Məhkəmə qərarları › İş №2(011)-7412/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7412/2021

27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7412/2021 27.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.06.2020-ci il tarixli 2(001)- 2275/2020 saylı qərara əsasən Cavabdeh icra məmuru Tural Rəhimovun 08.09.2021-ci il tarixli “İzahat”-da göstərilmiş, ödənilməmiş aliment borcu kimi qeyd olunan 4420 manatın, borc kimi qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi icra məmurunun izahatında qeyd edilmiş 4420 manat pul məbləğinin borc kimi qəbul edilməməsi barədədir, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Cavabdeh, üçüncü şəxs kimi Maraqlı şəxs göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, iddia tələbi üzrə müvafiq icra hakimiyyəti orqanına (Cavabdehnə), bunun nəticəsindən asılı olaraq isə müvafiq məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxlması da mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21.06.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28.08.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinə əsasən, Ədliyyə Naziliyinin icra xidməti, probasiya qurumları, dövlət notariat ofisləri, regional qurumları, rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15.04.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçı, hazırkı tələblə əvvəlcə Cavabdehnə, onun cavabından asıl olaraq isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Cavabdeh icra məmuru Tural Rəhimovun 08.09.2021-ci il tarixli “İzahat”-da göstərilmiş, ödənilməmiş aliment borcu kimi qeyd olunan 4420 manatın, borc kimi qəbul edilməməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar