Məhkəmə qərarları › İş №2(011)-759/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-759/2024

13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-759/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavavbdeh Cavabdeh ilə iddiaçı xx.xx.2012-ci il tarixində Xətai rayonu VVAQ şöbəsində 574 №-li aktla rəsmi nikahah daxil olmuşdurlar. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdurlar.

2. Tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Cavabdeh birgə nikahndan olan uşaqların saxlanılması üçün iddiaçıya hazırda heç bir maddi yardım göstərməməkdədir. Buna görə də İddiaçı xx.xx.2023-cü il tarixində aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir.

3. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində bağlanmış 574 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasını, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017- ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günləri ananın iştirakı olmadan uşaqların atanın yanında qalması şərtilə axşam saat 19:00-dan bazar günləri axşam saat 21:00-dək uşaqlarla ünsiyyət, bayram və qeyri-iş günləri (3 təqvim günündən artıq olarsa), 1 (tam) təqvim günü uşaqların atalarının yanında qalmaları hər həftə 3 dəfə olmaqla övladları ilə telefon rabitəsi vasitəsilə əlaqə saxlamaq imkanı əsasları ilə ünsiyyətdə olmaq hüququnun təmin olunması və nikah dövründə "xxxx" ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli İP1122 nömrəli kredit müqaviləsinə əsasən cari tarixə olan 62 998,45 manat borc öhdəliyinin cavabdehlə iddiaçı arasında yarı bölünməsini xahiş etmişdir.

4. Bakı şəhəri Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8147/2023 nömrəli qərardadına əsasən, qarşılıqlı iddia icraata qismən yəni, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində bağlanmış 574 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması hissəsində qəbul edilmiş, qalan hissədə icraata qəbul edilməmişdir.

5. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8147/2023 nömrəli qərardadından şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, şəkayətin təmin edilməməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8147/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İddiaçının tələbi:

6. xx.xx.2023-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay manat sabit pul məbləği miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

8. xx.xx.2024-cü il tarixində İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia / Cavabdehin iddiaya münasibəti:

9. xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin İddiaçı ilə xx.xx.2012-ci il tarixində Xətai rayon VVAQ şöbəsində 574 nömrəli aktla qeydə alınmış nikahın pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin əməkhaqqının 1/3 hissəsində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

11. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, nikahın pozulmasına etiraz etmir. Hazırda cavabdehin maddi imkanı yaxşıdır, o, son model telefon və avtomobil işlədir. Həmçinin, onun şəxsi biznesi vardır. O, sadəcə aliment məbləğinin az təyin edilməsi üçün gəlirinin az olduğunu və borcunun olduğunu bildirmişdir. Məhkəmədə iddiasını müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaya münasibətdə nikahın pozulmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, tərəflər birgə nikah dövründə əmlak aldıqları üçün cavabdehin hazırda bank öhdəlikləri vardır. Həmçinin cavabdehin gəliri ilə bağlı məhkəməyə arayış da vermişdir. Cavabdeh 6 saylı Cəaçəkmə müəssisəsində Təsərrüfat bölməsinin rəisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 997,34 manat təşkil edir. Aliment məbləğinin cavabdehin gəlirinin 1/3 hissəsi miqdarında təyin edilməsinə və birgə nikahdan olan uşaqların ananlarının yanında saxlanılmalarına etiraz etmədiklərini bildirmişdir. Məhkəmədə qarşılıqlı iddia tələbini müdafiə etmiş və nikahın pozulmasını xahiş etmiş, ilkin iddiaya münasibətdə uşaqların analarının yanında saxlanılmasına və cavabdehin gəlirinin 1/3 hissəsi miqdarında aliment təyin edilməsinə etiraz etmədiyini bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

13. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, nikahın pozulmasına etiraz etdiyini bildirmişdir.

14. Bakı şəhəri Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8147/2023 nömrəli qərardadına əsasən, qarşılıqlı iddia icraata qismən yəni, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində bağlanmış 574 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması hissəsində qəbul edilmiş, qalan hissədə icraata qəbul edilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, şəkayətin təmin edilməməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8147/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

16. AZ-İ 760558 №-li nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə Bakı Şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar və bu barədə 574 №-li akt qeydi aparılmışdır.

17. AZ-T 173680 №-li doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı, atası Cavabdehdur.

18. AZ-İİİ 979236 №-li doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X1 anası İddiaçı, atası Cavabdehdur.

19. Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 5-11/2-535/2024 saylı, xx.xx.2024 tarixli məlumata əsasən, işin araşdırılması məqsədi ilə iş üzrə İddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış və yetkinlik yaşına çatmayan övladları ilə birgə komissiyaya gəlməsi dəfələrlə xahiş olunmasına baxmayaraq, iş üzrə İddiaçı komissiyaya gəlməmiş və həmçinin yetkinlik yaşına çatmayan övladlarının komissiyada iştirakını təmin etməmişdir. Komissiya tərəfindən mülki iş üzrə rəy verilməsi mümkün olmamışdır.

20. Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 5-11/2- 1009/2024 saylı, xx.xx.2024 tarixli məlumata əsasən, işin araşdırılması məqsədi ilə iş üzrə İddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış və yetkinlik yaşına çatmayan övladları ilə birgə komissiyaya gəlməsi dəfələrlə xahiş olunmasına baxmayaraq, iş üzrə İddiaçı komissiyaya gəlməmiş və həmçinin yetkinlik yaşına çatmayan övladlarının komissiyada iştirakını təmin etməmişdir. Komissiya tərəfindən mülki iş üzrə rəy verilməsi mümkün olmamışdır.

21. DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 84 №-li mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur.

22. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən, xx.xx.2021ci il tarixli, İP1122 saylı ipoteka krediti üzrə xx.xx.2023-cü il tarixinə qalıq əsas borc 62998,45 manat təşkil edir.

23. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmət 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17/21/2-4690/2023 saylı arayışa əsasən, Cavabdeh həqiqətən də 6 saylı Cəzaçəkmə Müəssisəsində xx.xx.2016-cı il tarixdən Təsərrüfat bölməsinin rəisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 997,34 manat təşkil edir.

24. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/16- 0112 nömrəli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 50 manat mediasiya xərci ödəmişdir.)

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

26. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

27. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:

8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ. 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

28. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu:

5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

29. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 22.2.1. məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

30. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

31. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

35. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməlidir.

36. Məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbinə mövqe bildirərək heab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmmuşdur ki, tərəflər arasında nikah münasibəti formal xarakter daşıyır, eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır.

37. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynlə qalması məsələsini araşdıraraq qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmayan övladlarının onun himayəsində saxlanılmasını istəməsi və birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanılmasının uşaqların marağını pozması halı aşkar edilmədiyindən birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmalıdır.

38. Məhkəmə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində (§26) istifadə edilmişdir Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§28) dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.

39. İlkin İddiaçı tərəfindən verilmiş ərizəyə əsasən, övladlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 məbləğində alimentin tutulmasını tələb etmişdir. Məhkəmə iddia tələbinin aliment hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.(§30) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi).(§30, §34) Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənlərə əsasən, məhkəmə cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 məbləğində sabit alimentin tutularaq iddiaçıya ödənilməsini uşaqların və tərəflərin maraqlarına nəzərən məqsədəmüvafiq hesab edir.

40. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulmasının başlanğıcı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, (§29) iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır (müvəqqəti təminat tədbiri ilə bağlı ödənimiş məbləğ nəzərə alınmaqla).

41. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, qarşılıqlı iddia tələbi və iddia tələbi təmin edilməli, tərəflər arasında xx.xx.2012-ci il tarixdə Bakı Şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə 574 №-li akt qeydli rəsmi nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri:

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İlkin iddia təmin edilsin.

2. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anaları İddiaçı himayəsində saxlanılsın.

3. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilsin.

4. Qarşılıqlı iddia təmin edilsin.

5. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 574 №-li akt qeydi ilə bağlanmış nikah pozulsun.

6. Alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın.(Müvəqqətti təminat tədbiri barədə 16(011)-1798/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardada əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək edilmiş aliment ödənişləri nəzərə alınmaqla)

7. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin.

8. İddia və qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin.

9. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar