Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7366/2024 21.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 oktyabr 2019-cu il tarixdə anadan olmuş oğlu X3 yetkinlik yaşına çatandək saxlanılması üçün sabit aliment miqdarı olan 235 manat pulun hər ay ödənilməsinin müəyyən edilməsi, Cavabdeh 12 mart 2021-ci il tarixdən – nikahın pozulduğu vaxtdan indiyə kimi olan hər ay aliment miqdarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 13 dekabr 2018-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində 2958 saylı akt ilə nikahlarını qeydə aldırmışdır. 01 oktyabr 2019-cu il tarixdə birgə nikahdan X5 dünyaya gəlmişdir. Bir yerdə yaşaya bilmədiklərindən 12 mart 2021-ci il tarixdə nikahları pozulmuş və övladı iddiaçının himayəsində saxlanılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələb edilən miqdarda aliment ödəyə bilməyəcəyini bildirmişdir. O, verdiyi izahatda cavabdehin əmək haqqısının 570 manat olduğunu və oğlunun himayəsində daha 2 azyaşlı övladının olmasını bildirərək iddanın rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflər 13 dekabr 2018-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə münasibətlərindən 01 oktyabr 2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli 2(011)-2335/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq anasının himayəsinə verilmişdir. Uşaq hazırda iddiaçının yanındadır. İddiaçı hazırda nikahın pozulduğu vaxtdan başlayaraq ona alimentin ödənilməsini tələb edir. Cavabdeh tərəf iddiaya etiraz mövqeyində olmuşdur. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, X2 cavabdehin atasıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 85.1.3-cü maddəsinə əsasən, nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment almaq hüququna malikdir. 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətlərindən 01 oktyabr 2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra birgə münasibətlərdən doğulmuş uşaq anasının himayəsinə verilmişdir. Cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin əmək haqqısının 570 manat olduğunu və tələb edilən miqdarda alimenti ödəyə bilməyəcəyini bildirsə də, istiand etdiyi halları sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilməsini və cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin Cavabdeh 12 mart 2021-ci il tarixdən – nikahın pozulduğu vaxtdan indiyə kimi olan hər ay aliment miqdarının tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı ilk növbədə cavabdehdən hansı dövr üçün hansı məbləği konkret olaraq tələb etdiyini qeyd etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı müəyyən edilərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən aliment alınması üçün zəruri tədbirlərin görülməsi və cavabdehin aliment ödəməkdən boyun qaçırması halları müəyyən edilməmiş, bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə 30 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi 30 avqust 2024-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə münasibətlərindən anadan olmuş 01 oktyabr 2019cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, təmin edilmiş hissəyə mütənasib olaraq cavabdehdən 48.20 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 1 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7366/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7366/2024
21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver