Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-837/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 120 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.11.2019-cu il tarixli PAZ********** №-li “avtonəqliyyat vsaitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC–də sığortalanmış, Cavabdeh məxsus və özü tərəfindən idarə edilən “Kia Sportage” minik markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil 12.10.2020-ci il tarixində saat 13:55 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Rəhimov küçəsində ara məsafəsini düzgün seçməməsi nəticəsində **-NG-*** dövlət qeydiyyat nişanlı Kia Picanto markalı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur, baş vermiş hadisə ilə bağlı Xətai rayonu DYPŞ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə İXP 358847 nömrəli protokol yazılmış və 20.10.2020-ci il tarixli qərar qəbul edilərək 100 manat cərimə edilmişdir, **-NG- *** dövlət qeydiyyat nişanlı “Kia Picanto” markalı avtomobilə dəymiş zərərlə bağlı 120 manat məbləğində sığorta ödənişi verilmişdir, bununla da sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Cavabdeh 12.01.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 02.11.2019-cu il tarixli İcbari sığorta müqaviləsindən görünür ki, sığortalı Cavabdeh “Kia Sportage” minik markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta məbləği əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə 5000, bir hadisə üzrə 50.000 manat həddində müəyyən edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Xətai rayon DYPŞ bildirir ki, 2020-10-12 il tarixdə saat 13:55 dəqiqədə Xətai rayonu, S.Rəjimov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir, hadisənin növü toqquşmadır, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs Cavabdehdır, avtonəqliyyat vasitəsi “Kia Sportage” minik markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İş materiallarında olan 20.10.2020-ci il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh AR İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan 02.11.2020-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Kia Picanto markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 120 manatdır. İş materiallarında olan 29.06.2021-ci il tarixli “Sığorta aktı”-ın surətindən görünür ki, 120 manat sığorta ödənişi X2 ödənilmişdir. İş materiallarında olan 29.06.2021-ci il tarixli qəbzdən görünür ki, Azsığorta ASC tərəfindən X1 hesabına 2203/21 saylı akta əsasən 120 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan 25.11.2021-ci il tarixli 83667954 saylı ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, **-DX-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” minik markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır, Cavabdeh tərəfindən idarə olunan həmin avtomobil 12.10.2020-ci il tarixdə V.Balabayova tərəfindən idarə olunan **-NG-*** dövlət qeydiyyat nişanlı “Kia Picanto” markalı avtomobillə toqquşmuşdur, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sonuncuya zərər dəymiş, cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir, iddiaçı tərəfindən V.Balabəyovaya 120 manat sığorta ödənişi edilmişdir, cavabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 120 manat pul vəsaiti Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 120 (yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-837/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-837/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver