Məhkəmə qərarları › İş №2(011)-7725/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7725/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7725/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikah dövründə doğulan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, ümumilikdə hər ay 470 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Hal hazırda cavabdeh ilə rəsmi nikahları yoxdur, 2019-cu ildə məhkəmə qaydasında pozulub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1957/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən uşaqların himayəsi ona verilmişdir və hər iki uşağa birgə 320 manat aliment kəsilmişdir. Lakin cavabdehin yalvar yaxarlarından sonra ona güzəşt edərək 12 fevral 2020-ci il tarixində alimentin icrasına xitam vermişdir. Hal hazırda cavabdeh ata uşaqlara heç bir maddi yardım etmir, o isə tək ana olaraq uşaqların maddi ehtiyaclarını ödəməkdə çox çətinlik çəkir və bu səbəbdən dolayı 18 yaşı tamam olan günədək saxlanılması üçün cavabdehdən alimentin alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilmədi üçün haxırki iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmək üçün rəsmi olaraq dəvət edilsə də, iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən 50 manat ödəniş edilmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədiyini, iddia tələbində qeyd edilmiş aliment məbləği onun üçün yüksək olduğunu, digər uşaqları da olduğunu, ona görə ancaq iki uşağa ümumilikdə 200-250 manat pul ödəyə biləyəcini bildirmişdir. İşin halları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-1957/2019 saylı Qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixində 244 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarxindən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 160 manat, cəmi 320 manat aliment İddiaçı xeyrinə tutulsun qət edilmişdir. Tərəflərin övladları, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 hal-hazırda anaları, mülki iş üzrə İddiaçı himayəsindədirlər. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan aşkar edilir ki, İddiaçı 150 manat məbləöində pensiya alır. Cavabdeh hər hansı rəsmi iş yeri və ya gəlir mənbəsi yoxdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan aşkar edilir ki, Cavabdeh xx.xx.2011 təvəllüdlü X4 adlı və xx.xx.2022 təvəllüdlü X6 adlı iki övladı daha var. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/16/2024-01319 nömrəli Bakı 16 saylı Mediasiya Təşkilatının arayışında məlum olur ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı 50 manat məbləğində ilkin mediasiya sessiyası xərcini ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 234. Qətnamənin icra edilməsi 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin vəkillərinin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-1957/2019 saylı Qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarxindən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 160 manat, cəmi 320 manat aliment İddiaçı xeyrinə tutulmuşdur. İddiaçı iddia ərizəsində 12 fevral 2020-ci il tarixdən aliment tələbindən imtina etdiyini qeyd etsədə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının alimentin təyin edilməsi tələbi aliment məbləğinin artırılması tələbi kimi qiymətləndirilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment uşağın saxlanması üçün yetərli deyildir. Belə ki, qətnamə ilə tutulmuş aliment məbləği müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, müəyyən edilmiş alimentin ödənilməsi, uşağın artmış tələbatlarını qarşılanması, cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrası üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hər iki tərəfin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılaraq hər ay hər uşaq üçün 195 manat olmaqla, ümumilikdə hər ay 390 məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanılmaqla Cavabdeh hər ay hər uşaq üçün 195 (yüz doxsan beş) manat, ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar