Məhkəmə qərarları › İş №2(011)-765/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-765/2022

14.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-765/2022 14.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 19 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu barədə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt kitabında 168№ ilə qeyd aparılmışdır. Birgə nikahlarından iki övladları, 16 dekabr 2013-cü il təvəllüdlü X5 və 31 mart 2016-cı il təvəllüdlü X6 vardır. Ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, getdikcə korlanmışdır. Cavabdeh bir ata kimi övladlarının saxlanılmasına maddi köməklik etmir və ata kimi övladlarının qayğısına qalmır. Birgə nikahdan olan 16 dekabr 2013-cü il təvəllüdlü X3 və 31 mart 2016-cı il təvəllüdlü X2 üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 miqdarında alimentin Cavabdeh onun xeyrinə tutulmasını tələb edir. O, cavabdehin qanunla müəyyən olunan alimentin ödənilməsini vacib və qanunamüvafiq hesab edir. İddiaçı göstərilənləri nəzərə alaraq, birgə nikahdan olan 16 dekabr 2013-cü il təvəllüdlü X3 və 31 mart 2016-cı il təvəllüdlü X2 üçün hər ay qazancın (başqa gəlirlərin) 1/3 miqdarında alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 827261 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Əliyeva (Ələsgərli) Zəhra Ziyəddin qızı xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 168 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 290820 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, tərəflərin birgə nikahdan olan uşaqları X5 xx.xx.2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 737486 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, tərəflərin birgə nikahdan olan uşaqları X6 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 06 aprel 2009-cu il tarixdən "xxxx" QSC-nin əməkdaşıdır, 1 saylı Bakı NTB-nin Satış xidmət sahəsində böyük ekspert vəzifəsində çalışır, onun aylıq maaşı 1010 manatdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. 2-ci maddəyə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 16 dekabr 2013-cü il təvəllüdlü X3 və 31 mart 2016-cı il təvəllüdlü X1 üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 16 dekabr 2013-cü il təvəllüdlü X3 və 31 mart 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən : İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar