Məhkəmə qərarları › İş №2(011)-7696/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7696/2025

21.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7696/2025 21.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi son haqq-hesabın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı İddiaçı ümumilikdə ödənilməyən 15.159 manat son haqq-hesabın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən iddia tələbinin təmin edilməsini, ona ödənilməyən 5538 manat əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə 9621 manat və gecikdirilməyə görə isə 107.991 manat olmaqla, ümumilikdə 123.150 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 2016cı ilin oktyabr ayında əmək müqaviləsi bağlanılaraq Cəmiyyətə Direktor vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsinə əsasən iddiaçıya hər ay 3000 manat məbləğində əmək haqqının ödənilməsi qeyd edilmişdir. 2019-cu ilin aprel ayının 22-də öz xahişi ilə cavabdehlə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur. İşdən azad olunarkən onun 2019-cu ilin mart-aprel ayları üzrə əmək haqqı və 2016-2019-cu illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış vəsait, son haqq-hesab ödənilməmişdir. Uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Bununla bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər etməyinə baxmayaraq bu günə kimi son haqq-hesabı ödənilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən ona ünvanlanmış xx.xx.2020 tarixli və xx.xx.2024 tarixli məktublarında müraciətin araşdırıldığı qeyd olunsa da heç bir nəticə olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair münasibəti: Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassızdır. Cavabdeh MMC tərəfindən iddiaçıya qarşı əmək hüquqlarının pozulması ilə bağlı hər hansı hüquq pozuntusu törədilməmişdir. İddiaçı işəgötürənlə əmək münasibətləri xx.xx.2019-cu il tarixində onun öz ərizəsi əsasında, könüllü şəkildə əmək fəaliyyətinə xitam verilmiş, əmək münasibətləri qarşılıqlı razılıqla və qanunvericiliyin tələblərinə uyğun olaraq sonlandırılmışdır. Bununla yanaşı, iddiaçı müvafiq tələb üzrə məhkəməyə müraciət üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi nəzərə alınmaqla, iş üzrə digər halların araşdırılmasına və iddianın əsaslı olub-olmamasının qiymətləndirilməsinə zərurət yoxdur. Qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur”. Müvafiq plenum qərəra əsaslanaraq bildirmək istəyirik ki,iddiaçının məhkəməyə müraciət üçün ötürmüş olduğu prosessual müddət üçün gətirmiş olduğu “bəhanə” heç də özünü doğrutmur. Belə ki iddiaçı ərizənin gecikməsinə səbəb kimi X1 Xidmətinə müraciət etdiyini, Orqan tərəfindən məsələnin araşdırıldığını, lakin cavab verilmədiyini, tərəfin isə bu cavabı gözlədiyini və buna görə iddia müddətini ötürdüyünü əsas gətirmişdir. Lakin X1 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Bu səbəblə iddiaçının həmin orqandan Cavabdeh MMC ilə aralarında olan fərdi əmək mübahisəsini həll etməsi üçün cavab gözləməsi və məhkəməyə müraciət etməməsi üzrlü hesab edilə bilməz. Əlavə olaraq iddiaçı X1 Xidmətinə müraciət etməklə yanaşı, eyni zamanda məhkəməyə də müraciət edə bilərdi. Buna görə də, X1 Xidmətinə müraciət edilməsi faktının məhkəməyə müraciət hüququnu məhdudlaşdırması və ya aradan qaldırması kimi təqdim edilməsi, habelə bu halın iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi göstərilməsinin heç bir hüquqi əsası yoxdur. Göründüyü üzrə qanunverici işçiyə pozulmuş hüquqlarının ona məlum olduğdan sonra 1 (bir) ay ərzində məhkəməyə müraciət etmək hüququnu müəyyən etmişdir, 294-cü maddənin 4- cü bəndində isə Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bildiyi müəyyən edilmişdir. 294-cü maddənin 3-cü bəndində,Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür kimi müəyyən edilmişdir. İşçinin əmək müqaviləsinə könüllü şəkildə xitam verdiyindən, son haqq-hesabın aparılmalı olduğu gün də məhz həmin tarixə təsadüf etmişdir və işçi bu barədə tam məlumatlı olmuşdur. Başqa sözlə, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün də məhz əmək münasibətlərinə xitam verildiyi tarixlə eyni gündür. Belə olan halda, xx.xx.2019-cu il tarixində pozulmuş olan hüququnun müdafiə müddəti qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixində bitmişdir. Hazırki işdə isə tərəf nə şəxsiyyəti ilə bağlı halları əsas gətirmiş, nə də müvafiq normada nəzərdə tutulmuş müddətləri gözləmişdir. İddiaçı hüququnun pozulmasının aşkar edildiyi gündən 6 il 6 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən etirazın təmin edilməsini, tələb üzrə qanunvericilik əsasında müəyyən edilmiş iddia müddətinin keçməsi əsası ilə, iddianın rədd edilməsi barəsində qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda iddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, onunla Cavabdeh MMC arasında 2016-cı ilin oktyabr ayında əmək müqaviləsi bağlanılaraq Cəmiyyətə Direktor vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsinə əsasən iddiaçıya hər ay 3000 manat məbləğində əmək haqqının ödənilməsi qeyd edilmişdir. 2019-cu ilin aprel ayının 22-də öz xahişi ilə cavabdehlə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur. İşdən azad olunarkən onun 2019-cu ilin mart-aprel ayları üzrə 5538 manat əmək haqqı və 2016-2019-cu illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış 9621 manat olmaqla ümumilikdə 15.159 manat son haqq-hesab vəsaiti ödənilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət ünvanlanmasına baxmayaraq, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciətlər edilməsinə baxmayaraq cavabdeh vəsaiti ödəməkdən yayınmışdır. İddiaçı X1 Xidmətinin araşdırılmasının nəticəsini gözlədiyi üçün iddia müddətini buraxmışdır. Bu səbəbdən də buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etmədiklərini, məhkəmədən iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2026-cı il tarixində Əmək müqaviləsi bağlanmış, iddiaçı direktor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixində əmək müqaviləsinə dəyişiklik edilərək işçinin əmək haqqı məbləği 3200 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MMC-nin 21 nömrəli xx.xx.2019-cu il tarixli əmrinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə 68-ci maddənin a bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-96619/2024 saylı məktubunun surətindən görünür ki, Cavabdeh MMC-yə məktub ünvanlanaraq qeyd edilmişdir ki, müraciətlə əlaqədar İddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı bank çıxarışından son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bununla əlaqədar olaraq, 10 gün müddətində İddiaçı son haqq-hesabının qanunvericiliyin tələblərinə uyğun ödənilməsi təmin edib nəticəsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. İddianın hüquqi əsasları: Azərbaycan Respublikası Əmək Məcəlləsi çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

5. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən əsaslara görə rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı direktor vəzifəsinə işə götürülmüşdür. xx.xx.2019-cu il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi, yəni tərəflərdən birinin təşəbbüsü, ilə xitam verilmişdir. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçının mövqeyinə əsasən, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra ona son-haqq hesab (2019-cu ilin mart-aprel ayları üzrə əmək haqqı və 2016-2019-cu illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya) ödənilməmişdir. Buna münasibətdə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə mülki iş materiallarını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının son-haqq hesabın və əmək haqqının gecikdirildiyinə görə faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son-haqq hesabın ödənilmədiyini, bununla da onun əmək hüquqlarının pozulduğunu, müqaviləsinə xitam verildiyi andan, yəni 2019-cu ildə real olaraq bildiyi halda, son haqq-hesabın ödənilməsi və ödənişin gecikdirilyinə görə faizlərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Belə olan halda, məhkəmə iddia müddətini tətbiq edərək hesab edir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə xitam verilmiş əmək müqaviləsi üzrə sonhaqq hesabın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ yoxdur. Bununla yanaşı, məhkəmə iddiaçının prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülməsinin səbəbi kimi X1 Xidmətinə müraciət edərək həmin müraciət əsnasında aparılmış araşdırmanın nəticəsini gözlədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarına istinadən qeyd edir, X1 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində iddia müddətlərinin ötürülməsinin üzrlü olan səbəblərin siyahısı qeyd olunmuşdur: iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, qohumunun ölməsi və digər obyektiv hallar. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin göstərilən müddəası genişləndirici şərhə yol versə də, orada nəzərdə tutulan digər hallar – obyektiv olmalıdır. Obyektiv hallar isə - şəxsdən asılı olmayan, başqa şəxslərin, ətraf mühitin və şəraitin təsiri altında yaranan hallar başa düşülməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, əmək hüquqlarının bərpası ilə bağlı iddiaçının 2020-ci ildə və 2024-cü ildə X1 Xidmətinə müraciət etməsi hazırkı mübahisə üzrə iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb ola bilməz. Odur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqına görə 5538 (beş min beş yüz otuz səkkiz) manat, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə 9621 (doqquz min altı yüz iyirmi bir) manat, gecikdirilməyə görə 107.991 (yüz yeddi min doqquz yüz doxsan bir) manat olmaqla, ümumilikdə 123.150 (yüz iyirmi üç min yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiasıi iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqına görə 5538 (beş min beş yüz otuz səkkiz) manat, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə 9621 (doqquz min altı yüz iyirmi bir) manat, gecikdirilməyə görə 107.991 (yüz yeddi min doqquz yüz doxsan bir) manat olmaqla, ümumilikdə 123.150 (yüz iyirmi üç min yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar