Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-85/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsii və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı həmin Cəmiyyətdə növbə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2019cu il tarixədə isə onun la bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 112 b nömrəli əmrlə xitam verilmişdir (iddiaçının əmək kitabçasındakı məlumatlara əsasən)
2. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 178/19 saylı əmək müqaviləsi bağlanmış və həmin müqaviləəyə əsasən, iddiaçı xx.xx.2019-cu il tarixdən 3 saylı sexə növbə rəisi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 350 manat məbləğdə əmək haqqı ödənilməsi müəyyən edilmişdir.
3. Sonradan həmin əmək müqaviləsinə əmək haqqının məbləği ilə bağlı bir neçə dəfə dəyişiklik edilmişdir: 05 yanvar 2021-ci il tarixli dəyikliyə əsasən iddiaçının vəzifə maaşının 600 manat, xx.xx.2021-ci il tarixli dəyişikliyə əsasən 1000 manata və xx.xx.2021-ci il tarixli dəyişiklikliyə əsasən isə 2.500 manatadək artırılması müəyyən edilmişdir.
4. xx.xx.2022-ci il tarixdə iddiaçı onunla bağlanmış ənək müqaviləsinə xitam verilməsi barədə ərizə müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, 234 nömrəli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı "xxxx" MMC-də işlədiyi 12 fevral 2018-ci il - 20 sentybr 2019-cu il iş dövrü ərzində ona ödənilməmiş 237,75 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 4072,45 manat ödəncin, 312,03 manat ödənilməmiş son haqq-hesabın (vergi və digər ödənişlər xaric), həmçinin 237,75 manat məbləğində əmək haqqının və 312,03 manat son haqq-hesabın ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin, iddiaçının Cavabdeh MMC-də işlədiyi 28 sentyabr 2019-cu il - 26 dekabr 2022-ci il iş dövrü ərzində ona ödənilməmiş 6895,25 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 10084,61 manat ödəncin, habelə məzuniyyət haqqı və son haqq-hesab üzrə ödənilməmiş 5898,44 manatın və onun gecikdirilməsinə görə hesablanmış 7040,29 manat məbləğində ödəncin; həmçinin 6895,25 manat məbləğində əmək haqqının ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC ilə aralarında xx.xx.2018ci il tarixdə "Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqı 250 manat olmaqla, Cəmiyyətə növbə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC öz öhdəliklərini cavabdehə ötürdükdən sonra "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən AR ƏM-nin 68-ci maddəsinin "a" bəndinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə "Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 350 manat olmaqla, o, Cəmiyyətə növbə rəisi vəzifəsinə işə qəbul olunmuş, bundan sonra xx.xx.2019-cu il tarixli "Əmək müqaviləsi"nə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliyə əsasən onun əmək haqqı 600 manata, 31 may 2021-ci il tarixli dəyişikliklərinə əsasən 1000 manata və xx.xx.2019-cu il tarixli xx.xx.2021-ci il tarixli dəyişikliklərinə əsasən əmək haqqı 2500 manata artırılmışdır. Cavabdehin 234/k saylı, xx.xx.2022-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun Cəmiyyətlərdə tutduğu vəzifə zərərli və ağır istehsalatın, peşə və vəzifələrin Siyahısı”na uyğun olmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmişdir). Belə vəzifələrdə işləyən şəxslərə aylıq əmək haqqından (vəzifə maaşından) əlavə zərərli işdə işdədiyi müddət ərzində qanunvericiliklə müəyyən edilmiş aylıq əlavə faiz məbləğləri verilməmişdir. Cavabdeh iddiaçının sonuncu iş günü, yəni xx.xx.2022-ci il tarixdə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə faizləri (Ödənci), istifadə edilməmiş məzuniyyət haqqını (kompensasiyanı) hesablamamış və həmin məbləğləri iddiaçıya ödəməmişdir. Aralarında olan əmək mübahisəsi ilə əlaqədar cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixdə təyin olunmuşdur. İlkin mediasiya sessiyasında o, iştirak etsə də, cavabdeh iştirak olmamış, bu səbəbdən mediator X5 tərəfindən ilkin mediasiya sessiyasında cavabdehin iştirak edilməməsi barədə MŞB/9/2023-00119 nömrəli, 01 fevral 2023-cü il tarixli Arayış verilmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində, həmçinin iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, "xxxx" MMC iddiaçı ilə xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağladığı dövrdə cavabdeh qurum dövlət qeydiyyatından keçməmiş və belə bir qurum yaradılmamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixində qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməklə, xüsusi yaradılmış ayrıca bir qurumdur və "xxxx" MMC ilə heç bir əlaqəsi olmayıb. 2019-cu il tarixində "xxxx" MMC öz öhdəliklərini cavabdehə keçirməmişdir. Cavabdeh həmin dövrdə yeni yaradılmış ayrıca bir qurum olaraq fəaliyyət göstərmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixində iddiaçı ilə əmək müqaviləsi bağlamış və həmin əmək müqaviləsinə əsasən onun ilkin olaraq əmək haqqısı 350 manat məbləğində müəyyən edilmiş və cavabdeh qurumda növbə rəisi vəzifəsinə işə qəbul edilmiş və işə başlama tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və iddiaçıya işlədiyi müddətlərdə əmək haqqı ödənilmişdir. İddiaçının sonuncu iş günü xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək bildirmişdir ki, işəgötürən tərəfindən dəfələrlə əmək müqaviləsinin şərtləri pozulduğuna görə aralarında olan əmək müqaviləsinə xitam verilsin. Əgər həqiqətən də iddiaçı hazırda hüquqlarının pozulmasını iddia edirdisə, o zaman vaxtında məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı əmək haqqını aldıqdan və işdən çıxdıqdan sonra belə bir iddia tələbi irəli sürmüşdür. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli 234/k nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır. Hazırda isə iddiaçı iddia tələbi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etməklə, cavabdehdən xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə ödənilməmiş əmək haqqının, istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin ödənilməsini tələb etdiyindən qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, həmin iş üzrə iddia müddəti tətbiq edilməlidir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh qurum iddiaçının tabeliyində olan işçilərə ödənişsiz məzuniyyətə çıxmaları barədə ərizə yazdırmağa məcbur ediblər. İddiaçı isə bununla razılaşmayanda onlar arasında mübahisə yaranıb.
9. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, zavodda istehsalat olmayanda o, işə getməyib.
10. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi.
11. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qismən qəbul edərək bildirdi ki, onlar iddia tələbini 2262 manat məbləğində vəsaitin ödənilməsi hissəsində qəbul edirlər. Qalan hissədə iddia müddəti tətbiq edilməklə təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, 4-5 il iddiaçı ilə birlikdə cavabdeh qurumda işləyiblər. Həmin qurumda əmək haqqı həm karta köçürmə yolu ilə edilirdi, həm də əlbəəl verilirdi. Karta köçürülən əmək haqqı vaxtında köçürülürdü. Ancaq, əlbəəl ödənilən əmək haqqında gecikmələr olurdu. İddiaçı 2022-ci ilin dekabr ayında, o isə 2023-cü ilin yay ayında işdın çıxdı. İddiaçının ardıcıl 1 ay müddətində işə gəlmədiyi olmayıb, çünki metalın tərkibini o yoxlayırdı. İddiaçı ilə iş və qeyri-iş günləri eyni idi. 2022ci ilin noyabr ayında Cəmiyyət fəaliyyətini bir müddət dayandırıb. 2022-ci ilin dekabr ayında Bəxtiyar işdə olmayıb, çünki ərizə yazmışdı. Sonradan dedilər ki, əgər şə gəlməsə işdən çıxarılacaq. O vaxt iddiaçı işə gəlsə də, onu işə buraxmadılar.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
14. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
15. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
16. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
17. Maddə 135, 2-ci hissə. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
18. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
19. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
20. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
21. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
22. Maddə 296, 5-ci hissə. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
28. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixəddək "xxxx" MMC-də işlədiyi, eləcə də xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il ərzində cavabdeh Cəmiyyətdə işlədiyi dövrdə əmək və məzuniyyət haqqının ona ödənilmədiyini iddia edir.
29. Məhkəmə qeyd edir ki, iddianın tələbinin düzgün həllini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bura, birincisi, tərəflərin əmək münasibətlərində olması, ikincisi, iddiaçının həqiqətən də işlədiyi dövr ərzində əmək və məzuniyyət haqqının ödənilməməsi daxildir.
30. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı həm "xxxx" MMC-də, həm də cavabdeh Cəmiyyətdə növbə rəisi vəzifələrində işləmiş, onunla "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə cavabdehlə bağlanmış əmək müqaviləsinə isə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
31. İddiaçıların iddia tələblərinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə həqiqətən də iddia edilən məbləğdə əmək və məzuniyyət haqqının hesablanıb-hesablanmaması, habelə hesablanmış əmək və məzuniyyət haqqının iddiaçıya dügün və vaxtında ödənilib-ödənilməməsi ilə bağlıdır.
32. İddiaçıya əmək və məzuniyyət haqqının ödənilməməsi, yaxud düzgün ödənilməsinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən iki dəfə məhkəməmühasibatlıq ekspertizası təyin edimişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6452 nömrəli məhkəmə-mühasibat ekspertizası birinci rəyində göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "SEN İnşaat” MMC-də və 28 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək "xxxx" MMC-də növbə rəisi vəzifəsində işlədiyi müddətdə əmək haqqının, son haqq-hesabin və məzuniyyət haqqlarının hesablanması üzrə əlavə hesablanmalı olan ümumi məbləğ 27 501,02 manat olmaqla, 7133 manat əmək haqqı, 12324,55 manat ödənilməmiş əmək haqq üzrə cərimə, 1832,50 manat əmək haqqının ödənilməsinin gecikməsi üzrəm cərimə, 6210,97 manat məzuniyyət və son haqq-hesab üzrə ödəmələr təşkil etdiyi müəyyən edilmişdir.
34. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ikinci, xx.xx.2024-cü il tarixli, 9/446 nömrəli məhkəməmühasibatlıq ekspertizası rəyinə əsasən, tərəflər arasında bğlanmış əmək müqaviləsinə əsasən iddiaçının xx.xx.2019-xx.xx.2022-ci il tarixədək işlədiyi iş dövrü ərzində "xxxx" MMC tərəfindən ona əmək haqqı məzuniyyət hesablanıb ödənilərkən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli, 5 iyul 2004-cü il tarixli qərarının tələbləri nəzərə alınmaqla), əlavə olaraq ödənilməmiş əmək haqqı 378,58 manat, ödənilməmiş əmək haqqına görə cərimə (1%) 1207,68 manat, gecikdirmə ilə ödənilmiş (ələ çatan) məbləğ üzrə cərimə (1%) 710,83 manat, ödənilməmiş məzuniyyət haqqı 0 manat olmaqla, cəmi 2289,09 manat; xx.xx.2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək isə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli, 5 iyul 2004-cü il tarixli qərarının tələbləri nəzərə alınmaqla), əlavə olaraq ödənilməmiş əmək haqqı 364,58 manat, ödənilməmiş əmək haqqına görə cərimə (1%) 1163,02 manat, gecikdirmə ilə ödənilmiş (ələ çatan) məbləğ üzrə cərimə (1%) 409,46 manat, ödənilməmiş məzuniyyət haqqı 325,85 manat, ödənilməmiş məzuniyyət haqqına görə cərimə (1%) 148,82 manat, gecikdimə ilə ödənilmiş (məzuniyyət) məzuniyyət məbləği üzrə cərimə (1%) 1281,58 manat olmaqla, cəmi 3993,58 manat müəyyən edilmişdir.
35. Hər iki ekspert rəyindən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya işlədiyi dövr ərzində əmək və məzuniyyət haqqının, iddia tələbi ilə müqayisədə, qismən düzgün hesablanaraq ödənilmədiyi göstərilmişdir.
36. Lakin cavabdeh tərəfindən mübahisə üzrə iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, qanununla müəyyən edilmiş imperativ qaydaya uyğun olaraq, tələbə iddia müddətinin tətbiq edilməsi kontekstində hüquqi qiymət verilməlidir.
37. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi üçün əsasdır.
38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi də fərdi əmək mübahisələrinin həllində iddia müddətləri bağlı qaydanı tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, yuxarıda da şərh edildiyi kimi, hazırki işdə də cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
39. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
40. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
41. İşin yuxarıda şərh edilən hallarından da göründüyü kimi, iddiaçı ilə əmək münasibətlərində olduğu müddətdə cavabdeh tərəfindən ona ödənilməli olan həm əmək haqqı, həm də məzuniyyət haqqı düzgün hesablanaraq iddiaçıya ödənilməmişdir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, iddiaçının əmək haqqı (pul) tələbinə ƏM-də nəzərədə tutulmuş iddia müddəti tətbiq ediləcəkdir. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi gün real olaraq əmək haqqı almaqla əmək hüququnun pozulduğunu bildiyi halda vaxtında məhkəməyə müraciət etməmiş, mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi üzrə gecikdirilmiş əmək və məzuniyyət haqqı xx.xx.2022-ci il tarixindən (iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl xx.xx.2023-cü il tarixdə cavbdehə mediasiya təklifini göndərmişdir) xx.xx.2022-ci il tarixinədək, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi dövr üzrə hesablanmalıdır.
42. Məhkəmə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıyha hesablanmış son haqq-hesabla bağlı qeyd edir ki, hazırki iş üzrə iki ekspertiza keçirilmiş, məhkəmə sonuncu, xx.xx.2024-cü il tarixli, 9/446 nömrəli məhkəmə-mühasibatlıq ekspertizanın rəyini işin hallarına uyğun olaraq daha əsaslı hesab edir, çünki ikinci ekspert rəyində gecikdirilmiş əmək haqqının hesablanması daha dəqiq və təsnifatlı aparılmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli, 9/446 nömrəli məhkəmə-mühasibat ekspertizası rəyi üzə ekspert qarşısında qoyulmuş suallar, iddia müddətinin tətbiqi məsələsi də nəzərə alınmaqla, daha dəqiqidir, həmçinin 160 vərəqədən ibarət tədqiqat obyekti iş materiallarına sonradan əlavə edilmişdir ki, hesablamalar zamanı bütün mülki iş materiallarına əlavə edilmiş səənədlər nəzərə alınmışdır. Eləcə də sonuncu ekspert rəyində cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə nəzərə alınmaqla, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövr üzrə ödənilməli son haqq-hesabla bağlı araşdırma aparılmışdır.
43. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsinə iddia müddəti tətbiq edilməli və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə, yəni ödənilməmiş əmək haqqı - 364,58 manat, ödənilməmiş əmək haqqına görə cərimə (1%) - 1163,02 manat, gecikdirmə ilə ödənilmiş (ələ çatan) məbləğ üzrə cərimə (1%) - 409,46 manat, ödənilməmiş məzuniyyət haqqı - 325,85 manat olmaqla, cəmi 2262,91 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin vəkili və nümayəndəsi də sonuncu məhkəmə iclasında iddia tələbini 2262,91 manat hissədə qəbul etdikləri barədə məhkəməyə ərizə təqdim etmişdir.
44. Məhkəmə hesab edir ki, ekspert rəyində ödənilməmiş məzuniyyət haqqına görə 1% cəriməyə görə hesablanmış 148,82 manat və gecikdirmə ilə ödənilmiş (məzuniyyət) məbləği üzrə 1% cəriməyə görə hesablanmış 1281,58 manat pul cavabdehdən tutula bilməz. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin mənasından da göründüyü kimi, işçiyə yalnız işgötürənin təqsiri üzündən vaxtında ödənilməyən əmək haqqına görə əlavə ödəncin verilməsi nəzərdə tutulmuşdur. Əmək haqqının anlayışı isə ƏM-nin 154-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəya görə əmək haqqına iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələr, mükafatların və digər ödənclər daxildir. Məzuniyyət haqqının isə əmək haqqı anlayışına daxil deyil. Ona görə də, məhkəmə hesab edir ki, həm məznuyyətin vaxtında verilməməsinə görə,həm də gecikmə ilə ödənilmiş məzuniyyətə görə əlavə ödəncin hesablanmasının hər hansı hüquqi əsası yoxdur.
45. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi iddiaçının "xxxx" MMC-də işlədiyi 12 fevral 2018-ci il - 20 sentybr 2019-cu il iş dövrü ərzində ödənilməmiş 237,75 manat (vergi və digər ödənişlər xaric) əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hesablanmış 4072,45 manat ödəncin, 312,03 manat ödənilməmiş son haqq-hesabın (vergi və digər ödənişlər xaric), həmçinin 237,75 manat məbləğində əmək haqqının və 312,03 manat son haqq-hesabın ödəniləcəyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin cavabdehdən tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, cavadbehin "xxxx" MMC-nin hüquqi varisi olması iş materialları əsasında müəyyən edilmir. Bu halda, cavabdehin hüquqi varisi olmadığı digər hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımadığı
46. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (min) manat məbləğində pulun cavabdehdən tutulmas” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir.mənəvi zərər qeyri-əmlak zərəri olmaqla Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
48. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
49. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışıinsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
50. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
51. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
52. Lakin məhkəmə araşdırması zamanı cavabdehin hansı qanunsuz hərəkət və ya hərəkətsizliyinin iddiaçının mənəvi sarsıntı, iztirab keçirməsinə səbəb olması ilə bağlı hər hansı səbəbli əlaqə müəyyən edilməmiş, iddiaçı tərəf bu məsələlərə aydınlıq gətirməmişdir.
53. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edir.
54. Məhkəmə hesab edir ki, mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları üzrə 100 manat və 150 manat olmaqla cəmi 250 manat ekspertiza tədqiqatının dəyərinin 125 manat hissəsi cavabdehdən, qalan 125 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət gəlirlərinə alınmalıdır.
55. Məhkəmə 50 manat cavabdehən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qeyd edir ki, mediasiya xərcinin 25 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
56. Məhkəmə heab edir ki, iddia tələbi 200 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin tutulması hissəsində təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 50 manat pul 9 saylı Mediasiya Təşkilatına, 200 manat pul isə Bakı şəhəri 33 saylı Vəkil Bürosuna ödənilmişdir. Həmin xərclər iddiaçının pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi xərclər olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
57. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə 2262,91 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat və mediasiya sessiyası üçün ödənilmiş 50 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 250 manat pulun 125 manat hissəsi Cavabdeh MMC-dən, qalan 125 manat hissəsi isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı