Məhkəmə qərarları › İş №2(011)-7629/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7629/2024

29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7629/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra – iddiaçı) nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçının cavabdehə qarşı “alimentin azaldılması” tələbi barədə ilkin, cavabdehin iddiaçıya qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Səadət Sarayı Bakı nikah evində akt qeydləri kitabında 165 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin bu nikahlarından bir övladları - xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşdur.

2. Tərəflərin nikahı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2848/2024 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların cavabdehin himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində və uşaq 3 yaşa çatanadək hər ay 100 manat məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir.

3. Hazırda iddiaçı tərəfindən 235 aliment və uşağın 3 yaşınadək saxlanılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat olmaqla, cəmi 335 manat aliment ödənilir.

İlkin və qarşılıqlı iddia ərizələrinin dəlilləri: a) İlkin iddia ərizəsinin dəlilləri:

4. İddiaçı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2848/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2023-cü il təvəllüldü X2 saxlanılması üçün ondan tutulan alimentin miqdarının azaldılması, uşaq 3 yaşına çatana kimi ona qulluq üçün nəzərdə tutulmuş 100 manat yardımın ləğv edilməsi və alimentin sabit məbləğə yönəldilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehlə rəsmi nigaha daxil olmuş, birgə nigahdan bir övladları dünyaya gəlmişdir. Zamanla cavabdehlə aralarındakı ailə münasibətləri kəskinləşdiyindən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(001)-2848/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş və uşağın cavabdehin yanında qalmasına qərar verilmişdir. xx.xx.2024 tarixdən başlayaraq, uşağıın 3 yaşına çatana qədər ona qulluğa görə hər ay cavabdehə 100 manat maddi yardım, uşaq yetkinlik yaşına çatana kimi isə hər ay əmək haqqı və digər gəlirlərin dörddə biri miqdarında alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. İş icra üçün Binəqədi rayon İcra şöbəsinə göndərildikdə, onun haqqında olan bütün məlumatlar araşdırılmış, hal-hazırda heç bir yerdə işləmədiyi, heç bir qazancı və gəliri olmadığı, adına heç bir daşınar və ya daşınmaz əmlak olmadığı müəyyən edilmiş və onun uşağa ödəyəcəyi alimenti Azərbaycan Respublikasında orta aylıq əmək haqqının dörddə biri məbləğində ödəməyi qərara alınmışdır. Bunun üçün isə Azərbaycan Respublikası Statistika Komitəsinə xx.xx.2024 tarixli sorğu göndərilmiş və oradan alınmış xx.xx.2024 tarixli cavaba əsasən ona uşağına ödəməyi üçün aliment təyin olunmuşdur. O da həmin icra sənədinə uyğun olaraq, yəni ölkədə orta əmək haqqının dörddə biri miqdarında aliment ödəyərək xx.xx.2024-cü il tarixdən başlayaraq bugünkü günə qədər yığılmış bütün aliment borclarını və hər ayın alimentlərini qəpiyinə qədər ödəmişdir. Buna baxmayaraq cavabdeh onun övladı ilə ünsiyyətinə mane olur, uşağıyla ünsiyyət hüququnu kobud şəkildə pozur. 2023-cü ilin noyabr ayından uşağını götürüb evdən getmiş, sonra isə ailəliklə telefon nömrələrini dəyişdirmişlər. 2023-cü ilin noyabr ayından etibarən övladının heç foto şəkilini belə görməmişdir. Cavabdehin övladıyla ünsiyyət hüququnu pozmasına baxmayaraq məhkəmənin ona təyin etdiyi alimenti vaxtında ödəmişdir.

Cavabdehin ilkin iddia ərizəsinə dair etirazının dəlilləri:

6. Cavabdeh ilkin iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü ildən aliment ödəməyə başlayıb, lakin aliment ödəməyə başladığı ana qədər aradan keçən 8 ay müddətində övladının saxlanmasına öz təşəbbüsü ilə maddi dəstək göstərməmiş, yalnız valideynlərinin maddi dəstəyi ilə uşağı saxlamışdır. İddiaçının kifayət qədər yaxşı maddi imkanı vardır. Məhkəmə qətnaməsi ilə alimentin tutulması müəyyən olunduqdan sonra iddiaçı alimentin ödənilməsindən yayınmaq üçün bilərəkdən işdən çıxmışdır. Binəqədi Rayon Məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq ödəməli olması nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı ona 2024-cü ilin mart ayından qalan 19 gün, aprel, may ayları və iyun ayından isə 10 gün üçün işlədiyi "xxxx" MMC-dən hər ay aldığı 340.000.00 rus rublu məbləğində əmək haqqı və 170.000 rus rublu məbləğində işdənçıxma müavinətinin ¼ hissəsi miqdarında aliment ödəməli idi. xx.xx.2024-cü il tarixə olan məzənnəyə görə iddiaçının 5.402 manat məbləğində ödənməmiş borcu vardır. İddiaçının bu gün ödədiyi 252 manat və uşağa qulluğa görə ödədiyi 100 manat məbləğində aliment hazırkı vəziyyətdə mövcud qiymətlərlə müqayisədə həddindən artıq azdır. Uşaq da körpə olduğu və qulluğa ehtiyacı olduğu üçün işləyə bilmir. İddiaçı hazırda da xarici ölkədə yaşayır, tez-tez gedib-gəlir və ya işləyərək əmək haqqı və digər gəlirlər əldə edir.

b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:

6. Cavabdeh ilkin iddia ərizəsinin təmin edilməməsi, iddiaçının ölkə ərazisində olduğu və işləmədiyi müəyyən olunarsa övladları Teymur Əlizadənin saxlanılması üçün alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş orta aylıq əmək haqqının ¼ miqdarında, ölkə xaricində olduğu və işləmədiyi müəyyən olunarsa alimentin məbləğinin xarici ölkədə olan şəxsin gəlirlərinin ¼ miqdarında müəyyən edilməsi, qeyd edilənləri müəyyən etmək mümkün olmazsa Teymur Əlzadənin saxlanılması üçün hər ay 500 manat, uşağa qulluğa görə hər ay 400 manat olmaqla, cəmi 900 manat məbləğində alimentin, 2024-cü ilin may ayından bu günədək ölkə üzrə muzdla işləyən işçilərin orta aylıq aylıq əmək haqqı və xarici xarici ölkədə müvəqqəti yaşayan şəxsin orta aylıq gəlirə münasibətdə alimetin artırılması, xarici ölkədə işləyirsə aylıq gəlirinin ¼ miqdarında alimentin müəyyən edilməsi və ya Teymur Əlzadənin saxlanılmasına görə hər ay 500 manat, uşağa qulluğa görə hər ay 400 manat olmaqla, cəmi 900 manat məbləğində alimentin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Sonradan cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Teymur Əlizadənin saxlanılması üçün hər ay 500 manat, uşağa qulluğa görə isə oa hər ay 400 manat olmaqla, cəmi 900 manat məbləğində alimentin hər ay cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, hazırda iddiaçı uşağa görə ödədiyi 252 manat və uşağa qulluğa görə ödədiyi 100 manat məbləğində aliment mövcud qiymətlərlə müqayisədə həddindən artıq azdır. Uşaq da körpə olduğu və qulluğa ehtiyacı olduğu üçün o da işləyə bilmir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının nümayəndəsi məhkəmə iclasında ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etdi.

10. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

18. “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

20. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, ilkin və qarşılıqlı iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir.

23. Məhkəmə həm ilkin, həm də qarşılıqlı iddia tələblərinə münasibətdə bildirir ki, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar.

24. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin hüquqi tənzimlənməsi Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuşdur.

25. İddiaçı alimentin miqdarının azaldılmasını hal-hazırda işsiz olması ilə əlaqələndirir. Məhkəmə iddiaçının işləmədiyinə görə alimentin azaldılması barədə dəlili ilə razılaşmır, belə ki, iddiaçının qazancının olmaması övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda iddiaçı əmək qabiliyyətlidir və öz bacarığına uyğun müvafiq fəaliyyətlə məşğul olmaq iqtidarındadır. Ailə Məcəlləsinin 78.2-ci maddəsində tələb edilir ki, sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınarkən ilk növbədə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş iddiaçının sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, o, xx.xx.2024-cü il tarixdə ölkə ərazisini tərk edərək Türkiyə Respublikasına getmişdir. İddiaçının nümayəndəsi oğlunun (iddiaçının) Türkiyə Respublikasına əmisinin yanına getdiyini, orada heç isə bir işlə məşğul olmadığını bildirsə də məhkəmə bu dəlili ağlabatan hesab etmir. Belə ki, iddiaçının xarici ölkədə olması ən azından özünün yaşaması üçün hər hansı fəaliyyətlə məşğul olmasını tələb edir. Bu halda onun işləməməsi inandırıcı ola bilməz.

26. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş uşaq üçün aliment Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş, bu zaman iddiaçının aylıq qazancının ¼ hissəsi məbləğində aliment tutulmuş, hazırda isə iddiaçının təklif etdiyi alimentin məbləği əvvəl tutulan alimentin məbləğindən xeyli azdır. Bu isə uşağın mənafeyinə pozmaqla, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasını tələb etsə də, xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyyətinin pisləşməsini, ailə vəziyyətində dəyişikliklərin olduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Yalnız iddiaçının işləməməsi onun maddi vəziyyətində əhəmiyyətli dərəcədə pisləşməsinə dəlalət edən hal kimi qəbul edilə bilməz. Belə ki, Uşaq hüquqları haqqında həm milli, həm də beynəlxalq qanunvericilik də tələb edir ki, uşağın müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır, uşaqlar qanunla və digər vasitələrlə sosial müdafiə ilə və s. təmin olunmalıdır.

27. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qırarında da göstərilir ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.

28. Məhkəmə həmçinin, hesab edir ki, iddiaçının övladı ilə ünsiyyətdə olmaq hüququna yaradılan manelər də iddiaçıdan uşağın saxlanılması üçün tutulan alimentin miqdarının azadılmasına əsas ola bilməz. Belə ki, iddiaçı uşağı ilə ünsiyyət hüququnun müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır.

29. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, alimentin alimentin məbləğinin azaldılması əsaslı hesab edilə bilməz.

30. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh hazırkı qarşılıqlı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.

31. Əvvəldə də göstərildiyi kimi, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.

32. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.

33. Bundan başqa, cavabdehin iddiası əsasında alimentin sabit pul məbləğində müəyyən edilməsinin başlıca səbəbi iddiaçı tərəfindən öz təşəbbüsü ilə ödənilən alimentin hazırki həcmi ilə bağlıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün alimentin iddiaçının qazancının və ya başqa gəlirlərinin ¼ hissəsində tutulması qət edilmişdir. İş materiallarında olan iddiaçı ilə "xxxx" MMC aralarındakı əmək müqaviləsinin surətindən görünür ki, o, həmin cəmiyyətdə komputer mühəndisi vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə isə qarşılıqlı razılşmaya əsasən (xx.xx.2024-cü il tarixli, “Əmək müqaviləsinə xitam verlməsi barədə razılaşma”nın surəti). Bütün bu hallar isə onu göstərir ki, tərəflər nikah münasibətlərində birgə yaşayarkən iddiaçının qazancı onun hazırda verdiyi alimentin məbləğindən daha çox olmuşdur.

34. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün minumum xərclər, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri davamlı olaraq artır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, sonradan onun azaldılmış məbləğdə iddiaçı tərəfindən ödənilməsi uşağın zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz, eyni zamanda bu uşağın əvvəlki maddi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

35. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə tutulan alimentin daha az məbləğdə ödənilməsinin uşağın mənafeyinə zidd olduğunu, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək təmin edilməsini nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün iddiaçı tərəfindən öz təşəbbüsü ilə verilən alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində iddiaçının öz təşəbbüsü ilə verdiyi aliment onun qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.

36. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

37. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də maddi vəziyyəti nəzərə alınmalıdır. Əvvəla, cavabdeh iddiaçının ondan hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasına imkan verən maddi duruma malik olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Digər bir tərəfdən, işin məhkəmə araşdırması zamanı bəlli oldu ki, iddiaçı Türkiyə Respublikasında yaşayır, onun orada hansı fəaliyyətlə məşğul olması və nə qədər qazanca sahib olması barədə cavabdeh heç bir sübuta malik deyil. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay 300 manat məbləğində müəyyən edilməsini daha məqsədə uyğun hesab edir. Məhkəmə alimentin bu həcmdə müəyyən edilməsi qənaətinə gələrkən tərəflərin birgə nikahlarından doğulmuş uşağa görə qətnamə ilə tutulan alimentlə təmin edilən əvvəlki maddi durumunun mümkün qədər yüksək saxlanması imkanını nəzərə alır.

38. Alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

39. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün 400 manat məbləğinə alimentin cavabdehdən tutulması hissəsində iddia əsassızdır.

40. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normasından da görünür ki, hamiləlik dövründə və uşaq doğulduğu gündən 3 il ərzində arvadın (ərin) keçmiş ərindən (arvadından) aliment tələb etməsi üçün əsas dispozitiv şərt keçmiş ərin (arvadın) həmin alimenti ödəmək üçün zəruri vəsaitə malik olması ilə bağlı edilmişdir. Lakin cavabdeh uşağın 3 yaşına çatanadək 400 manat əlavə alimentin ödənilməsinə əsas verən cavabdehin zəruri vəsaitə malik olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə həm də onu nəzərə alır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşağn 3 yaşa çatanadək saxlanılması üçün hər ay iddiaçıdan 100 manat məbləğində aliment tutulmuş, həmin vəsaiti isə iddiaçı könüllü olaraq ödəyir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2848/2024 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 300 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar