Məhkəmə qərarları › İş №2(011)-8564/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8564/2025

26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8564/2025 26.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh Şəfxan qızının iştirakları ilə, İddiaçı Cavabdeh Şəfxan qızına qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Tərəflər xx.xx.2008-ci il tarixində ailə-nikah münasibətinə daxil olmuşdur. Birgə nikahdan 26 mart 2009-cu il təvəllüdlü X5 və 17 fevral 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur.

2. Tərəflər arasında xasiyyət uyğunsuzluğu meydana gəldiyindən və ailənin saxlanılması qeyri-mümkün olduğundan nikaha Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-6266/2014 nömrəli qətnaməsi ilə xitam verilmişdir. 3.Həmin qətnaməyə əsasən birgə nikahdan anadan olmuş 26 mart 2009-cu il təvəllüdlü X1 və 17 fevral 2012-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanmasına qərar verilmiş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün aylıq hər uşağa görə 103 manat məbləğində aliment müəyyən olunmuşdur. 4.Sonradan alimentin miqdarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-362/2025 saylı qərardadı ilə indeksasiya edilərək 26 mart 2009-cu il təvəllüdlü X1 və 17 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün iddiaçıdan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Lakin bir uşağa görə 392 manat alimetin tutulması onun maddi vəziyyətinə uyğun gəlmir. Belə ki, iddiaçı ikinci dəfə ailə qurmuşdur. Eyni zamanda aylıq kredit öhdəlikləri də mövcuddur. Ona görə də aylıq 900 manat məbləğində gəlirlə hər ay 784 manat sabit məbləği ödəməkdə çətinlik çəkdiyini bildirmişdir.

İddiaçının tələbi:

5. 26 mart 2009-cu il təvəllüdlü X1 və 17 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün məndən Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

6. Cavabdehin iddia ərizəsinə yazılı etirazı daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında ***-**** manat arası gəlirinin olduğunu, 2-ci dəfə ailə qurduğunu və alimenti ödəməkdə çətinlik çəkdiyini, 246 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş etdiyini bildirmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh Şəfxan oğlu öz izahatında 2014-cü ildə ayrıldıqlarını o vaxtan indiyədək aylıq hər uşaq üçün 103 manat aliment ödədiyini, son 4 aydır aliment indeksasiya olduqdan sonra 500 manat ödədiyini bildirmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. AZ-İİ 312987 №-li doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 anası Cavabdeh Şəfxan qızı, atası İddiaçıdur.

10. AZ-İİ 835041 №-li doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 anası Cavabdeh Şəfxan qızı, atası İddiaçıdur.

11. Bakı 20 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00937 saylı İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış.

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1803/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, X7 ilə X3 arasında xx.xx.2016-cı il tarixdə 4315 nömrəli akt qeydi ilə 5 saylı Bakı "Asan xidmət" mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-362/2025 saylı qərardadına əsasən ərizə təmin edilmiş Cavabdeh Şəfxan qızının 26 mart 2009-cu il təvəllüdlü X5 və 17 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

14. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

16. xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:

3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:

8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13–16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

22. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

28. Mülki işin mübahisəsiz hallarından görünür ki, tərəflər xx.xx.2008-ci il tarixində ailənikah münasibətinə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-6266/2014 nömrəli qətnaməsi ilə nikaha xitam verilmişdir. Həmin qətnaməyə əsasən birgə nikahdan anadan olmuş 26 mart 2009-cu il təvəllüdlü X1 və 17 fevral 2012-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanmasına qərar verilmiş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün aylıq hər uşağa görə 103 manat məbləğində aliment müəyyən olunmuşdur. Sonradan alimentin miqdarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-362/2025 saylı qərardadı ilə indeksasiya edilərək 26 mart 2009-cu il təvəllüdlü X1 və 17 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün iddiaçıdan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment (təqribən hər uşaq üçün 392 manat) müəyyən olunmuşdur.

29. Hazırda iddiaçı, 26 mart 2009-cu il təvəllüdlü X1 və 17 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh isə 2014-cü ildə ayrıldıqlarını o vaxtan indiyədək aylıq hər uşaq üçün 103 manat aliment ödədiyini, son 4 aydır aliment indeksasiya olduqdan sonra 500 manat ödədiyini bildirmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.

30. Məhkəmə qeyd edir ki, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. (§24) Məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir. Ailə qanunvericiliyində qeyd edilən normanın mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə - aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər.

31. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda, habelə aliment ödəməli olan valideyni aliment ödəmək vəzifəsindən o, halda azad edə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.

32. Eyni zamanda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112cimaddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələləri nəzərə almalıdırlar. (§23)

33. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). (§24) “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün uşaqlar üzrə yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. (§22)

34. Məhkəmə hesab edir ki, iddiaçının iki uşaq üçün ödədiyi aliment məbləğinin indekasasiya olunması ilə hər ay hər uşaq üçün təqribən 400 manata, ümumilikdə 800 manata yaxın aliment ödəməli olması, onun gəliri (1300 manat) və ikinci dəfə ailə həyata qurması hallları nisbətində iddiaçının maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. İddiaçı 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin müəyyən olunmasını xahiş etsə də, məhkəmə uşaqların ən üsyün marağını nəzərə alaraq bu məbləğin hər ay hər uşaq üçün ölkə üzrə 2026-cı il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilməsini ədalətli və işin hallarına uyğun hesab edir.

35. Beləliklə məhkəmə hesba edir ki, iddia tələbi qismən təmin edilməli və 26 mart 2009-cu il təvəllüdlü X1 və 17 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-362/2025 saylı qərardadı ilə müəyyən edilmiş ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment miqdarı azaldılaraq hər ay hər uşaq üçün ölkə üzrə 2026-cı il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.

Məhkəmə xərcləri:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. 26 mart 2009-cu il təvəllüdlü X1 və 17 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)- 362/2025 saylı qərardadı ilə müəyyən edilmiş ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment miqdarı azaldılaraq hər ay hər uşaq üçün ölkə üzrə 2026-cı il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin.

3. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın.

4. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

5. İddia qalan hissədə təmin edilməsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar