Məhkəmə qərarları › İş №2(011)-877/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-877/2021

19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-877/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərlar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 700.000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X23 sahəsinin əməkdaşının səhlənkarlığı nəticəsində 3 övladı müxtəlif dərəcəli xəsarətlər almışdır. X3 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Bu xəstəlikdən oğlunun ömür boyu əziyyət çəkəcəyi və 1-ci qrup əlil olacağı bildirilmişdir. Övladının xəsarətinin nə qədər ağır olmasını onun aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini ondan başqa kimlərsə hiss edə bilməz. Həm də bu xəsarətin hansısa adi qaydada deyil, evdə bir göz qırpımında dəm qazından biri ağır dərəcəli olmaqla 3 körpə uşağının eyni zamanda xəsarətlər alması ömür boyu onun və uşaqlarının xatirində pis bir hadisə kimi qalacaqdır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı övladlarının ağır və az ağır xəsarətlər alması ilə bağlı ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X17 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etməyərək göstərdi ki, sözügedən hadisə ilə bağlı cinayət icraatı qaydasında araşdırılma aparılmış, təqsirli şəxs müəyyən edilmişdir, mülki məsuliyyət də, təqsirli şəxsə aid edilməlidir. Ona görə də, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 1(045)-30/2020 saylı, 06ş08ş2020-cı il tarixli hökmündən görünür ki, X22 ARDNŞ-nin “Cavabdeh” İB ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 83 nömrəli əmək müqaviləsinə və həmin müqaviləyə xx.xx.2016-cı il tarilxli, 2 saylı əlavəyə əsasən həmin birliyin X34 X6 rayonu üzrə xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi işə vicdansiz və laqeyd münasibət göstərib öz xidməti vəzifəsini yerinə yetirməyərək Goranboy şəhəri, Etibar Namazoğlu küçəsi, 42 a ünvanında yerləşən X14 və həmin küçənin 41 saylı ünvanında yerləşən X9ma məxsus fərdi yaşayış evlərini təbii qazla təmin edən polad qaz borularında “xxxx” QSC-nin xətt baxıcısı X20 tərəfindən xx.xx.2019-cu il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş qazsızmalarını təcili aradan qaldırılmasına dair kompyuter vasitəsilə verilmiş məlumatla tanış olmasına, həmçinin bu barədə “Cavabdeh” İB-nin Baş direktorunun satış və istismar üzrə müavinin xx.xx.2019-cu il tarixli məktubunun icrası X34 X6 rayonu üzrə xidmət sahəsinin rəis müavini X18 tərəfindən 233 saylı dərkənarla, xx.xx.2019-cu il tarixdə ona həvalə edilməsinə məhəl qoymayaraq, Gəncə X25 İdarəsinin rəisi tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş Vəzifə təlimatının “qaz xəttlərinin sxemlərini” bilməli olmasına dair 1.2-ci bəndinin, AR NK-nin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın tələblərinin pozaraq vəzifəli şəxs kimi hərəkətsizlik etmiş və öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərməyərək cinayətkarcasına etinasızlığa yol verməklə Amalya Mustafayevanın və İradə Qurbanovanın evlərinin yerüstü qaz xəttlərinin yeraltı keçidlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması istiqamətində heç bir lazımı tədbir görməyib səhlənkarlıq etməsi nəticəsində 01.12. 2019-cu il tarixdə saat 23 radələrində X5 evdə olmadığı vaxt xx.xx.2008-ci il təvəllüdlü oğlu Ümid Əhmədovun hamam otağının işığını yandırması zamanı kanalizasiya xəttinin baxış quyusundan 70 sm məsafədə keçən 25 mm-lik polad qaz borusunun üzərində karroziya nəticəsində yaranmış dəliklərdən sızan qazın kanalizasiya xəttinin germetik baxış quyusuna yığılaraq, yaranmış izafi təzyiqlə kanalizasiya xəttinə qoşulmuş kanalizasiya borusu vasitəsi ilə evin hamam otağına dolmuş qazın partlayışı baş vermiş, partlayış zamanı sonuncunun üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin İİ-İİİ dərəcəli yanığı, çox ağır dərrəcədə (bədən səthinin 65-70 faizini) yanıq şoku ilə müşaiyət olunan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, həmin vaxt evdə olan xx.xx.2010-cu il təvəllüdlü X10 yanıq şoku, qarının, ön yan bel və sifət nahiyəsinin İ-İİ dərəcəli termiki yanığı ilə müşaiyət olunan sağlamlığa az ağır zərər vurmaya aid olan, xx.xx.2017-ci il təvəllüdlü X2 nahiyəsinin İ-İİ dərəcəli və bədən nahiyəsinin termiki yanığı ilə müşaiyət olunan xəsarətlər yetirməklə cinayət əməlini törətmişdir. Goranboy rayon məhkəməsinin 1(045)-30/2020 saylı, xx.xx.2020-cı il tarixli hökmü ilə X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X15 iş üzrə zərərəçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərəçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində Ümid Kərimovun ondan üzr istədiyini, onlara maddi və mənəvi dəstək verərək, 10000 manat maddi ziyan ödədiyini, ona görə də Ümid Kərimovla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını göstərmiş və ona yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən X22 barəsində təyinolunancəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışaraq ondan şikayətçi olmamalarını, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədə müvafiq hesab etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla "Cavabdeh" X12 Regional Qaz X6 rayonu üzrə xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi vəifəsində işlədiyi zaman X16 vəzifəli şəxs olub öz işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhlənkarlıq etdiyinə görə xx.xx.2008-ci il təvəllüdlü X13 hamam otağının işığını yandırması zamanı partlayış həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, xx.xx.2010-cu il təvəllüdlü X1 az ağır zərər vurmaya aid olan, xx.xx.2017-ci il təvəllüdlü X2 nahiyəsinin İ-İİ dərəcəli və bədən nahiyəsinin termiki yanığı ilə müşaiyət olunan xəsarətləri nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməsi, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququnun yaranması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bununla yanaşı, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun mənəvi zərərin əvəzinin ödənilməsi barədə tövsiyyələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə İddiaçı xeyrinə 25.000 manat məbləğində kompensasiya tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar