Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-756/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, vətəndaş Cavabdeh mebel düzəltmək adı ilə iddiaçıdan ümumilikdə 1200 manat pul almış, lakin söz verdiyi işi görməmişdir. Bununla bağlı iddiaçı tərəfindən Abşeron Rayon Polis İdarəsinə müraciət edilmişdir. Abşeron RPİ-də izahat verən cavabdeh həqiqətən də ondan pul aldığını, lakin bunun qarşılığında heç bir iş görmədiyini etiraf etmişdir. Abşeron RPİ-nin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, bununla bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərdən və iddiaya əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi, cavabdeh iddiaçıya məxsus olan 1200 manatı ələ keçirməklə əsassız varlanmışdır. Eyni zamanda cavabdeh ona mənəvi zərər də vurmuşdur. Belə ki, tikinti və digər materialların qiymətinin bazarda sürətlə dəyişməsi nəticəsində, iddiaçının hımin vaxt düzəltmək istədiyi mebelin qiyməti ən azı 2 dəfə bahalaşmışdır. Deməli, cavabdehin vurduğu zərər 1200 manat deyil, ən azı 2400 manatdır. Cavabdeh qeyd edilən məbləği danışıq yolu ilə geri qaytarmaqdan yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ümumilikdə 2400 manat məbləğində pulun və 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin vətəndaş İddiaçı müraciəti əsasında 21 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 21 sentyabr 2023-cü il tarixdə olan Abşeron Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, İddiaçı mülki münasibətlərin tənzimlənməsi ilə əlaqədar olaraq mülki qaydada da məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış X1 bildirmişdir ki, o, İddiaçı tanımır, onunla hər hansı bir ədavəti yoxdur. Mebel ustası kimi fəaliyyət göstərir. Sifariş götürdüyü mebelləri sexdə sifariş verib, sifariş verən müştərinin evində düzəldir. İddiaçı yaxın dostları Səidə və Nazim vasitəsi ilə tanımışdır. Belə ki, İddiaçı təxminən 1 il bundan əvvəl onunla əlaqə saxlayaraq mətbəx mebeli və yataq otağı mebeli düzəltdirmək istədiyini bildirmişdir. Onun evinə gedərək ölçüləri götürmüş, ona hər 2 mebel üçün 2150 manat pul lazım olduğunu bildirmişdir. İşə başlamaq üçün ondan 1200 manat beh almışdır. Daha sonra şəxsi həyatında çətinliklər yarandığından və pula ehtiyacı olduğundan İddiaçı sifarişini yerinə yetirə bilməmiş və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ondan sonra İddiaçı onunla əlaqə saxladığı zaman ona çətinlikləri olduğunu onun sifarişini həll edəcəyini bildirmişdir. Lakin hal-hazırda da maddi vəziyyəti yaxşı olmadığı üçün onun sifarişinin təmin edə bilməmişdir. İşinin mebel düzəltmək olduğunu, İddiaçı da, 1200 manat pulu beh məqsədi ilə aldığını, lakin çətinlikləri olduğu üçün onun nə sifarişini yerinə yetirmədiyini, nə də pulu verə bilmədiyini, hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığını, yaxın müddətə onun pulunu verə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. (389.1-ci maddəsi) Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. (329.2-ci maddə) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəyə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı Abşeron Rayon Polis İdarəsində cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh arasında mebelin hazırlanması ilə bağlı şifahi razılaşma olmuşdur. İddiaçı öhdəliklərin icra edilməsi məqsədilə cavabdehə ilkin olaraq 1200 manat pul vəsaiti vermişdir. Lakin cavabdeh iddiaçı ilə razılaşdıqları mebeli hazırlamamış, həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. İddiaçı bununla bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, cavabdeh iddiaçıdan 1200 manat pul vəsaitini aldığını, pulu qısa zamanda iddiaçıya geri qaytaracağını bildirsə də, həmin məbləği hazırki günədək geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi, iddiaçıya 1200 manat maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 1200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə əsaslandırılmadığından təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün 44 (qırx dörd) manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%-i, yəni 22 (iyirmi iki) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 50%, yəni 22 (iyirmi iki) manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-756/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-756/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver