdəsindən gələ bilmir. Uşaqları körpə olduğu və onlara baxan kimsəsi olmadığı üçün hər hansı bir yerdə işləyə bilmir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, X5 ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə Tovuz rayon Əsrik Cırdaxan kənd icra nümayəndəliyində 4 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir.Onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdurlar. İş materiallarında olan Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV seriyalı, 209282 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18 yanvar 2019-cu il tarixdə Neftçala rayonunda anadan olmuşdur. Ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV seriyalı, 743356 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 mart 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata adı qrafasında Cavabdeh , ana adı qrafasında İddiaçı yazılmışdır. xx.xx.2023-cü il tarixli Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair razılığını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq üçün 200 manat müəyyən edilməlidir. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Məhkəmə eyni zamanda iddia tələbinin “uşağın 3 yaşı tamam olanadək cavabdehdən hər ay 100 manat məbləğində pul vəsaitinin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, bununla da cavabdehin zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə cavabdehdən alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, cavabdehdən alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, 18 yanvar 2019-cu il təvəllüdlü X4 və 29 mart 2022- ci il təvəllüdlü X1 üçün, xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ay, hər uşaq üçün 190 manat olmaqla ümumilikdə 380 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün alimentin tutulma müddəti hazırkı qətnamə çıxdığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 18 yanvar 2019-cu il təvəllüdlü X7 və 29 mart 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar