Məhkəmə qərarları › İş №2(011)-8159/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8159/2021

17.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8159/2021 17.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqla ünsiyyət tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı – cavabdehdən 15.04.2020-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən 200 manat alimentin tutulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 06.03.2019-cu il tarixdə 426 saylı nikaha daxil olmaqla ailə həyatı qurmuşdur, birgə nikahdan 15.04.2020-ci il tarixli X5 vardır. Ailə qurmağına baxmayaraq müəyyən səbəblərdən ailə həyatı narazılıqlarla keçir, bir neçə aydır ki, atasının evində uşağı ilə birlikdə yaşayır. Bir dəfə də olsun uşaqla maraqlanmayıb və uşağının zəruri maddi tələbatlarını atası qarşılayır, bu səbəbdən də cavabdehdən alimentin alınması onun üçün vacib şərtdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikahdan doğulmuş 05.04.2020-ci il təvəllüdlü X5 ilkin iddia üzrə İddiaçı himayəsində saxlanılmaqla ilkin iddia üzrə iddiaçının aliment tələbinin qismən 100 manat həddində təmin edilməsi, cavabdeh İddiaçı ilə 06 mart 2019-cu il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 426 saylı nikah qeydi ilə bağlanmış nikaha əlavə vaxt verilmədən təxirə salınmdan xitam verilməsi, uşaqla AR Ailə Məcəlləsinə nəzərdə tutulmuş hüquqlarımın olmasını nəzərə alaraq, həftədə 1 gün 8 saat (yola sərf edilən vaxt çıxılmaqla), 2 və ya daha artıq bayram günləri olduqda isə 1 gün 8 saat ünsiyyət saxlama hüququ verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 06.03.2019-cu il tarixdə İddiaçı ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 426 saylı nigah qeydi ilə nikaha daxil olmuşdur. Birgə nikahdan 05.04.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Bir neçə aydır ki, cavabdehlə ayrılmışdır və faktiki ər-arvad münasibətləri yoxdur. Barışmaqları mümkünsüzdür və cavabdehlə ailə münasubətlərini davam etdirmək istəmir. Cavabdeh oğlunu da götürüb şəxsi geyim əşyaları, ləvazimatları, qızıl-zinət əşyaları və özünə aid olan bütün cehizləri ilə birlikdə çıxıb getmişdir. Cavabdehlə olan nikahının barışıq üçün vaxt təyin edilmədən ən qısa müddətdə pozulmasını təkid edir. Cavabdeh aliment tələbi onun nikaha xitam vermə tələbi ilə qarşılqlı surətdə əlaqəlidir, qarşılıqlı iddia vermək hüququ var və hesab edir ki, cavabdeh də nikaha xitam verməyə etiraz etməz. Uşağın anası ilə qalmasına etiraz etmir. Lakin uşaqla ünsiyyətinə cavabdeh mane olur və ata olaraq uşağı ilə ünsiyyət saxlamaq hüququ vardır. Hesab edir ki, oğlunun təlim-tərbiyəsi və formalaşması üçün həftədə bir gün (şənbə günü) 8 saat (yola sərf edilən vaxt çıxılmaqla), 2 və ya daha artıq bayram günləri olduqda isə 1 gün 8 saat ünsiyyət saxlama hüququ məhkəmə tərəfindən müəyyən olunsa aralarında bu məsələ tənzimlənmiş olar. Eləcə də, cavabdehin iddiaçı qismində ona 200 manat aliment iddiası ilə razı deyildir və işsiz olduğu üçün yeganə uşağına aylıq 100 manat aliment verə bilmək imkanındadır. Tovuz rayon sakini olduğu üçün rayonda dolanışıq da çətindir və ərazi faktorunu nəzərə almağını xahiş edir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı nikahın pozulmasına razıdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın qismən, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında Cavabdeh övladı X5 ilə ünsiyyət vaxtının hər həftə bir gün, iki gün və artıq müddətdə olan bayram günlərində 5 saat ərzində ünsiyyət qaydasının müəyyən edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh və X2 nikahı 06.03.2019-cu il tarixdə 426 saylı akt qeydi rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir (AZ-İİ seriyalı 328573 nömrəli “Nikah haqqında şəhadətnamə”). Tərəflərin birgə nikahından 15.04.2020-ci il təvəllüdlü X5 (AZ-İV seriyalı, 446762 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surəti) anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, tərəflərin nikahları pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının (Ailə Məcəlləsinin 22.2.1-ci maddəsi) və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun (Ailə Məcəlləsinin 22.2.2-ci maddəsi) müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərə aid olduğundan, məhkəmə, həmçinin, tərəflərin yetkinlik yaşına çatmayan birgə uşaqlarının hansı valideynin yanında qaldığını müəyyən etməli və uşağın saxlanılması üçün aliment təyin etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları anasının yanında qalmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarın 7.6-cı bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından anadan olmuş və yetkinlik yaşına çatmamış uşağı, uşağın mövqelərinə və üstün mənafelərinə, tərəflərin qarşılıqlı razılığına uyğun olaraq anası İddiaçı yanında qalmalıdır. Məhkəmə ilkin iddianın alimentə dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, 15.04.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tərəflərin qarşılıqlı razılığına uyğun olaraq cavabdehdən hər ay 175 manat məbləğində aliment sabit pul şəklində alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək tutulacaq alimentin məbləği hər ay 175 manat məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti ilkin iddia üzrə iddiaçının ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qarşılıqlı iddianın uşaqla ünsiyyət hüququnun təmin edilməsi hissəsində araşdıraraq hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağı anasının yanında qaldığından, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özündən ayrılıqda, yəni, anasının yanında yaşayan uşağı ilə ünsiyyətdə olmaq, onun tərbiyəsi ilə bağlı məsələlərinin həll edilməsində iştirak etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də onun haqlı tələbi təmin edilərək, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi və uşaqla ünsiyyətdə olma qaydası, habelə müddəti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmə uşaqla görüş vaxtını və qaydasını müəyyən edərkən hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaq azyaşlı olduğu və uzun müddətdir ki, atası Cavabdeh ilə ünsiyyətdə olmadığı, uşaqla atası ilə bağların bərpa edilməsi prosesin uşaq üçün müəyyən vaxt tələb edildiyi nəzərə alınmalı və uşağın hüquq və mənafeləri əsas götürülməklə, Cavabdeh uşağı hər həftənin bazar günü, Yeni İl və Novruz bayramının 2-ci günündə saat 12:00-dan 17:00-dək ünsiyyət vaxtı müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, ilkin və qarşılıqlı qismən iddia əsaslıdır. Buna görə də ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. 15.04.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.10.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 (yüz yetmiş beş) manat məbləğində sabit pul şəklində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh və İddiaçı arasında 06.03.2019-cu il tarixdə 426 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 15.04.2020-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh 15.04.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü, Yeni il bayramı və Novruz bayramının 2-ci günündə saat 12:00-dan 17:00-dək ünsiyyət vaxtı müəyyən edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar