Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7820/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları 10 sentyabr 2017-cu il təvəllüdlü X2 və 22 aprel dekabr 2021-ci il təvəllüdlü X3 həddi-buluğa çatanadək azyaşlı övlarının hər birinin saxlanılması üçün hər ay 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində onun xeyrinə alimentin tutulması və alimentin məhkəməyə müraciət etdiyim tarixdən hesablanması, mediasiya və məhkəmə xərcinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə 17 iyul 2016- ci il tarixdə rəsmi nikaha girib ailə qurmuşdur, bu nikah 1 saylı ASAN Sumqayıt Xidmətində 1762 sayda qeydiyyata alınmışdır, birgə nikah dövründə 10 sentyabr 2017-cu il təvəllüdlü X2 və 22 aprel dekabr 2021-ci il təvəllüdlü X5 doğulmuşdur, cavabdehlə nikahları formal xarakter daşıyır və ayrı-aynlıqda yaşayırlar, nikaha daxil olarkən tərəflər arasında heç bir nikah sazişi bağlanmamışdır, hazırda azyaşlı övladları onun himayəsində yaşayırlar, övladları ilə münasibəti tam normaldır, onların sosial inkşafı və tibbi cəhətdən sağlam inkşafları üçün onun tərəfindən bütün yardımlar göstərilir, lakin cavabdeh bir ata, bir ailə başçısı kimi üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir, uşaqlarının qayğısına qalmır, onların saxlanılması üçün heç bir maddi yardım etmir, uşaqların bütün xərclərini o özü qarşılayır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh yazılı ərizəsinə uyğun ziahat verərək, uşaqların saxlanması üçün hər ay ümumilikdə 470 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Sumqayıt “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 040614 saylı nikah haqqında şəhadətnəmədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1762 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 227710 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 227709 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/8/2024- 01925 saylı xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. Mübahisənin predmeti uşaqların ananın himayəsində qalması və aliment tələbi olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, İddiaçı və Cavabdeh xx.xx.2016-cı il tarixdə nikah bağlamışlar, hazırda tərəflərin nikahı pozulmamışdır tərəflərin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır, uşaqlar hazırda ananın – iddiaçının yanındadır, onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür, cavabdeh uşağın saxlanması xərclərində iştirak etmir, cavabdeh hazırda uşaqların saxlanılması hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat aliment ödəməyə razıdır. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən aliment tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, bu zaman tərəflərin ailə vəziyyəti, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olması, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi, onların yaşı və diqqətəlayiq digər hallar, cavabdehin aliment məbləğini qəbul etməsini, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə xahişi nəzərə alınmalı və aliment sabit pul məbləğində, miqdarı isə hər ay hər uşaq üçün 235 manat, olmaqla ümumilikdə 470 manat həddində müəyyən edilməlidir. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, alimentin tutulma müddəti də iddia ərizəsinin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı aliment alınması barədə iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği (470 x 12 ay = 5640 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 76,40 manat məbləğində dövlət rüsumu alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 60 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarda dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 76 (yetmiş altı) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7820/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7820/2024
06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver