Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8137/2025 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan cavadeh Cavabdeh xeyrinə sabit pul məbləğində tutulan alimentin 246 manat məbləğinə endirilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2823/2007 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiyası tələbi barədə ərizəsi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-519 /2025 saylı ,18 iyul 2025-ci il tarixli qərardadı ilə təmin edilmiş, yuxarıda adı çəkilən qətnamə ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olmuşdur. Tərəflərin nəzərinə çatdırılmışdır ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyət (borclunun rəsmi iş yeri olduğu halda işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri tərəfindən müəyyən edilir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3322/2013 saylı, 20 sentyabr 2013-cü il tarixli alimentin tutulması barədə qətnaməsinə əsasən, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 23 avqust 2013-cü il tarixdən başlayaraq, X3 və X4 yetkinlik yaşına çatana qədər cavabdeh İddiaçı hər ay hər uşağa görə 93 manat, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2823/2017 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat müəyyən edilmişdir. X6 yetkinlik yaşına çatmışdır. İddiaçı "xxxx" MMC-də toxuculuq avadanlığı mexaniki vəzifəsində çalışır və aylıq əmək haqqı 790 manatdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 519/2025-006 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ilə Cavabdeh ödəməli olduğu alimentin indeksasiya olunmuş məbləği 480 manat təşkil edir. İddiaçının həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Çünki aldığı əmək haqqı ilə əgər 480 manat ödəsə, özünün xərcləri üçün iddiaçıya qalan vəsait yetərli deyildir. Dəgər tərəfdən hazırki iş üzrə cavabdeh 250 manat pul vəsaitinin tutulmasına etiraz etmir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək bildirmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü X2 üçün təyin olunmuş aliment məbləğinin azaldılaraq hər ay 250 manat məbləğində müəyyən olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O bildirmişdir ki, cavabdeh özü də aylıq 250 manat alimentin ödənilməsinə razıdır. O, bununla bağlı icra şöbəsinə ərizə verib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2823/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, xx.xx.2017-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından olan 22 iyun 2003cü il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(005)-519/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2823/2017 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunub. Tərəflərin nəzərinə çatdırılıb ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov rayonu İcra şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh borclu İddiaçı əmək haqqından hər ay 250 manat tutulmasına etiraz etmir. MŞB/16/2025-01357 nömrəli, xx.xx.2025-ci il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaqların mənafeyinin daha yaxşı təmin edilməsinə yönəlmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında həmçinin göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3322/2013 saylı, 20 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün iddiaçıdan həy ay 93 manat aliment tutulmuşdur. Bu məbləğ Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2823/2017 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə 140 manat məbləğinə artırılmışdır. Sonuncu məbləğ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-519 /2025 saylı ,18 iyul 2025-ci il tarixli qərardadı ilə indeksasiya olunaraq, tutulmalı alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində (480 manat) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin indeksasiya olunması özü özlüyündə alimentin artırılması deyil, məhkəmə tərəfindən tutulmuş alimentin mövcud iqtisadi şəraitdə qiymət artımına uyğunlaşdırılmasından ibarətdir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, uşağın mənafeyi nəzərə alınmaqla aliment məbləğinin azaldılması barədə iddia təmin edilməməlidir. Belə ki, tutulan aliment təyin edilmiş alimentin artırılması deyil, qiymət artımına uyğunlaşdırılması olmaqla, onun indeksasiya olunmasının nəticəsidir. Həmçinin məhkəmə qeyd edir ki, iş materialları ilə təyin edilmiş alimentin dəyişdirilməsinə əsas ola biləcək, iddiaçının ailə və ya maddi vəziyyətinə aid dəyişikliklərin olması müəyyən edilmir. Alimentin indeksləşdirilməsi isə alimentin artırılması deyil, onun mövcud qiymət artımına uyğunlaşdırılmasıdır. Bununla da, indeksləşmə isə özü-özlüyündə alimentin artımını təşkil etmədiyindən, indeksləşməyədək təyin edilmiş alimentin azaldılması üçün isə əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Cavabdehin razılığına dair iddia dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq iradə ifadəsi olduqda cavabdehin icra mərhələsində alimentdən (onun bir hissəsindən) imtina etmək hüququ qanunvericiliklə məhdudlaşdırılmamışdır. Bundan əlavə cavabdehin 250 manat məbləğində alimentin tutulmasına dair icra qurumuna ərizə verməsi sonuncunun hər ay cəmi 250 manat aliment istəməsi anlamına gəlmir. Tərəflərin razılaşması ilə mövcud borcların birdəfəlik deyil, bu qaydada ödənilməsi razılaşdırıla bilərdi. Bununla da məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi ərizənin (cavabdehin icra şöbəsinə ünvanladığı 250 manat alimentin tutulmasına etirazının olmaması barədə ərizə) mövcudluğu cavabdehin iddianı etiraf etməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı cavabdehin iddianı qəbul etməsi halı müəyyən edilməmiş, məktub və sms bildirişlərlə məlumatlandırılmış cavabdeh iclaslara gəlməmiş, məhkəmə iclas katibinin zənglərinə cavab verməmişdir. Bununla da, cavabdehin iddianı qəbul etməsinə dair iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə işin diqqətəlayiq hallarını araşdıraraq, hesab edir ki, iddiaçının maddi durumunun təyin edilmiş alimentin təqribi ikiqat azaldılmasını əsaslandıra biləcək həddə olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehə ödənilən alimentin azaldılaraq 250 manat məbləğində müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-8137/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8137/2025
20.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver