Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7524/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1 Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı –Cavabdeh iddiaçının xeyrinə təhsil xərcləri üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası Cavabdeh ilə anası X2 xx.xx.2003-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdurlar. Birgə nikah dövründə xx.xx.2005-ci il təvəllüdlü olan İddiaçı anadan olmuşdur. Atası ilə anası bir müddət mehriban yaşamışlar. Lakin aralarındakı narazılıqların artması onların ayrılmağına gətirib çıxartmışdır. Hal-hazırada ayrılıblar və 2013-cü ildə məhkəmə yolu ilə rəsmi nikahları ləğv olunub. Atası ilə anasının ailə münasibətləri pozulan gündən ayrı yaşıyıblar. Həmin vaxtdan da iddiaçı anasının yanında qalmış və hal-hazırda anasının yanında yaşayır. İddiaçının maddi cəhətdən təmin olunmağı üçün yetkinlik yaşına çatana qədər məhkəmənin verdiyi qərar ilə atası Cavabdeh sabit pul məbləğində 93 manat aliment almışdır. İddiaçı artıq yetkinlik yaşına çatdığı üçün aliment verilməsi dayandırılmışdır. İddiaçı Sumqayıt Dövlət Universitetin Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə qəbul olunmuş, 1-ci kursda ödənişli əsaslarla oxuyur. Təhsil haqqı illik 1700 manat təşkil edir. Hal-hazırda təhsilini davam etdirdiyi üçün əlavə heç bir yerdə işləyə bilmir. Onun gündəlik təlabatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməyi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər anasının üzərində qalmışdır. Halbuki, onun tələbatını ödəmək bir valideyin kimi atasının də üzərinə düşür. Buna görə də iddiaçı hesab edir ki, o, bir valideyn kimi iddiaçının təhsilinin davam etdirməyi üçün 220 manat sabit pul məbləğində aliment ödəməlidir. Cavabdeh anası ilə ayrıldıqdan sonra arada bir onunla maraqlanmışdır. Ona görə də, atasından ona dəstək olmağına görə aliment almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı, onun nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, verdiyi izahatında göstərmişdir ki, o, vərəm xəstəsidir. Hazırda təqaüdçüdür və aldığı təqaüd heç onun özünə çatmır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin verdiyi izahata uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2376/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı anası X1 yanında saxlanmış və xeyrinə 93 manat aliment tutulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2 qızıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST iş mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində aylıq əmək haqqı 2023-cü ilin may ayınadək 300 manat, daha sonra 345 manat olmuşdur. İş materiallarında olan İddiaçı məxsus 2023/2024-cü tədris ili üçün aparılan müsabiqənin nəticə vərəqəsindən görünür ki, o, Sumqayıt Dövlət Universiteti, proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə ödənişli əsasla universitetə qəbul olunmuşdur. İddiadan göründüyü kimi, İddiaçı atası Cavabdeh onun təhsil xərclərinin qarşılanması üçün aliement tutulmasını xahiş edir. Məhkəmə valideynlərin uşaqların əlavə xərclərində iştiraka cəlb olunması ilə bağlı Ailə Məcəlləsinin aşağıdakı normalarını qeyd edir. Belə ki, AM-nin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi, valideynlərin yetkinlik yaşına catmayan övladını saxlamaq üçün onun aliment öhdəliyi hər hansı bir şərtlə bağlı edilmədiyi halda, valideynlərin uşaqlarına görə əlavə xərclərdə iştirak etməsi müəyyən şərtlərlə məhdudlaşdırılmışdır. Bu şərtlərin dairəsi qanunla qismən müəyyən edilmişdir. Valideynlərin əlavə xərclərə cəlb olunması isə 2 yolla – tərəflər arasında saziş əsasında və ya məhkəmə qaydasında mümkündür. Məhkəmə qaydasında əlavə xərclərə cəlb olunma isə tərəflərin bu barədə razılığa gələ bilməməsi (saziş olmadıqda), yaxud bağlanmış sazişdə müstəsna hallarla bağlı xərclərin ödənilməsi qaydası müəyyən edilmədikdə tətbiq edilir. Qanun müəyyən edir ki, valideynlərin əlavə xərclərə cəlb edilərək ondan pul tutulması, aliment ödəliyindən fərqli olaraq hər bir halda deyil, yalnız müəyyən əsaslar mövcud olduğu halda (yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq ağır xəstə, şikəst olan uşaqlara, habelə yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi) və digər hallarda mümkündür. Məcəllənin 81.1-ci maddəsində qeyd edilmiş “digər hallarda” ifadəsi ilə əhatə oluna bilən bir sıra xərclərin, eləcə də, təhsil xərclərinin müstəsna hallara olubolmaması qeyri-müəyyən olduğundan bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərar qəbul etmiş və həmin Qərarda qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Şərh edilənlərdən də göründüyü kimi, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə valideyn yetkinlik yaşına çatmış övladı üçün o halda əlavə xərclərə cəlb oluna bilər ki, birincisi, uşağın əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun, ikincisi bu xərclər həmin şəxsə göstərilən tibbi xidmət və ya müalicə ilə bu və ya digər şəkildə bağlı olsun. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxsin əmək qabiliyyətli olmaması və onun maddi yardıma ehtiyacının olması ayrı-ayrılıqda deyil, birlikdə götürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmış iddiaçının əmək qabiliyyətli olmaması iş materialları ilə təsdiq edilmədiyindən, eləcə də onun tələbi ödənişli əsaslarla aldığı ali təhsil xərci ilə bağlı olduğundan, bu xərclərin isə cavabdehdən tutulması əsasları qanunla nəzərdə tutulmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “təhsil xərcləri üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-7524/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7524/2023
08.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver