Məhkəmə qərarları › İş №2(011)-7931/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7931/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7931/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 06 iyul 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, aylıq qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında vəsaitin tutulması və iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən etibarən cavabdeh tərəfindən ödənilməli olan aliment məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 14 fevral 2016-cı il tarixdə 550 saylı akt qeydinə əsasən bağlanılmışdır. Həmin nikahdan 13 oktyabr 2016-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. Tərəflər xasiyyətlərinin bir-birinə uyğun olmadığını anlamış və ayrılmaq qərarına gəlmişdirlər. Belə ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunmuş və Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(011)- 3129/2023 saylı qətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 14 fevral 2016-cı il tarixdə 550 saylı akt qeydinə əsasən bağlanılmış nikahın pozulması və 13 oktyabr 2016-cı il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anası İddiaçı Zülfuqar qızının yanında qalması qət edilmişdir. Belə ki, məhkəmə mübahisəsi davam edən dövr ərzində məhkəmənin məsləhətinə əsasn tərəflər arasında notarial təsdiqli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Cavabdeh tərəfindən 06 iyul 2023-cü il tarixli barışıq sazişinin 3-cü maddəsinə görə Cavabdeh azyaşlı 13 oktyabr 2016-cı il təvəllüdlü X4 üçün ödəniləcək əmək haqqının 1/4 hissəsinə aliment ödənilməsi qeyd edilmişdir. Lakin iddia ərizəsi uzun bir müddətdir verilməsinə və məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilıməsinə baxmayaraq cavabdeh tərəfindən alimentin edənilməsi hələ də həyata keçirilməmişdir. Bu isə övladının tələblərinin ödənilməsinə iddiaçıya bir çox problemlər yaradır. İddiaçı tərəfindən 14 sentyabr 2023-cü il tarixində pretenziya ilə müraciət edilməsinə baxmayaraq həmin alimentin ödənilməsi təmin edilməmişdir. İddiaçı ilk olaraq məhkəməyə 30 mart 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni həmin müddətdən etibarən alimentin ödənilməsi gərəkli olmasına baxmayaraq cavabdeh alimentin ödənilməsinin təmin edilməsindən boyun qaçırmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında 14 fevral 2016-cı il tarixdə rəsmi nikah bağlamış, tərəflərin rəsmi nikah münasibətlərindən 13 oktyabr 2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2(011)-3129/2023 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması, 13 oktyabr 2016-cı il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması qət edilmişdir. 06 iyul 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh (əvəzinə nümayəndəsi X3) arasında Bakı şəhəri 51 saylı notariat ofisində barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən Cavabdeh 13 oktyabr 2016-cı il təvəllüdlü X4 üçün əmək haqqının ¼ hissəsi qədər aliment ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işə əlavə edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 06 iyul 2023-cü il tarixli notarial qaydada barışıq sazişi imzalanmışdır. Sazişin şərtlərinə əsasən tərəflər alimentlə bağlı razılığa gəlmişlər. Cavabdeh barışıq sazişinin şərtlərini könüllü şəkildə icra etməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Odur ki, tərəflər arasında 06 iyul 2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Məhkəmə alimentin tutulma vaxtına münasibətdə qeyd edir ki, iddiaçı alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan tutulmasını xahiş etsə də, tərəflər arasında bağlanmış barışıq sazişində alimentin tutulma vaxtı tənzimlənmədiyindən məhkəmə alimentin barışıq sazişinin bağlandığı 06 iyul 2023-cü il tarixdən tutulmalı olması qənaətindədir. Əlavə olaraq məhkəmə qeyd edir ki, alimentin tutulmasıyla bağlı məhkəmə qərarı ilə tərəflər arasında barışıq sazişi və ya mübahisəni tənzimləyən razılaşma mövcud olmadıqda qiymət verilir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında 06 iyul 2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında 06 iyul 2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh 13 oktyabr 2016-cı il təvəllüdlü qızı X4 üçün ödəniləcək əmək haqqının ¼ hissəsi qədər aliment ödəməyi öhdəsinə götürür.

İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar