Məhkəmə qərarları › İş №2(011)-8048/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8048/2025

23.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8048/2025 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinin nümayəndələri X1 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinə qarşı “əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" və Azərbaycan Neft və X7 Həmkarlar İttifaqının Respublika Komitəsi arasında bağlanılmış 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.15-ci bəndinə əsasən iddiaçıya ödənilməli olan orta əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) "Neftqaztikinti" Trestindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2008-ci ilin mart ayından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestində NÖC və A üzrə 6-cı dərəcəli çilingər vəzifəsində çalışmışdır və 2025-ci ilin may ayının 29-da 65 yaşının tamam olması ilə əlaqədar olaraq rəhbərliyə ərizə ilə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv olunması və "xxxx" və Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.15-ci bəndində nəzərdə tutulan (qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə "xxxx"-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilir) müavinətin ödənilməsini xahiş etmişdir. 19 iyun 2025-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə "Neftqaztikinti" trestinin 14-2-14/3-K-292/2025 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə (yaşa görə əmək pensiyasına çıxması) əsasən xitam verilmiş, lakin iddiaçıya Sahə (tarif) Kollektiv Sazişin 5.15-ci bəndinə əsasən «orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət» ödənilməmişdir. Bununla bağlı iddiaçıya bildirilmişdir ki, xx.xx.1998-ci il tarixindən yaşa görə təqaüdə çıxdığına görə həmin müavinət ödənilməməlidir. Cavabdehin 19 iyun 2025-ci il tarixli 14-2-14/3-K-292/2025 nömrəli əmrinin "xx.xx.1998-ci il tarixindən yaşa görə təqaüdə çıxdığına görə "Sahə (tarif) Kollektiv Sazişin 5.15-ci bəndinə əsasən "orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi mümkünsüzdür" hissəsi qanunsuz və əsassızdır. Belə ki, "xxxx" və Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.15-ci bəndində "orta əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət"in verilməsi üçün yeganə şərt kimi "qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqviləsinə xitam verilməsi" nəzərdə tutulmuşdur. "xx.xx.1998-ci il tarixindən yaşa görə təqaüdə çıxmağına görə əsas tutularaq iddiaçıya "orta əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət"in ödənilməsindən imtina AR Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) 3-cü bəndinə (Dövlət, irqindən, etnik mənsubiyyətindən, dininden, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır) ziddir. İddiaçı hərbi xidmətdən yaşa görə yox, “Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun (3 noyabr 1992, № 362) 18-ci maddəsinin "q" bəndinə əsasən (ştatların ixtisarına görə ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) maddəsinə əsasən ehtiyata buraxılmışdır. Bundan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Qərarına əsasən və 01 sentyabr 2004-cü il tarixinədək redaksiyada qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin "a" bəndinə əsasən 20 il və daha çox hərbi xidmətə görə iddiaçıya "Xidmət illərinə görə pensiya" təyin olunmuşdur. Bunu AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2025-ci il tarixli, 187 nömrəli arayışı də təsdiq edir. Qeyd olunan mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin mübahisəni mediasiya vasitəsi ilə həll etmək mümkün olmamışdır. Mediator tərəfindən bu barədə müvafiq arayış verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, 2008-ci ilin mart ayından etibarən Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestində işə qəbul olub. 65 yaşı tamam olduğu üçün işdən çıxma barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Həmçinin o, 1 ay müddətində orta aylıq əmək haqqının 5 mislinin verilməsi barəsində Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinə müraciət etmişdir və müraciətinə cavab olaraq bildirilmişdir ki, orta aylıq əmək haqqının 5 (beş) mislinin verilməməsinə səbəb onun 1998ci ilin əvvəlindən təqaüdə çıxmasıdır. Digər pensiya yaşına çatan işçilərə kollektiv müqavilədə nəzərdə tutulan orta aylıq əmək haqqının 5 (beş) misli ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz etmişdir. O, izahatında bildirmişdir ki, orta aylıq əmək haqqının 5 (beş) mislinin verilməsi Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinin daxili əmək müqaviləsində nəzərdə tutulmayıb, o, normativ sənəddir. Kollektiv sazişdə ilk dəfə əmək pensiyasına çıxanların vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan da görünür ki, iddiaçı yaşa görə 1998-ci ildən təqaüdə çıxıb. İddiaçı 65 yaşında ərizə ilə müraciət etdiyindən, onunla bağlanılmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir, həmin zaman da heç bir əlavə tələb irəli sürülməmişdir. Orta aylıq əmək haqqının 5 (beş) mislinin ödənilməsinə əsas olmamışdır. Sual-cavab zamanı o bildirmişdir ki, hazırki iş üzrə iddiaçı özü ərizə ilə müraciət etdiyindən, onunla əmək müqaviləsinə xitam verilmişdir. Əlavə edir ki, əmək müqaviləsinin şərtlərinə görə (maddə 9.5.1. D) işçi pensiya yaşına çatdıqda əmək müqaviləsinə xitam verilməlidir. Yalnız yaşa görə pensiyaya çıxan şəxslərə, yəni birinci dəfə pensiyaya çıxan şəxslərə Kollektiv saziş əsasında əmək haqqının 5 misli ödənilir. İddiaçının istinad etdiyi maddə kollektiv sazişin 5.14-cü maddəsidir. Fərqli redaksiyalarda maddələrin nömrəsi fərqli görünə bilər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinin nümayəndəsi X2 məhkəmə iclas zalında iştirak edərək, izahatında bildirmişdir ki, kollektiv müqaviləyə əsasən müavinətin alınması üçün işçi həm pensiya yaşına çatmalı, həm də ilk dəfə pensiyaya çıxmalıdır. Tərəf 1998-ci ildə pensiyaya çıxdığı üçün şəxsə orta aylıq əmək haqqının 5 (beş) mislinin verilməsindən imtina edilmişdir. Cavabdeh Socar Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı 19 iyun 2025-ci il tarixdə ərizə yazaraq yaşa görə təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Cavabdeh 19 iyun 2025-ci il tarixli 14-2-1/3-1K-292/2025 saylı əmri ilə İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. "Neftqaztikinti" tresti və X3 Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" (müəssisə ləğv edildikdə) və "b" (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən, əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı 68-ci maddənin 2-ci hissəsinin "c" (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş ("xxxx" üzrə sosial dayanıqlığın təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə "xxxx"-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. İddiaçı "Neftqaztikinti" tresti və X3 Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişin tələblərinə uyğun olmadığı üçün onunla müvafiq razılaşma bağlanmamışdır. İddiaçı xx.xx.1998-ci ildən güzəştli şərtlərə görə pensiya aldığından, onun 1998-ci ildən pensiya hüququ yaranmış və bu pensiya yaşa görə əmək pensiyasıdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2025-ci il tarixli arayışdan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından və “e-sosial”-ın xx.xx.2025-ci il tarixli sənədindən görünür ki, İddiaçı "Hərbi Xidmət haqqında" Qanunun 18-ci maddəsinin "q" bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli əmrinə əsasən ehtiyata buraxılmış, xx.xx.1998-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Göründüyü kimi İddiaçı pensiya təyin olunduğu müddətdən sonra da, 27 il əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət pensiya yaşına çatmış (ilk dəfə təqaüdə çıxan) şəxslərə ərizə ilə müraciət etdikdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən təqaüdə çıxan işçinin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaq üçün ödənilir. İddiaçıya birdəfəlik müavinətin verilməsi nəzərdə tutulsa idi onunla işəgötürən “Neftqaztikinti" tresti arasında razılaşma bağlanacaqdı. İddiaçıya birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmadığından onunla razılaşma bağlanmamışdır. Həmçinin iddiaçının müraciətinə cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə də iddiaçıya xx.xx.1998-ci il tarixdən yaşa görə pensiya aldığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən 5 misli birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. O, İddiaçı Cavabdehnə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Tresti tərəfindən İddiaçı ünvanlanmış müraciətə cavab məktubun surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən Trestin xx.xx.2025-ci il tarixli, 14-2-14/3-1K-292/2025 nömrəli əmri ilə ləğv edilmişdir. "xxxx" və Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişinin 5.15ci bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə "xxxx"-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət ödənilir. xx.xx.1998-ci il tarixindən yaşa görə təqaüdə çıxdığı üçün 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli İddiaçı ünvanlanmış arayışından görünür ki, o həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətində, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş SSRİ SQ-də, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir və "Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “q” bəndinə əsasən (təşkilati tədbirlərlə əlaqədar olaraq xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. - Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinin müdiri Q.Seyfullayevə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı yaşa görə əmək pensiyasına çıxmağı ilə əlaqədar, eyni zamanda "xxxx"-ın və Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.15-ci bəndinə əsasən, orta əmək haqqı aylığının 5 (beş) misli məbləğində işdən çıxma müavinəti ödəməklə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən öz təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Tresti arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün müqaviləsi ləğv edilə bilər) xx.xx.2025-ci il tarixində xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında mövcud olan məlumatlara əsasən sonuncu xidmət etdiyi orqan tərəfindən 1 mart 1998-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Tresti (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 3267 nömrəli xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestində “avtomobillərin təmiri və texniki qulluğu ixtisası üzrə texnik-mexanik, istehsalat təlimi ustası” peşəsinə işə qəbul olunmuşdur. Əmək haqqı 966,51 manat təşkil edir. Əmək müqaviləsi müddətlidir. Əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bağlanmışdır. - "xxxx"-ın "Neftqaztikinti" tresti və X3 Komitəsi arasında 2024-2026-cı illər üçün bağlanmış kollektiv müqavilənin surətindən görünür ki, müqavilənin 5.14-cü maddəsinə əsasən ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində AR ƏM-nin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə” və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı AR ƏM-nin 68-ci maddənin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş ("xxxx" üzrə sosial dayanaqlığının təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə "xxxx"-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2008-ci il tarixdə Cavabdeh 1 saylı Tikinti Quraşdırma İdarəsində əməyin ödənilmə dərəcəsi “4” olmaqla təmir tikinti quraşdırma sahəsinə güc şəbəkəsi və elektrik avadanlıqları üzrə “elektrik quraşdırıcısı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən təmir tikinti quraşdırma sahəsinə əməyin ödənilmə dərəcəsi “4” olmaqla “nəzarət ölçü cihazların və avtomatika sistemlərinin quraşdırıcısı – çilingər” peşəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə eyni peşə və dərəcə ilə “elektrik quraşdırma” sahəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə ona əməyin ödənilməsi üzrə “5-ci dərəcə” verilib, xx.xx.2014-cü il tarixdə ona əməyin ödənilməsi üzrə “6-cı dərəcə” verilib, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “öz təşəbbüsü ilə” onunla bağlanmış əmək müqaviləsinə xitam verilib, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 1 saylı Tikinti Quraşdırma İdarəsi ilə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 5 saylı Tikinti quraşdırma sahəsinə “6-cı dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” peşəsinə qəbul edilib, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilib, xx.xx.2015-ci il tarixdə "xxxx"-ın Cavabdeh 1 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə ƏÖD-6 (altı) olmaqla “nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” peşəsinə işə qəbul edilib, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi “öz təşəbbüsü ilə” ləğv edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 35-ci maddəsinə əsasən, münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər: a) Baş kollektiv saziş — respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. b) Sahə (tarif) kollektiv sazişi — müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. c) Ərazi (rayon) kollektiv sazişi — ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosialiqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. Həmin Məcəllənin 39-cu maddəsinə əsasən, kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən, işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası; 4.1.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası; 4.1.3-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2008-2014-cü illərdə "Neftqaztikinti" Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsində, 2014-2025-ci illərdə "xxxx"ın "Neftqaztikinti" Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsində müxtəlif vəzifələrdə işləmişdir, xx.xx.2025-ci ildə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (öz təşəbbüsü ilə) ləğv edilərək iddiaçı işdən azad edilmişdir. İddiaçı yaşa görə pensiya almaq hüququnu verən 65 yaşına çatdığına görə və öz xahişi ilə cavabdeh təşkilatdan işdən azad edildiyinə görə Kollektiv sazişin (maddə 5.14) şərtlərinə əsasən ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş edir. Belə ki, "xxxx"-ın "Neftqaztikinti" tresti və X3 Komitəsi arasında 2024-2026-cı illər üçün bağlanmış kollektiv müqavilənin 5.14-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərin orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət almaq hüququ vardır. Göründüyü kimi, kollektiv sazişlə bu müavinətin alınması yaşa görə pensiya yaşına çatmış şəxslərə şamil edilməklə, sonuncuların sosial təminatının gücləndirilməsinə yönəlmişdir. Hazırki işdən görünür ki, iddiaçı qanunvericiliklə yaşa görə pensiya təminata hüquq verən 65 yaşına çatmasına baxmayaraq, sonuncuya pensiya yaşa görə deyil, hərbi xidmət illərinə görə 1 mart 1998-ci il tarixindən təyin edilib. Bununla da iddiaçının yaşa görə pensiya almaq hüququnun 65 yaşından yaranmasına baxmayaraq, sonuncunun pensiya təminatı daha əvvəl, 1 mart 1998-ci il tarixindən xidmət illərinə görə təmin edilib. Bununla da kollektiv sazişlə orta əmək haqqının 5 mislinin ödənilməsini tələb etmək hüququ iddiaçıya şamil edilmədiyindən, iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx") "Neftqaztikinti" Trestinə qarşı "xxxx" Dövlət Neft Şirkəti və “Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi” arasında bağlanılmış 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişinə əsasən orta əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar